NIPA-30

“Bu oyunda kim uduzdu, kim uddu…” – Ukrayna müharibəsindən 2 ay ötdü

Rusiyanın Donbası tam şəkildə ələ keçirmək üçün başlatdığı əməliyyatdan 4 gün, ümumən Ukrayna müharibəsindən 2 aya yaxın vaxt ötür. Donbasda müharibənin taleyini həll edəcək əməliyyatın ilk günlərinin yekunu nə deyir? Moskvanın iddia etdiyi kimi, “hər şey plan üzrə” gedirmi? 2 aylıq müddət hansı qənaətləri ortaya çıxardı? Rusiya Ukrayna bataqlığından çıxa biləcəkmi?

Bu arada Mariupolun Rusiyanın nəzarətinə keçdiyi deyilir. Bu, ruslar üçün nə deməkdir? Diplomatiya qapıları həmişəlik bağlandımı? Bu və ya digər suallarla ekspertlərə müraciət etdik.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, Rusiyanın Ukrayna planlarının çoxdan pozulduğu artıq hamıya məlumdur: “Öncədən proqnozlaşdırıldığı kimi, rəsmi Kreml bunu heç vaxt boynuna almayacaq və hər şeyin öncədən tərtib olunmuş plan üzrə getdiyini bildirəcək. Müharibəyə başladığı günlər irəli sürdüyü şərtləri isə iki aya yaxındır yerinə yetirə bilmir. Yəni Ukraynanın silahsızlaşdırılması, hərbisizləşdirilməsi, NATO-ya yaxınlaşmadan imtina edilməsi, mövcud hakimiyyətin devrilməsi planları birmənalı fiaskoya uğrayıb. Hərbi texnika və insan itkilərinin sayı hər gün artır və s. Belə durumda əməliyyatların uğurla davam etdirilməsini söyləmək əslində məğlubiyyəti etiraf etmək deməkdir. Bir neçə gündür ki, Mariupolun tam olaraq nəzarətə alınması ilə bağlı açıqlamaları eşidirik. Rəsmi Kiyev hələ bir ay öncə Mariupolun işğal olunacağı ehtimalını bilirdi və bunu gizlətmirdi. O səbəbdən əhalinin çıxması üçün humanitar koridorun açılması ilə bağlı mütəmadi çağırışlar edirdi. Hətta Türkiyədəki danışıqlarda da bu müzakirə olunmuşdu. Amma Rusiya qarantiyalı koridorun açılmasından müxtəlif bəhanələrlə yayınırdı. Mariupol Rusiyanın Donbas ərazisi hesab etdiyi şəhərdir və ”qondarma respublika” ilə təmas xəttində yerləşir.

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşula bilər, bəs Azərbaycan...

Elşən Mustafayev: “2 aylıq müddət onu göstərdi ki…”

Müvəqqəti də olsa oranın Ukrayna nəzarətindən çıxmasını ciddi uğur kimi qələmə vermək olmaz. Amma indi Rusiya şəhərin tam nəzarətə keçdiyini söyləsə də, rəsmi olaraq orada hələ də iki mindən artıq Ukrayna döyüşçülərinin olmasını etiraf edir. Söhbət hələ tək “Azovstal” zavodu ərazisində yerləşən hərbçilərdən gedir və çox güman ki, say xeyli kiçildilib. Zavodun ərazisi təxminən Bakının ən böyük rayonun ərazisindən də böyükdür. Hansı ki, bu ərazilərdə yeraltı keçidlər, tunellər, işlək və dondurulmuş şaxtalar yerləşir. Şəhərin digər ərazilərində də silahlı müdafiəçilərin mövcud olduğu bildirilir. Yəni yaxın günlər üçün orada diversiyaların, partizan müharibələrinin şahidi ola bilərik.

