“Bu məsələdə hakimiyyətin yanındayıq” – AMİP sədrindən SENSASİON AÇIQLAMA
Azərbaycanla Ermənistan arasında sülh danışıqları intensivləşdikcə qarşı tərəf bu prosesin pozulması üçün bəhanələr axtarır, əsasız ittihamlar irəli sürür. Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə təxribata əl atıb, Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Bu, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir.
Ermənistanın sülh danışıqlarını pozması istiqamətində atdığı addımların nə ilə nəticələnəcəyi ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə TNS-ə açıqlama verib.
Partiya sədri bildirib ki, Azərbaycan dövlətinin mövqeyi ortadadır: “Qarşı tərəfə 5 prinsip təklif olunub. Onlar bilavasitə beynəlxalq hüquqa söykənən prinsiplərdir. Beynəlxalq birlik də, Ermənistan tərəfi də Azərbaycanın təkliflərinin beynəlxalq hüquqa söykəndiyinin fərqindədirlər. Görünən odur ki, Ermənistan danışıqların uzanmasında, özlərinə sərf edən mövqenin önə çəkilməsində maraqlıdır. Xüsusilə də separatçı rejimə status verilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hazırkı Ermənistan hakimiyyəti hətta Azərbaycan dövlətinin daxilində separatçılara status verilməsini qəbul edir. Vətən müharibəsinə qədər hansısa statusun verilməsi ilə bağlı razılıq əldə oluna bilərdi. Amma hesab edirəm ki, hazırkı dönəmdə bu separatçı quruma heç bir status verilməmlidir. Qarabağda bir ovuc erməni yaşayır. Onun da fərqində olmaq lazımdır ki, ölkədə digər xalqların, azlıqların da nümayəndələri yaşayır. Azərbaycanda sayı ermənilərdən daha çox olan azlıqlar var. Azərbaycan unitar dövlətdir. Bu, Azərbaycanın dövlət fəlsəfəsinə uyğun gələn məsələ deyil”.
Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycan sona qədər öz mövqeyində qalmalıdır.
“Son 30 il ərzində bizə təkliflər var idi ki, işğal faktı ilə barışmaq, Qarabağa müstəqillik vermək lazımdır. Ancaq biz beynəlxalq hüquqa söykənərək öz mövqeyimizdə sona qədər israr etdik. Bu gün biz artıq qalib dövlətik. Məlumdur ki, Ermənistan Rusiyanın forpostudur. Rusiya regionda zəiflədikcə biz görürük ki, Ermənistanda mövqe dəyişiklikləri baş verir. Xüsusilə müharibədəki məğlubiyyətdən sonra erməni tərəfi anlamağa başlayıb ki, Qarabağdan, Azərbaycana ərazi iddialarından əl çəkmək lazımdır. Bunu Nikol Paşinyan da, eyni zamanda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da tez-tez vurğulayır. Ter-Petrosyan hələ bir il bundan əvvəl deyib ki, Ermənistanı düşdüyü çətin durumdan çıxarmaq üçün “böyük Ermənistan” xülyasından, Azərbaycan və Türkiyəyə ərazi iddilarından əl çəkmək lazımdır. Ermənistanın düşdüyü çətin vəziyyətdən çıxa bilməsi üçün kommunikasiya xətlərinin açılmasına çox ciddi ehtiyac var. Bu, daha çox Ermənistana lazımdır. Çünki Azərbaycanın alternativ variantları çoxdur. Amma Ermənistanın heç bir alternativ variantı yoxdur. Ermənistan əvvəl-axır Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək”, – partiya sədri vurğulayıb.
Arzuxan Əlizadə Rusiyanın zəifləməsi fonunda Qərb dünyasının iki dövlət arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik etməyə çalışdığını bildirib: “Avropa Birliyi Şarl Mişelin rəhbərliyi ilə iki dəfə görüş təşkil edib. Bundan başqa, Amerika Birləşmiş Ştatları da öz vasitəçiliyini təklif edir. Dünən ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə telefon zəngi onu deməyə əsas verir ki, artıq dünya Azərbaycanın mövqeyinin haqlı olduğunun fərqindədir. Son vaxtlar baş verən hadisələr onu göstərir ki, Azərbaycanın real gücü ilə, xüsusilə qardaş Türkiyənin regionda söz sahibinə çevrilməsi ilə barışıblar. Biz sülh sazişinin imzalanmasını, delimitasiya və demarkasiya işlərinin aparılmasını istəyirik”.
Partiya sədri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məsələsində sona qədər Azərbaycan hakimiyyətinin yanında olacaqlarını bildirib.
“Biz müharibəyə qədər olan dövrdə də öz əməlimizlə sübuta yetirmişik ki, Qarabağ məsələsində Azərbaycan dövlətinin yanındayıq. Hər zaman torpaqlarımızın işğaldan azad edilməsi üçün istənilən dəstəyi verməyə hazır olduğumuzu bildirmişik. Vətən müharibəsi başalayan gün ilk bəyanatı da biz vermişik. Sonra digər partiyalarla birlikdə bəyanata da qoşulduq. Partiyanın siyasi fəaliyyətini dondurmağa qədər gedərək istənilən dəstəyi verəcəyimizi bəyan etmişik. Bu gün o bəyanatımızın arxasındayıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan bu qeyri-ciddi hərəkətlərinə son qoymasa, sülh prosesinə mane olsa o zaman Azərbaycan, ilk növbədə, öz sərhədləri daxilində anti-terror əməliyyatına başlamalıdır. Hesab edirik k, Azərbaycan ərazisində bizim hüquq-mühafizə orqanlarına, Müdafiə Nazirliyimizə tabe olmayan bir nəfər belə əli silahlı qalmamalıdır. Qanunun gücü işə düşməlidir, separatçılar həmin ərazidən çıxarılmalı, həbs olunmalı, zərərsizləşdirilməlidir. Bizim mövqeyimiz odur ki, biz tarixi torpaqlarımıza qayıtmalıyıq. Bizim bir milyondan çox soydaşımız ötən əsrin əvvəllərindən başlayaraq, öz tarixi torpaqlarından deportasiya olunub. Onların geri qaytarılması istiqamətində də addımlar atılmalıdır. Necə ola bilər ki, erməni gəlib burda Azərbaycan ərazisində yaşasın, ancaq biz öz torpaqlarımıza qayıda bilməyək.
Sovetlər dönəmində heç bir hüquqa əsaslanmadan Azərbaycanın 20 min kvadratkilometr ərazisi qondarma Ermənistan dövlətinə bəxşiş edilib. Sovet hakimiyyətinin qəbul etdiyi həmin qərarların heç bir beynəlxalq hüquqi əsası yoxdur. Bu torpaqların Azərbaycana birləşdirilməsi ilə bağlı beynəlxalq müstəvidə hüquqi davaya başlanılmalıdır. 1918-ci ildə dövlətlər yarananda Azərbaycanın ərazisi 114 min kvadratkilometr olub. Ermənistanın ərazisi isə cəmi 9 min kvadratkilometr olubdur. Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində biz Milli İstiqlal Partiyası olaraq dövlətimizin yanındayıq və istənilən dəstəyi verməyə hazırıq”, – Arzuxan Əlizadə əlavə edib.