NIPA-30

Paşinyanın Putinə beşinci zəngi – Baş nazir “nədə ilişib”…

Afsəddin Nəbiyev: “Paşinyanın Putinə etdiyi ard-arda zənglər…”

Sentyabrın 27-də Qarabağda döyüş əməliyyatları başlayandan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan dayanmadan dünya dövlətlərinin rəhbərlərinə zəng vurur. Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatları fonunda, Paşinyan, bir növ, aparıcı dövlətlərin başçılarına yalvarır. Bu kontekstdə Paşinyanın ən çox zəng etdiyi dövlət başçısı Rusiya Prezidenti Vladimir Putin olub.

Ötən bir həftə ərzində Paşinyan 5 dəfə Putinə zəng edib. Hər dəfə də Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı istəklərini dilə gətirib. Elə olub ki, bir neçə dəfə Putin Paşinyanın zənglərini açmayıb, amma buna baxmayaraq, Nikol erməniyə xas olan həyasızlıqla ard-arda zənglər edir. Sonuncu telefon danışığında Rusiya Prezidenti Vladimir Putin Qarabağda hərbi əməliyyatların dayandırılmasına ehtiyac olduğunu vurğulayıb. Bundan əvvəl də Rusiya Prezidenti döyüşlər barədə bənzər ümumi fikirlər səsləndirib. Ancaq buna baxmayaraq, Paşinyanın Putinə etdiyi telefon zəngləri azalmır.

Maraqlıdır, Paşinyan Putindən nə istəyir və nəyi ala bilmir? Tərəflər nədə anlaşa bilmirlər?

“O, düşdüyü ağır durumdan çıxış yolunu bu dövlətləri müharibəyə cəlb etməkdə görür”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədrinin müavini Afsəddin Nəbiyev bununla bağlı bir sıra məqamlara toxundu: “İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə tez-tez zəng etdiyini göstərən görüntülər Ermənistan hakimiyyətinin düşdüyü ağır vəziyyətin göstəricisidir. Baş nazir N.Paşinyan isterik vəziyyətdə olduğunu bir neçə gün öncə erməni xalqına müraciətində də açıq-aydın büruzə verdi. O bu dəfə də çıxışında avantüraya yer verərək, gah Türkiyəni, gah da Azərbaycanı ittiham etməkdən çəkinmir. Guya Azərbaycanın məqsədi torpaqları işğaldan azad etmək deyil, erməniləri soyqırıma məruz qoymaqdır. Belə həyasız uydurma ilə çıxış edən erməni hökumət rəhbəri isterik vəziyyətdə nə edəcəyini, nə danışacağını hesablaya bilmir. Yeganə vasitə olaraq Rusiya və Fransa dövlətinin rəhhbərlərindən imdad diləyir. Paşinyan düşdüyü ağır durumdan çıxış yolunu bu dövlətləri müharibəyə cəlb etməkdə görür. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan işğal olunmuş torpaqlarımızın azad etmək, suverenliyimizi təmin etmək üçün Vətən müharibəsi aparır. Azərbaycan Ordusu şanlı tarıx yazaraq, tarixi ədaləti bərpa edərək, canımız qədər sevdiyimiz işğalda olan torpaqlarımızı bir-birinin ardınca azad edir. Bu prosesin qələbə ilə başa çatacağına zərrə qədər şübhəmiz yoxdur. Paşinyana ora-bura zəng vurmaqdansa, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin bu günlərdə bəyan etdiyi şərtlərə əməl etməsini tövsiyə edərdim. Ermənistan işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarsa, bu hadisə Ermənistan hakimiyyətinin və erməni xalqının ən böyük nailiyyəti olacaq. Bunu etməsələr, Paşinyan özünə arxa, dayaq axtarmaq üçün telefon dəstəyindən hələ çox asılı qalacaq”.

Sədr müavini hesab edir ki, Paşinyan bununla həm də Rusiyadan nicat diləyir.

Vidadi ORDAHALLI

BAKI-XƏBƏR