Azərbaycan Milli İstiqlal Partiyasının siyasi islahatlarla bağlı təklifləri
Köklü islahatlarla dəyişikliklərə doğru
Biz Azərbaycanda inkişaf etmiş demokratik siyasi sistemin, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşması, müasir mədəniyyətin tələblərinə cavab verən cəmiyyətlər sırasına çıxması, beynəlxalq aləmdə rəğbət qazanmış ölkəyə çevrilməsi, milli təhlükəsiszliyimiz üçün xarici və daxili təhdidlərin zərərsizləşdirilməsi, o cümlədən Emənistanın silahlı təcavüzü nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz köklü sosial-iqtisadi və siyasi islahatların aparılması yolu ilə dəyişiklikləri vacib sayaraq bütün mütərəqqi qüvvələri bu islahatların qəbul edilməsi və reallaşması yolu ilə dəyişikliklər uğrunda ciddi səylər göstərməyə çağırırıq.
Hesab edirik ki, cəmiyyətdə siyasi konfrontasiya münasibətlərindən imtina edilməli, ölkədə islahatlar naminə milli birlik mühiti yaradılmalıdır. Bu məqsədlə aşağıda sadalanan məsələlərin həllini vacib hesab edirik:
1.Demokratik islahatlar kursunu dəstəkləmək və islahatlara ictimai etimad yaratmaq məqsədi ilə rəsmi KİV-lərdə və ilk növbədə televiziya kanallarında geniş, şəffaf diskussiyaların başladıllması, cəmiyyətin bütün təbəqələrinin informasiya yaymaq və almaq hüququnun bərabərlik prinsipi əsas götürülməklə təmin edilməsi, müxalifətin televiziya efir məkanına normal çıxışını təmin etmək üçün xüsusi televiziyanın yaradılması və ya İctimai Televiziyadan bu məqsədlə istifadə edilməsi;
2. Konstitusion hüquqlardan istifadəni təmin etmək və asanlaşdırmaq üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən “Sərbəst toplaşma azadlığı haqqında” qanunda kütləvi aksiyaların keçirilməsi məhdudlaşdırılan və xüsusi olaraq göstərilən yerlər istisna olmaqla digər yerlərdə kütləvi aksiyaların yalnız xəbərdar edilmə prinsipi ilə həyata keçirilməsi praktikasının tətbiqi;
3. QHT-lərin qeydiyyat məsələlərinin sadələşdirilməsi, onlara geniş fəaliyyət azadlığı verilməsi, xaricdən qrant alınması imkanlarının təmin edilməsi;
4. Çoxpartiyalı siyasi sistemin inkişaf etdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi. Qanunvericilikdə siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi üçün dövlətin üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində əməli addımlar atılması, o cümlədən, siyasi partiyaların mərkəzi və yerli orqanları üçün ofislərin ayrılması məsələsinin həll edilməsi, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi probleminin təkmilləşdirilməsi və bu sahədə ədalətliliyin təmin edilməsi. Milli Məclisin sədr müavinlərindən biri və komitələrin beşdə birinin sədrlərinin Parlamentdə təmsil olunan müxalifət partiyalarının təmsilçilərindən seçilməsi. Milli Məclisin Əsasnaməsində Millət vəkillərinin fraksiya yaratması üçün tələb olunan 25 nəfər tələbinin 9 nəfərə endirilməsi. Siyasi partiyaların qeydiyyatının sadələşdirilməsi və bu sahədə mövcud süründürməçilik faktlarının aradan qaldırılması;
5. İnsanların mülkiyyət hüququnun qorunmasının dövlət tərəfindən birmənalı təmin edilməsi;
6. Tanınmış milli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu və siyasi məhbus sayılan şəxslərin azad edilməsi;
Azərbaycan Milli İstiqlal Partiyası hesab edir ki, ölkədə bütün ictimai-siyasi proseslər və islahatlar kursunun taleyi üçün Qarabağ məsələsinin həyati təsirini nəzərə alaraq hakimiyyət, siyasi müxalifət, vətəndaş cəmiyyəti, işğal olunmuş ərazilərdən qaçqın düşmüş əhalinin nümayəndələri, tanınmış ziyalılar, Qarabağ müharibəsi veteranlarının və digər zəruri hesab olunan şəxslərin iştirakı ilə məsləhətləşmələrin aparılması (məsələn, Qarabağ Qurultayının keçirilməsi formasında) və bu məsələdə ümummilli mövqe nümayiş etdirilməsi ölkədə islahatlar üçün əlverişli ictimai mühitin formalaşması üçün zəruri faydalı addımlar olardı.
Azərbaycan Milli İstiqlal Partiyası köklü islahatların cəmiyyətdə gərginlik, xaos, sarsıntılarsız olaraq reallaşdırılması, Azərbaycana dost olmayan xarici dövlət və dairələrin, habelə daxili antiislahatçı mürtəce və ekstremist qüvvələrin sabotaj və təxribatlarının qarşısının alınması, islahatlara geniş ictimai dəstəyin təmin edilməsi üçün geniş formatlı dialoqun başladılmasını və bunun təşkilati forması kimi hakimiyyətlə ictimaiyyət arasında əlaqələndirici geniş formatlı qurumun – real siyasi müxalifət, vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları, gənclik hərəkatlarının nümayəndələri və mütəxəssislərin təmsil olunduğu Prezident yanında İctimai İslahatlar Şurasının yaradılmasını məqsədəuyğun sayırlar.
