NIPA-30

“Bu dəfə atəşkəsin uzanmaması üçün ən əsas vəzifə Qarabağın məskunlaşdırılmasıdır…”

“Təəssüf ki, Rusiya bu gün də hərbi sahəmizə təsirini itirməyib…”

28 il öncə bu günlərdə  Rusiyanın vasitəçiliyi ilə  I Qarabağ savaşında  Azərbaycanla Ermənistan arasındakı atəşkəs razılaşması imzalanmışdı… Məlum olduğu kimi, Azərbaycanın olan-qalan torpaqlarının daha  20 faizinin işğal altında qalmasına, 1 milyondan çox vətəndaşının didərgin həyatı yaşamasına rəğmən həmin atəşkəs  26 ildən çox davam etdi. Nəhayət, ikinci Qarabağ savaşında, yəni 2020-ci ilin payızında Azərbaycan ordusu Ermənistan ordusu üzərində danılmaz qələbə əldə etdi. Fəqət,  hələ də işğal altındakı bütün ərazilərimiz tam nəzarətimizə keçmədi və Rusiyanın “sühməramlı” adlanan hərbi kontingentinin himayə etdiyi separatçı-terrorçu rejimin nəzarətində qaldı…  Bu baxımdan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma da faktiki atəşkəs razılaşmasıdır.  Ermənistanla birdəfəlik sülh sazişi əldə olunması məsələsi hələ də uzanır. Bəs görəsən, bu dəfəki atəşkəs də xarici güclərin təzyiqi altında uzun illər uzana bilər, yoxsa yaxın illərdə məsələni kökündən həll edə biləcəyik?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov bunları bildirib:

“Bu, yenə də Azərbaycanın gücündən asılı olacaq.  Artıq Azərbaycanın iqtisadi, hərbi gücü formalaşıb, müttəfiqləri də mövcuddur.  Ermənistanın müttəfiqi olan Rusiya isə artıq hazırkı prosesdə məğlub durumdadır. Yəni ona istədiyi köməyi edə bilməyəcək. Lakin buna baxmayaraq Ermənistanın Qərbdə də müttəfiq və tərəfdarları çoxdur. Bu baxımdan da hazırda əsas məsələ işğaldan azad edilmiş Qarabağ torpaqlarının sürətlə məskunlaşdırılması, yəni əhalinin o ərazilərdə daimi yaşayış üçün yerləşdirilməsidir. Əvvəla, ərazi hərbi cəhətdən mənimsənilməlidir, yəni hərbi qüvvələrin müvafiq strukturları, infrastrukturu yaradılmalıdır. Bu proses artıq gedir.  Amma ən əsas vəzifə, bir daha təkrar edirəm, həmin torpaqların məskunlaşdırılmasıdır. Əhali oraya köçürülməli və o torpaqlar əsl sahibləri tərəfindən mənimsənilməlidir. Ondan sonra da digər proseslər gedə bilər…

Partiya lideri  “26 illik atəşkəsin Azərbaycan dövləti və xalqı üçün müsbət tərəfləri, faydası oldumu?” sualına da icavab verib:

“Bu illər ərzində genişmiqyaslı hərbi əməliyyatların aparılmamasının müsbət tərəfi ondan ibarət oldu ki,  Azərbaycan dövləti öz qüvvələrini toplamaq, təmərküzləşdirmək üçün böyük vaxt əldə etdi. Həmin müddət ərzində nizami ordu yaradılması prosesi davam etdirildi, yeni kadrlar yetişdirildi. Eyni zamanda müəyyən mərhələdən sonra Türkiyə Silahlı Qüvvələri də milli ordumuzun formalaşması prosesinə qoşuldu.  Düzdü, qardaş ölkənin əvvəl də bu işimizə dəstəyi vardı, ancaq böyük səviyyədə deyildi. Bundan sonra isə çox genişmiqyaslı Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı başlandı. Və məhz Türkiyə ordu sisteminə uyğun hərbi kadrlarımız yetişdirildi. O vaxtadək Azərbaycanın hərbi kadrları əsasən Rusiya hərbi məktəblərində təhsil alıb yetişirdi və təbii ki, əksəriyyəti də Moskvanın təsiri altında olurdu.  Ordumuzun aparıcı kadrlarının Rusiyanın təsirindən çıxarılması prosesi də xeyli vaxt aldı.  Amma təəssüf ki, Rusiya bu gün də hərbi sahəmizə təsirini itirməyib…”

“Bəs həddindən artıq uzunmüddətli atəşkəs dövrünün mənfi cəhətlərini nələrdə görürsüz?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:

“Uzunmüddətli atəşkəsin əsas mənfi tərəfi o idi ki, 1 milyondan çox soydaşımız öz doğma yurd-yuvalarından kənarda evsiz-eşiksiz qalmışdı. Bunun eyni zamanda mənəvi-psixoloji tərəfi də vardı ki, millət, xalq başqaları qarşısında özünü məğlub, başıaşağı hiss edirdi. Bunun aradan qaldırılması üçün də mütləq hərbi qələbə lazım idi”. 

“Və nəhayət ki, II Qarabağ savaşında, yəni 2020-ci ilin payızında şəhid və qazilərimizin canı-qanı hesabına qazandığımız hərbi  qələbəmizdən sonra hər bir Azərbaycan vətəndaşı başı dik gəzə bilər” –deyə istiqlalçı deputat vurğulayıb.

Sultan Laçın

Moderator.az