Ümumiyyətlə, təxminən iki aylıq müddət onu göstərdi ki, qısa müddətdə Ukraynada hakimiyyəti Rusiya meyilli birisi ilə dəyişib bütün ölkəni qeyri-rəsmi işğal etmək planı uğursuzluğa uğradı və bundan sonra bu planın həyata keçməsi artıq imkansızdır. Ukraynanın ilk günlər çaşqınlığı var idisə artıq panika yox olub, mübarizəni soyuqbaşla aparırlar. Eyni zamanda xaricdən daxil olan silahlar illər ərzində bu müharibənin davam edə biləcəyi perspektivini reallaşdırır. Hansı ki, Rusiya bu perspektivi kabus kimi görür. Diplomatik sahədə gedən danışıqları izləyəndə sülhə yönəlik hansısa işartıları hələ ki, görmək olmur. Belə təəssürat yaranır ki, danışıqlar prosesi Rusiya qüvvələrini qruplaşdırmaq, yeni canlı qüvvə və texnika cəlb etmək üçün vaxt uduşudur. Hakimiyyətdə Putin qaldıqca Ukraynanı və dünyanı qane edəcək sülh danışıqları nəticə verməyəcək. Eyni zamanda, Qərbin və ABŞ-ın sanksiyaları azalmayacaq, Ukraynanın silhlandırılması davam edəcək. Bu müharibə aparıldığı müddətə görə son 70 ildə Rusiyanın ən çox itkilərə məruz qaldığı, nüfuz itirdiyi, iqtisadi cəhətdən böhrana uğradığı bir müharibədir. Düşdüyü bataqlıqdan çıxması yollarını isə tapa bilmir. Daha doğrusu geri çəkiləcəyi halda hazırkı rejimin yox olacağı şübhəsizdir. Çünki uğursuzluqdan sonra baş vermiş dağıntılara, qətliamlara kimlərsə cavab verməlidir. Eyni zamanda, Rusiya daxilində öz əhalisinə hesab verməlidir. Qarşısına qoyduğu məqsədinə çata bilməməyi heç nə ilə izah etmək mümkün deyil. Bu gün ortada sülh olmadığından Rusiya müəyyən manevrlər edə bilir və hər şeyin planla getdiyini söyləyir. Amma hər şeyin bir həddi var, həm istədiyini ala bilməyəndə, həm də daxildə sıxışdırılanda artıq bu bəhanələr keçməyəcək.

Düşünürəm ki, Putinə bataqlıqdan az itkilərlə və məğlub görünmədən çıxmaq üçün yeganə yol az da olsa uğurlu şans yaranana qədər müharibəni davam etdirməkdir. Hətta hərbi əməliyyatları bəzi hallarda öz ərazisinə keçirib dağıntılar və insan tələfatı ilə nəticələnəcək hadisələr törətməklə öz əhalisinin müharibə mövqeyində dəyişikliyə nail olmaq da planlarında ola bilər”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Vaxtında Qərb dəstək versəydi…”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın artıq hədəflərinə çatmaq üzrə olduğunu qeyd etdi: “Kremlin Ukraynanın tamamını, yaxud paytaxtını işğal etmək planı alınmadı. Ona görə də, ”B” planına keçdilər. Bu planı isə artıq reallaşdırmağa yaxındır. Bu plan nədir? Krıma quru yolu əldə etmək və Donbas separatçı bölgəsinin ərazisini genişləndirməkdir. Çox təəssüf ki, artıq bu hədəflərinə çatmağa yaxındırlar. Son olaraq, Mariupol işğal edildi. Bununla Krıma quru yolu təmin etdilər. Üstəgəl, Donbasın ərazisini də böyütdülər. Putin 9 maydakı Qələbə paradı günündə bunu qələbə kimi qiymətləndirəcək və istədiklərini əldə etdiklərini açıqlayacaq. Bundan sonra nə baş verəcək? Rusiya əməliyyatı dayandıra da bilər. Amma inanmıram ki, işğal etdikləri ərazilərdən çıxsın. Çox təəssüf ki, Qərbin Ukraynaya verdiyi dəstək kifayət olmadı. Son iki ayda vaxtında Qərb dəstək versəydi, bəlkə də, qəhrəmancasına savaşan Ukrayna ordusu Mariupolu əldən verməzdi, əks hücum həyata keçirərdi. Açığı deyək ki, əllərində olan silahlarla bu mümkün deyil. İndi-indi nəsə göndərməyə başlayıblar. Bəzi Qərb ölkələri ikili oyunlar oynayırlar. Məsələn, Almaniya ağır silahlar göndərəcəyini vəd etmişdi. Son anda bundan alman kansleri imtina etdi. Fransa da ikili oynayır. Bu baxımdan Ukraynanın ciddi çətinlikləri var. Amma müharibənin uzanması Rusiyaya da ciddi zərərlər verəcək. İqtisadiyyatı ciddi problemlərlə üzləşəcək. Əgər 9 maya qədər Putin istədiyini əldə etsə, hərçənd buna yaxındır, müharibəni dayandıra bilər. Sonradan həmin ərazilərin Rusiyaya birləşdirilməsi məsələsini qaldıracaq. Bu da faktiki Ukraynanın parçalanmasına gətirib çıxara bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”