NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

“ABŞ səfirinin çağırışı tərəflər arasında gərginliyin davam etdirilməsinə xidmət edir” – Afsəddin Nəbiyev

Birləşmiş Ştatların ATƏT-dəki işlər müvəkkili Kortni Ostrian ATƏT-in Xüsusi Daimi Şurasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu forumda etdiyi çıxışa münasibət bildirib.

Qəribədir ki, K.Ostrian artıq tarix olmuş substantiv danışıqların bərpasından danışıb. Ostrianın sözlərinə görə, son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verənlər göstərir ki, yalnız bütün məsələləri əhatə edən hərtərəfli razılaşma Ermənistan və Azərbaycan arasında barışığa və münasibətlərin normallaşmasına, iki ölkənin xalqlarının birgə dinc yanaşı yaşamasına yol aça bilər: “Biz Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə mümkün qədər tez təmaslara başlamağa, onların təkliflərini nəzərdən keçirməyə və onlarla birlikdə hər iki tərəfin prioritetlərini əks etdirən strukturlu gündəlik barədə razılığa gəlməyə çağırırıq”.

ABŞ səfiri deyib ki, Birləşmiş Ştatlar tərəfləri əsirlərin və saxlananların qaytarılması ilə atəşkəsin möhkəmləndirilməsinə, münaqişə regionlarının minalardan effektiv təmizlənməsi üçün zəruri olan informasiyanın mübadiləsinə, beynəlxalq humanitar təşkilatlara Dağlıq Qarabağa giriş verilməsinə çağırır.

Eyni zamanda, qeyd edib ki, mübahisəli ərazilərdə hərbi hərəkətlər lüzumsuz təxribatlara səbəb ola bilər: “Biz Azərbaycanı özünün bütün qüvvələrini geri çəkməyə və hər iki tərəfi dərhal ortaq beynəlxalq sərhədin demarkasiyası üçün danışıqlara başlamağa çağırırıq”.

Daha sonra deyib ki, Minsk Qrupu həmsədrlərinə və xüsusi nümayəndəyə region boyunca maneəsiz hərəkət imkanının verilməsi gərginliyin azaldılmasına və gələcək zorakılıqların qarşısının alınmasına kömək edərdi: “Biz tərəfləri heç bir ön şərt qoymadan və mümkün qədər tez Minsk Qrupu həmsədrlərinin egidası altında yüksək səviyyədə substantiv danışıqlara qayıtmağa çağırırıq”.

Bütün hallarda, ABŞ səfirinin bu cür ədalətsiz yanaşması nə deməkdir? Xüsusən də substantiv danışıqlarla bağlı işlətdiyi fikrin heç bir əsası yoxdur. Çünki sözügedən proses gedib və belə bir danışıqlar formatına, ümumiyyətlə, ehtiyac yoxdur.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “Son günlər bir çox dövlət, o cümlədən, ABŞ, Fransa Cənubi Qafqazda sülhün və təhlükəsizliyin deyil, öz dövlətlərinin maraqları üçün  bölgəmizdə yaranan yeni təhlükəsizlik formatına   əngəllər yaratmağa çalışırlar. Bu cəhdlər açıq-aydın görünür. Əgər bir halda Azərbaycanın və Ermənistanın   beynəlxalq hüquq tərəfindən tanınan əraziləri dünya birliyi tərəfindən qəbul olunubsa, onda hansı sərhədlərdən söhbət gedə bilər? Sərhədlərimizin delimitasiyası və demarkasiya olunması beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirilir. O üzdən, buna heç kimin şübhəsi ola bilməz. Birləşmiş Ştatların səfiri Kotni Ostrianın ATƏT-in Minsk Qrupunun çərçivəsində danışıqları bərpa etməyə çağırışı tərəflər arasındakı qarşılıqlı nizamlanmaya deyil, gərginliyin uzun müddətə davam etdirilməsinə xidmət edir. Axı 44 günlük müharibənin nəticələri yeni reallıqlar yaratdı. Bu, bütün dünyaya bəyan olundu. Hətta deyərdim ermənilərin özləri də bu reallıqları etiraf etməyə başlayıblar. 10 noyabr bəyanatı status-kvonu tarixin arxivinə atıb. Bunu da ATƏT-i diriltmək istəyənlər dərk etməmiş deyillər”.

A.Nəbiyev qeyd etdi ki, ATƏT-in hər hansı bir formada fəaliyyəti yenidən nəzərə alınacaqsa, o zaman Türkiyə dövləti o dördlükdə təmsil olunmalıdır: “Qaldı ki, substantiv danışıqlara, axı bu termin də hər iki tərəf üçün arxada qalıb və öz əhəmiyyətini itirib. Substantiv danışıqlar Azərbaycanın torpaqları işğal altında olanda ortaya atılıb. Torpaqlar işğaldan azad edilib və artıq münaqişə yoxdur. Mübahisələr ola bilər. O da təbiidir. Sərhədlərin delimitasiyası və demarkasiyası vaxtı mübahisəli məsələlər dünya ölkələrinin əksəriyyətində var. Bu məsələ birgə yaradılan komissiyaların işi olmalıdır. Bu proses bir az gərgin olsa da, yaxın gələcəkdə öz müsbət nəticələrini verəcək”.

Sədr müavininin fikrincə, yaxşı olar ki, bu prosesə təkan vermək əvəzinə, bəzi dövlətlər buna mane olmasınlar.

Azinforum.az