NIPA-30

Rusiyanın hazırkı elitası yalnız korrupsioner və oğrulardan ibarətdir

AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az əməkdaşı ilə söhbətində Ukraynadakı savaşla bağlı həmin ölkədə və təcavüzkar Rusiyada gözlənilən proseslərdən və s. bəhs edib.

-Etibar bəy, Rusiyanın Ukraynaya təcavüzundən sonra başlanmış son prosesləri, xüsusən Rusiya lideri Putinin Moskvada qəbul etdiyi məlum 9 may paradından sonrakı hərbi-siyasi durumu necə xarakterizə edərdiniz?

-Əslində Rusiyanın mayın 9-da paradı olmadı ki… O, başdan-ayağa ağlaşma idi(gülür)… Onlar hətta öz aviasiyalarını nümayiş etdirə bilmədilər. Ali Baş Komandanın təyyarəsi nasazdırsa, göyə qalxa bilmirsə, Rusiya dünyanı nə ilə qorxuda bilər? Artıq Rusiya bütövlükdə nasaz, idarə olunmayan və idarə oluna bilməyən bir dövlətə çevrilib. İndiyədək qonşularını və dünyanı hərbi qüvvələri, ordularıyla təhdid edirdilər. Ancaq Ukraynaya təcavüzdən sonra bəlli oldu ki, Kremlin hərbi qüvvəsi də gözlənilən, təsəvvür olunan səviyyədə deyil, ondan çox-çox aşağıdır. Və Rusiya ordusu uzunmüddətli hərbi qarşıdurmaya, müharibəyə hazır durumda deyil. Yəni bu, Rusiyanın sırf hərbi baxımdan da zəifliyini nümayiş etdirdi. İndi əllərində yalnız nüvə təhdidi məsələsi qalıb. Ancaq hamı bilir ki, bu addımı reallaşdırmaq bütün planeti məhvə aparmaq deməkdir. Buna Rusiyanın rəhbərliyi daxilində də, zənnimcə, heç kəs imkan verməz…

Yəni belə çıxır ki, Ukraynanın işğalçı Rusiya ordusunu öz torpaqlarından çıxarıb qəti qələbə əldə etmək şansı çoxalıb?

-Hələ bu proses müəyyən qədər vaxt alacaq. Ancaq prosesin indiki dönəmində artıq Rusiya məğlub tərəf kimi görünür. Ukrayna xalqı bu müharibədə bir millət kimi sanki yenidən formalaşdı, həm dövlətinin güclənməsinə nail oldu, həm də bir xalq kimi mənəvi cəhətdən üstünlük əldə etdi. Bütün dünya da Ukraynanın tərəfində dayandı. Və bundan sonrakı mərhələdə artıq sırf hərbi-texniki məsələlər qalır; Rusiya qoşunlarının ölkə ərazilərindən çıxarılması prosesini yekunlaşdırmaq… Hələlik isə Azov və Qara dəniz sahillərini möhkəmləndirib qorumaq məsələsi, vəzifəsi ön plandadır. Rusiya çalışır ki, Ukraynanı bir dövlət olaraq dənizlərdən ayırsın və təcrid olunmuş bir duruma salsın. İndi əsas mübarizə bu sahədə gedəcək…

-Sizcə, Ukrayna torpaqlarını ədalətsiz və amansız formada işğal etməsindən sonra Qərbin, ABŞ-ın sərt sanksiyalarına məruz qalmış, siyasi və iqtisadi böhran içində olan Rusiyada yaxın illər ərzində başqa hakimiyyət qurula biləcəkmi?

-Rusiyada yaxın illərdə demokratik bir iqtidar formalaşacağına inanmıram hələ… Çünki hələ xalqın özü buna hazır olub həmin istiqamətdə formalaşmalıdır. Təəssüf ki, Rusiya xalqının buna hazır olması görünmür. Elita da belə bir dəyişikliyə hazır olmalıdır. Fəqət, bu ölkənin hazırkı elitası yalnız korrupsioner və oğrulardan ibarətdir. Odur ki, hələ yeni elitanın formalaşmasına da ehtiyac var. Amma hazırkı durumda Rusiyada böhranın getdikcə dərinləşəcəyi görünür. Yəni hərbi-siyasi böhrandan sonra daxili siyasi böhran başlamalıdır…

-Etibar bəy, belə anlaşılır ki, Putin yaxın müddətdə hakimiyyətdən getsə də, hələ Rusiya rəhbərliyini yenə də elə onu vaxtı ilə hakimiyyətə gətirmiş “FSB”-oliqarxiya birliyi formalaşdıracaq…

-Bilirsiz, hələ hakimiyyətdə olanın getməsiylə məsələ həll olunmur. Həmin hakimiyyəti əldə edib sonra da normal şəkildə idarə etməyə hazır yeni qüvvələr formalaşmalıdır. Ancaq təəssüf ki, Rusiyada həmin yeni qüvvələr hələ də görünmür. Görünən hissəsi indiki elitanın daxilindədir. Onların isə Rusiyadakı hakimiyyətin xarakterini dəyişməyə nə dərəcədə qabil olduqları hələ məlum deyil…

Millet.az