Azərbaycan Milli İstiqlal Partiyası sosial-iqtisadi, hüquqi və siyasi islahatlar sahəsində bütün təşəbbüslərin müzakirəsinə açıq olduqlarını bildirərək, eyni zamanda aşağıdakı təklifləri irəli sürürlər:
1. Konstitusiya islahatları sahəsində:
– Ali qanunverici hakimiyyət və yerli özünüidarə orqanlarının qarışıq (majoritar -50% və proporsional – 50%;) seçki sistemi əsasında formalaşdırılması qaydasının tətbiqi. Milli Məclisin say tərkibinin genişləndiirilməsi məsələsinə baxılması;
– Qanunvericilikdə iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa seçilməsi qaydasının təsbit olunması;
– Hakimiyyətin bölünməsi prinsipinə real məzmun verilməsi üçün məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, Milli Məclisin səlahiyyətlərinin genişləndirilməsi məsələsinə baxılması;
– Müstəqil məhkəmə sisteminin formalaşdırılması üçün hakimlər korpusunun seçilməsi və fəaliyyət prinsipləri ilə bağlı qanunvericilikdə müvafiq dəyişiklər edilməsi;
-Təhlükəsizlik sektoru üzərində parlament nəzarətinin təmin edilməsi məqsədi ilə müvafiq hakimiyyət strukturlarının Milli Məclisə hesabatlılığı qaydasının təsbit edilməsi;
– Prezident respublikasından parlament respublikasına keçid haqda geniş ictimai diskussiyalar aparılması və yuxarıda sadalanan məsələlər barədə Ümumxalq səsverməsi-Referendum keçirilməsi məsələsinə baxılması.
2. Seçki qanunvericiliyi sahəsində:
-Seçki Məcəlləsinin demokratikləşdirilməsi məqsədilə Məcəllədə vətəndaş cəmiyyəti təşkilatlarının, siyasi müxalifətin və beynəlxalq təşkilatların təklif və tövsiyələrini nəzərə alan dəyişikliklərin edilməsi;
– Qeydiyyatdan keçmiş siyasi partiyaların bütün seçkili orqanlarda irəli sürdükləri namizədlərin qeydiyyat üçün tələb olunan sənədlərlə bağlı prosedurun sadələşdirilməsi.
3. Korrupsiyaya qarşı mübarizə sahəsində:
-Korrupsiyaya qarşı Dövlət komissiyasının tərkibinin müxalif siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları, gənclik hərəkatlarının nümayəndələri və mütəxəssislərdən formalaşdırılması prinsipi ilə yenidən təşkil edilməsi;
-Məmurların və onların yaxın qohumlarının əmlaklarının, kapitalının və gəlirlərinin bəyan edilməsi haqqında qanunvericilik tələbinin təxirəsalınmadan tətbiqi;
– İctimai vəsaitlər (neft pulu, büdcə, beynəlxalq kreditlər) hesabına reallaşdırılan layihələrin monitorinqinin aparılması;
– Parlament üzvlərinin və digər vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edən qanunvericilik tələbinin icrasının qeyd şərtsiz təmin edilməsi;
-Azərbaycandan xaricə qanunsuz yollarla çıxarılmış vəsaitlərin ölkəyə qaytarılması üçün xüsusi proqramın hazırlanması və icrası.
4.Sosial-iqtisadi sahədə:
– Sosial dövlət konsepsiyasının hazırlanması və həyata keçirilməsi;
-əmək haqqı və pensiyaların həcminin 10 (on) il ərzində orta Avropa ölkələri səviyyəsinə çatdırılmasının təmin edilməsi;
– bütün vətəndaşlar və ölkədə daimi yaşayan digər şəxslər üçün məcburi tibbi sığortanın tətbiqi haqqında mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi və icrası;
-Leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına tam təminat verilməsi;
– İqtisadi fəaliyyət azadlığı və biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülməsi, orta və xırda biznes üzrə ombudsman institutunun yaradılması;
-Neft gəlirlərindən hər bir vətəndaşa birbaşa pay verilməsinin təmin edilməsi. (Təklif: Neft gəlirlərindən şəffaf, ədalətli və səmərəli istifadə olunur. Neft Fondunun Müşahidə Şurasının tərkibi dəyişir. Ora tanınmış insanlar, müxaif siyasi partiyların, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri daxil edilir.)
– Ana və uşaqların sosial (pensiya, müavinət və s.) imtiyazlarının bərpa edilməsi və artıtılması;
– Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil sisteminin ləğv edilməsi məsələsinə baxılması. Ödənişli təhsil sistemi saxlandığı müddətdə təhsil haqlarının artırılmasına yol verilməməsi. Dövlət ali məktəbləri üçün tələbə şəhərçikləri və yataqxana komlekslərinin mövcudluğunun zəruriliyi, bu tələblərə cavab verməyən müəssisələrə problemi həll etmək üçün 3 il vaxt və güzəştli kreditlərin verilməsi. Azərbaycan Milli İstiqlal Partiyası hesab edir ki, islahatların ləngidilməsi həlli tələb edilən mövcud problemlərin mürəkkəbləşməsinə, yeni-yeni problemlərin yaranmasına gətirib çıxaracaqdır. Bu səbəbdən də ölkənin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsi, mütərəqqi dəyişikliklərin baş tutması üçün təxirəsalınmaz siyasi islahatlar və ilk növbədə azad, ədalətli seçkilər əsasında yeni parlamentin formalaşdırılması və bu məqsədlə yuxarıda göstərilən zəruri Konstitusiya dəyişikliklərini həyata keçirmək zərurətə çevrilmişdir.