NIPA-30

“Qazilərlə bağlı əlavə qurum yaradılmalıdır” – MÜSAHİBƏ

Son günlər ölkə gündəmini əsas iki məsələ – koronavirusa yoluxma hallarının artması və qazilərin intiharı zəbt edib.

Birinci məsələ ilə bağlı artıq payızda qapanmalara gediləcəyi ilə bağlı müxtəlif iddialar səslənir. Qeyd edək ki, artıq gündəlik yoluxma üçrəqəmli həddə çatıb. İkinci məsələdə isə əsas narazılıqlarda bir sıra dövlət qurumlarının adı hallanır. 

Gündəm mövzuları ilə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə cavablandırıb.

-Arzuxan bəy, gündəlik yoluxma halları artır. Qapanmalara gediləcəyi ilə bağlı iddialar səslənir. Siz necə düşünürsüz, karantin lazımdırmı?

-Doğrudur, yoluxma artır. Dünya üzrə yoluxma dinamikası artan templə davam edir. Amma hesab edirəm ki, yoluxma hələ karantin rejiminə keçmək üçün yetərli sayda deyil. Azərbaycanda karantin yoluxmanın ən pik həddində tətbiq olunurdu. Hazırda o səviyyədə təhlükə görmürəm. Sadəcə olaraq, insanlara müraciət olunmalıdır ki, özləri qoruyucu vasitələrdən istifadə etsinlər. Kütləvi tədbirlərin qarşısı tövsiyə xarakterli müraciətlərlə alınmalıdır. Karantin qərarının verilməsini isə hələlik doğru hesab etmirəm.

-Qapanma hansı problemlərə gətirib çıxara bilər?

-Qapanma ilk növbədə iqtisadi çətinliklər, problemlər yaradır. Bir çox iş yerlərinin bağlanmasına səbəb olur, insanların sərbəst fəaliyyətinə, xeyir-şər məclislərinin keçirilməsinə maneə törədir. Qapanma insanların sərbəstliyinin məhdudlaşması deməkdir. Bu mənada ciddi narahatlıqlar yaradır.

-Arzuxan bəy, qazilərin intiharı ilə bağlı məsələ də ciddi narahatlıqlar doğurur. Bu problemlər nevə həll olunmalıdır?

-Problem varsa, kökündən həll olunmalıdır. Amma görünən odur ki, problem hələ də var. Konkret bir-iki nəfərin problemini həll etməklə bütövlükdə məsələnin həll olunduğunu demək olmaz. Qazilərlə bağlı problem var, baxmayaraq ki, dövlət şəhid ailələrinə, qazilərə ciddi diqqət göstərir. Onların bir çox problemləri həll olunur. Amma yerlərdə yerli məmurların şəristəsizliyi, etinasızlığı ucbatından problemlər qalmaqdadır. Bu problemlər köklü şəkildə həll olunmalıdır. Artıq 37 qazi intihar edib. Ona görə də hesab edirəm ki, bu məsələyə daha ciddi diqqət ayrılmalıdır.

-Kökündən həll olunmalıdır deyəndə nəyi nəzərdə tutursunuz? Ayrıca bir qurum yaradılmalıdır? Siz nə təklif edirsiz?

-Müxtəlif təkliflər var. Görünən odur ki, problem həll olunmayıb. Ona görə də bütün təkliflər ümumiləşdirilməlidir. Qazilərin özünün bu prosesə cəlb olunmasına ehtiyac var. Qazilərin özünü bu prosesə cəlb etməklə, onların təkliflərini nəzərə almaqla, əlavə bir qurum da formalaşdırıla bilər. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu problemin öhdəsindən gəlmək iqtidarında deyil. İki ilə yaxın müddətdir ki, kifayət qədər ciddi narazılıqların, etirazların şahidi olmuşuq. İntihar hadisələri baş verib. Bu isə onu deməyə əsas verir ki, problemlər həll olunmayıb. Həll oluması üçün isə müxtəlif təkliflər var. Bu təklifləri bir neçə cümlə ilə ümumiləşdirib demək mümkün deyil. İstənilən halda bu iş konkret bir quruma həvalə edilməli və qazilərin özünün iştirakı ilə bu məsələ həll olunmalıdır. 

-Daha çox hansı problemlər var?

-Hesab edirəm ki, maarifləndirmə düzgün aparılmır. Bürokratik əngəllər var. Qazilərə yerli qurumlarda etinasız münasibət göstərilir. Həkim komissiyalarında ciddi problemlər mövcuddur. Bütün bunları həll etmək üçün kompleks tədbirlər görülməli, bunun üçün də bütün təkliflər qarşılanmalı və yekun qərar qəbul olunmalıdır.

-Qazilərin intiharı məsələsində əsas gözə görünən səbəb icra hakimiyyətləri oldu. İcra hakimiyyətləri ilə bağlı hansı addımlar atılmalıdır?

-İcra hakimiyyətləri özünü doğrultmayan quruma çevrilməkdədir. Bu, artıq uzun müddətdir ki, deyilir. Hətta dövlət başçısı da bu məsələ ilə bağlı öz mövqeyini bildirib ki, Sovetdən qalma bir qurumdur. İcra hakimiyyətləri ilə bağlı ciddi islahatlara gedilməlidir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, yerlərdə bir çox icra başçıları öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. İntiharlarla bağlı qazilərin əsas hədəfi də bir çox hallarda konkret icra başçıları olub. Baş verən intihar hadisələrində də yerli icra hakimiyyətlərinin adı hallanır. Təbii ki, bu prosesdə daha çox narahatlıq doğuran da məhz bəzi icra hakimiyyətləridir ki, onlar bu problemi yaradırlar, onlarla bağlı ciddi ölçü götürülməlidir. Amma bu, bütün icra başçılarına şamil oluna bilməz. Bizə də qazilərlə bağlı müraciətlər olur. Biz də aidiyyəti üzrə icra hakimiyyətlərinə müraciət edirik və məlum olur ki, bəzi icra hakimiyyətlərində bu məsələ lazımi səviyyədə həll olunur. Amma bütövlükdə icra mexanizmində dəyişiklik olmalı, islahatlara gedilməlidir.

Vilayət Muxtar
Cebhe.info