Azərbaycan-Türkiyə birliyindən düşmənə mesaj
Türkiyə və Azərbaycan qardaşlığı, həmrəyliyi və strateji tərəfdaşlığı artıq bütün dünyanın diqqət mərkəzindədir.
Bir millətin iki dövləti olan Azərbaycan-Türkiyə qardaşlığı bənzərsiz nümunədir. Tarixi, adət-ənənəsi, dili, dini eyni olan bu iki dövlət torpaqlarımızın 30 ildən sonra işğaldan azad edilməsi, 44 günlük Vətən müharibəsi dönəmində də ortaya tam mənəvi birliyin nümunəsini qoyub.
Reallıq odur ki, Türkiyə və Azərbaycan bir yerdə inamla addımladıqca, bölgədəki sülh və barış da bir o qədər möhkəmlənəcək. Azərbaycan Prezidenti İlham Əliyev də 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyinin əlavə güc mənbəyi olduğunu bu sözlərlə vurğulayıb:
“İkinci Qarabağ müharibəsinin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.
Ümumiyyətlə, iki ölkə liderinin təmasları, müzakirə olunan məsələlər, əldə edilən ortaq nəticələr münasibətlərin həm qardaşlıq, həm də strateji tərəfdaşlıq istiqamətində inamla irəlilədiyini göstərir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, bir millət, iki dövlət konsepsiyasını inkişaf etdirmək istiqamətində addımlar atılır:
“Dünyada münasibətlərinin səviyyəsi Azərbaycan və Türkiyə kimi olan ikinci dövlətləri nümunə göstərmək mümkün deyil. Bu münasibətlər illər ərzində müxtəlif hüquqi sənədlərlə təsdiq olunub və ötən il 15 iyunda Azərbaycan və Türkiyə liderləri arasında “Şuşa Bəyannaməsi” imzalandı. Həmin Bəyannamədə də illər ərzində qəbul olunmuş bir sıra sənədlər öz əksini tapmaqla yanaşı, bütövlükdə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasına rəvac verən bəndlər var”.
Partiya sədri deyib ki, hazırda da ölkələrimiz arasındakı münasibətlər artan sürətlə inkişaf edir:
“44 günlük Vətən müharibəsinin ilk günlərindən Türkiyə hörmətli Rəcəb Tayyib Ərdoğanın timsalında Azərbaycanın yanında olacağını bəyan etdi. Bu da Azərbaycana düşmən münasibətində olan bir sıra dövlətlərə çox ciddi mesaj oldu. Rizə-Artvin hava limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin, Füzuli beynəlxalq hava limanının açılışında da Rəcəb Tayyip Ərdoğanın iştirakı, o cümlədən “TEXNOFEST Azərbaycan” festivalına Ərdoğan başda olmaqla, Türkiyə nümayəndə heyətinin qatılması xüsusi vurğulanmalıdır. Həmçinin, türk qırıcılarının Bakı səmasında göstərdikləri performansa konkret olaraq bir sıra dövlətlərə və güclərə mesaj idi. Bunlar həm də Azərbaycan və Türkiyənin qardaş kimi bundan sonra da birlikdə olacağını göstərdi. Əlbəttə ki, bütün bunlar da Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Düşünürəm ki, bundan sonrakı dövrdə də ölkələrimiz arasında iqtisadi, siyasi, hərbi əməkdaşlığın artması istiqamətində ciddi addımlar atılacaq”.
Elmir
Cebhe.info