NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

“Yeni təhlükəsizlik formatı xarici sərmayədarlara verilmiş yüksək zəmanətdir”

Son günlər radikal müxalifət təmsilçiləri intensiv olaraq internet televiziyalar üzərindən belə rəy yaratmağa çalışırlar ki, guya xarici sərmayədarlar işğaldan azad edilmiş ərazilərə investisiya yatırmayacaqlar. Daha konkret desək, sözügedən ərazilərə sərmayə yatırmaqdan çəkinəcəklər.

Radikallar bunu onunla əsaslandırırlar ki, bəs 10 noyabr razılaşması sülh sazişi deyil. İddia edirlər ki, sülh sazişi yoxdursa, o zaman xarici sərmayədarların azad olunan ərazilərə investisiya qoymalarını gözləmək sadəlövhlük olar. Hesab edirlər ki, 10 noyabr razılaşması investisiyalara zəmanət vermək gücündə deyil.

Əgər doğrudan da radikalların iddia etdiyi kimi olsaydı, o zaman son bir neçə ayda bir sıra ölkələr azad edilən ərazilərin bərpasında iştirak etmək niyyətində olduqlarını bəyan etməzdilər. Hansı ki, həmin ölkələrin içində Avropanın bir çox inkişaf etmiş ölkəsi yer alıb. Ən yüksək səviyyədə bəyan ediblər ki, bərpa və inkişaf dövründə onların şirkətləri iştirak edəcəklər. Üstəlik, böyük dövlətlər də regionda sabitlikdə, kommunikasiya xətlərinin açılmasında, yeni enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində maraqlıdırlar.

Bütün bunların fonunda, radikalların arqumentləri nə dərəcədə əsaslı sayıla bilər?Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev radikal düşərgənin ortaya atdığı arqumentlərlə razılaşmadı. O hesab edir ki, bu deyilənlərin tutarlı əsası yoxdur: “Nədənsə, bəzi qüvvələr 10 noyabr bəyanatının 9-cu bəndini görməzliyə vuraraq,  Qarabağa qoyulacaq investisiya layihələrini şübhə altına salmağa çalışırlar. Məhz 9-cu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Göründüyü kimi, bu, sülh sazişi olmasa belə, Ermənistan öz üzərinə öhdəlik götürüb. Ən başlıcası, Rusiya dövləti bu öhdəliyin təhlükəsiz həyata keçirilməsinə birbaşa cavabdehlik daşıyır. Yəni heç vaxt dövlətlər arasında bağlanan hər hansı bir andlaşmada təkcə bir dövlət öz üzərinə öhdəlik götürmür. Belə ki, bəyanatdan sonrakı dövrdə iqtisadi əlaqələrin bərpası üçün keçirilən üçtərəfli görüşlərin müsbət işartıları görünməkdədir. O ki qaldı bölgəyə xarici investisiyaların cəlb olunmasına, düşünürəm ki, xarici sərmayədarlar işğaldan azad olunmuş torpaqlarımızda çox uğurlu fəaliyyət göstərəcəklər. Ortada böyük dövlətlərin maraqları var. Yeni təhlükəsizlik formatı xarici sərmayədarlara verilmiş yüksək zəmanətdir. Birincisi, Azərbaycan bölgədə sabitliyin və əmin-amanlığın təmin olunmasında yüksək səviyyədə bacarıq nümayiş etdirir. İkincisi, məhz Azərbaycan vasitəsilə Avropa dövlətlərinin enerji təminatı təhlükəsiz həyata keçirilir. Üçüncüsü, hazırda xarici sərmayədarlar və dövlətlər özləri bu quruculuq işlərində iştirak etmək üçün Azərbaycan dövlətinə müraciətlər edirlər. Bu isə onun göstəricisidir ki, Azərbaycan indiyədək hər hansı bir anlaşmanı yarımçıq qoymayıb. Öz üzərinə götürdüyü bütün öhdəlikləri uğurla həyata keçirib. Radikalların düşüncəsinə görə, sülh müqaviləsi yoxdursa, biz məcburi köçkünlərin öz yurdlarında məskunlaşmasını həyata keçirməməliyik? Bu nə məntiqdir? Biz erməni vandallarının darmadağın etdiyi yurdlarımızı bərpa edəcəyik. Hətta xaricdən sərmayəci olmasa belə”.

Sədr müavini onu da qeyd etdi ki, xarici şirkətlər azad olunan ərazilərin potensialının fərqindədirlər. (Bakı-Xəbər)

Azinforum.az