NIPA-30

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşula bilər, bəs Azərbaycan…

Elşən Mustafayev: “Kiminsə qarşısına çıxmaq üçün arxandan vurulmayacağına əmin olmalısan…”

Qardaş Türkiyə Ukraynada müharibənin dayandırılması üçün diplomatik həmlələrini davam etdirir. Əfsus ki, müharibə getdikcə səngimək əvəzinə daha geniş miqyas alır. Bu arada Türkiyənin baş diplomatı, yəni xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər Rusiyaya qarşı BMT səviyyəsində sanksiya qərarı verilsə, Türkiyə bu sanksiyalara qoşulacaq.

Belə olan halda son illərdə ən yüksək səviyyəyə çatan Ankara-Moskva münasibətlərinin aqibəti necə olacaq? Qardaş ölkə bu qərarı versə, Azərbaycan nə etməlidir? Biz də sanksiyalara qoşulmalıyıqmı? Qoşulmasaq, bizim üçün hansı nəticələr olar?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Türkiyə üçün bir təhlükənin olduğunu qabartdı: “Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ilk günlərindən sanksiyalar məsələsi ciddi müzakirə və hətta mübahisə predmeti idi. Avropa İttifaqı dövlətlərinin əksəriyyəti, xüsusilə Almaniya öldürücü sanksiyaları tətbiq etməkdən yayınmağa cəhdlər edirdi. Rusiyadan enerji asılılığını əsas götürərək qaz alınmasından imtina edilməməsini haradasa anlamaq olardı. Amma SWIFT sistemindən çıxarılmasına müqavimətin göstərilməsi Avropa İttifaqının özünün iqtisadi maraqlarına zidd olacaq sanksiyalara getmək istəməməsini göstərirdi. Doğrudur, sonradan ABŞ-ın müdaxiləsi ilə müqavimət aradan qaldırıldı, amma hələ də bu sanksiyalar üzərindən Rusiya ilə gizli iqtisadi əlaqələr saxlayan dövlətlərin olduğunu bildirirlər. Bu proseslər gedən vaxtı paralel olaraq Türkiyəyə də Rusiyaya qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etməsi təklif olunurdu. İqtisadi sanksiyalardan əlavə Türkiyədə olan S 400-ləri Ukraynaya vermək kimi absurd müraciətlər var idi. Halbuki, özləri Zelenskinin təkidli xahişlərinə baxmayaraq hava hücumundan müdafiə sistemlərini, hərbi təyyarələri verməkdən imtina edirdilər.

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır” - Politoloq Elşən Mustafayev

 Elşən Mustafayev

Hazırda sanksiyalarla bağlı vəziyyət əvvəlki vaxtlardan fərqli olaraq daha ciddi mərtəbədədir və bunun Rusiyanı çökdürəcəyi şübhəsizdir. Amma yenə də ölkələrin bir-birlərinə qarşı ikili standartlardan yanaşması təhlükəsi qalmaqdadır. Türkiyə elə vəziyyətdədir ki, bu situasiyada Ukraynanın maraqlarını müdafiə etməklə yanaşı, özünün iqtisadi və hərbi cəhətdən təhlükəsisliyini də təmin etməlidir. Çünki onsuz da son illər bəzi Qərb dövlətləri Türkiyə əleyhinə kampaniya aparmaqla məşğul olub. Yəni kiminsə qarşısına çıxmaq üçün arxandan vurulmayacağına əmin olmalısan. Türkiyə üçün isə bu təhlükə var. O səbəbdən Çavuşoğlunun sanksiyalarla bağlı söylədiyi fikri hazırkı durum üçün doğru hesab edirəm. Əslində bu Türkiyə dövlətinin Çavuşoğlunun dilindən səsləndirilən rəsmi mövqeyidir”.

Ekspertin bundan sonrakı fikirləri diqqətləri daha çox çəkir: “Bildiyim qədər BMT-nin belə bir qərarının qüvvəyə minməsi üçün Rusiya xaric, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hamısı buna səs verməlidirlər ki, hazırda Çinin bu qərarı dəstəkləyəcəyi inandırıcı deyil. Türkiyə Rusiya ilə iqtisadi və hərbi sahələrdə xeyli müddətdir ki, əməkdaşlıq etsə də, Ukrayna məsələsində həmişə rəsmi Kiyevi dəstəkləyib. Putin üçün çox həssas olan Krımı Ukrayna ərazisi kimi qəbul etdiyini davamlı şəkildə deyir və hər dəfə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hazırda müharibə gedişində də Ukraynaya müxtəlif sahələrdə əlindən gələn köməyi edir. Hamıya məlumdur ki, Türkiyə müharibə başlayandan sonra Ukraynaya yeni ”Bayraktarlar” da göndərib, onların raketlərini də. Yəni bütün bunlara rəğmən Rusiya hələ də kəskin reaksiya vermir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırda mövcud olan iqtisadi əlaqələrdən daha çox Türkiyə qazanır, nəinki Rusiya. Yəni sabah Türkiyə Rusiyaya sanksiyalar tətbiq etsə, əslində bu sanksiyaları Türkiyənin özü-özünə etdiyi ortaya çıxar və Rusiya iqtisadiyyatına hər hansı ciddi zərbə dəyməyəcək. Çünki Qərbdən fərqli olaraq Türkiyə Rusiyaya yüksək texnologiyalar satmır, özünün maliyyə institutlarının orada sərmayəsı demək olar ki, yoxdur və s. Amma il ərzində milyonlarla turist qəbul edir. Yüz min tonlarla kənd təsərrüfatı malları ixrac edir. Türkiyədə məlum təyyarə qəzasından sonra iki dövlətin arasında yaranmış soyuqluqdan dolayı Rusiyanın tətbiq etdiyi sanksiyalardan kimin daha çox əziyyət çəkdiyini görmək bəs edir. Yox əgər BMT Təhlükəsizlik Şurası belə bir qərar verərsə, əminəm ki, qarşılaşacağı bütün problemlərə baxmayaraq Türkiyə bu qərara əməl edib sanksiyalara qoşulacaq və bundan sonra hər hansı əlaqələrdən danışmağa dəyməz”.

Müsahibimiz Azərbaycan kontenksində məsələni bu cür şərh etdi: “Eyni məsələni Azərbaycanla əlaqələndirsək burada nə görərik? İki ölkə arasında iqtisadi münasibətlərə baxanda burada da Azərbaycan daha çox xeyir götürür və əlavə olaraq təxmini rəqəmlərə görə milyondan artıq işçi miqrantlarımız Rusiyadadır. Təhlükəli tərəfi isə Rusiyanın Qarabağda sülhməramlı statusunda olmasıdır ki, biz əlaqələrimizi kəsəcəyimiz və sanksiyalara qoşulacağımız halda orada vəziyyətin necə olacağı bilinmir. Ümumiyyətlə, Azərbaycanın və demək olar ki, Türkiyənin Rusiya ilə əlaqələrində Rusiyanın iqtisadi və hərbi gücünü artıracaq heç bir sahə yoxdur. O səbəbdən inanmıram ki, bizə sanksiyalara qoşulmadığımıza görə sanksiya tətbiq etsinlər. Yox əgər bizə qarşı qərəz olarsa, bu faktdan bəhanə kimi istifadə edə bilərlər. Amma belə gedişatın olacağına inamım azdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”