Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlıdır
Ancaq revanşist güclər, “Qarabağ klanı”na, Rusiya və digər kənar güclərə məxsus dairələr hər fürsətdə buna qarşı çıxırlar
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində 500 dəfə telefonla danışıblar. Bu barədə “Hurriyet” qəzeti yazıb. Qəzet həminin, indiyə qədər xüsusi nümayəndələr arasında 4 dəfə əyani görüş keçirildiyini xatırladıb. Qeyd edək ki, növbəti görüşün sentyabr ayında Türkiyənin Ermənistanla həmsərhəd olan Qars vilayətində keçirilməsi gözlənilir. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkənin iqtisadiyyat, rabitə, telekommunikasiya və xarici işlər nazirliklərinin rəhbərləri də iştirak edəcək. Vurğulanır ki, Türkiyə tərəfi artıq Ermənistan-Türkiyə sərhədinin 180 kilometrlik hissəsinə baxış keçirib.
Ermənistanla Türkiyə arasında Araz çayı üzərindən keçən körpünün texniki araşdırmaya məruz qalmasını zəruri hesab edib. Ani xarabalıqları, o cümlədən Axuryan çayı üzərindəki məşhur İpək Yolu körpüsünün təmirinin mümkünlüyü də araşdırılıb. Bu da iki ölkə arasında etimadın artırılması üçün mühüm addımdır. Onu da qeyd edək ki, Ermənistan tərəfi Türkiyə mediasının 5-ci görüşlə bağlı xəbərlərini təkzib edib. Ölkənin Xarici İşlər Nazirliyi Türkiyə ilə növbəti danışıqlar barədə hər hansı razılaşma olmadığını deyiblər.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə bildirib ki, Nikol Paşinyan hökuməti Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı görünür. Partiya rəhbərinin fikrincə, Paşinyan hakimiyyəti məsələlərə daha praqmatik və konstruktiv yanaşma sərgiləyir:
“İrəvan başa düşür ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın siyasi-iqtisadi vəziyyətinin düzəlməsinə səbəb olacaq mühüm amillərdən biridir. Ancaq Ermənistan revanşist güclər, “Qarabağ klanı”na, Rusiya və digər kənar güclərə məxsus dairələr də var. Məhz həmin qüvvələr Türkiyə-Ermənistan əlaqələrinin normala dönməsində qətiyyən maraqlı deyillər və hər fürsətdə buna qarşı çıxırlar. Onlar qondarma “soyqırım” və ərazi iddialarından vaz keçməyi “xəyanət” kimi dəyərləndirirlər. Hökuməti tənqid edərək, insanları etiraza səsləyirlər. Yəni erməni müxalifəti tərəfindən bu məsələyə ciddi maneçilik var. Buna baxmayaraq, indiki hakimiyyət Ankara ilə əlaqələri sıxlaşdırmaqda maraqlı və israrlıdır”.
A.Əlizadə vurğulayıb ki, Türkiyə prezidenti, xarici işlər naziri açıq şəkildə bəyan etdilər ki, Ermənistanla danışıqlar Azərbaycanla məsləhətləşmələr şəklində aparılır:
“İrəvanla bağlı atılacaq bütün addımlar, verilən qərarlar rəsmi Bakı ilə razılaşdırılır. Qardaş Türkiyə Azərbaycanın maraqlarına xususi önəm verir. Həm də tələb edirlər ki, Ermənistan Türkiyə ərazi iddialarından birdəfəlik əl çəksin, qondarma “soyqırım” iddiasından vaz keçsin. Ermənistan bunun üçün konstitusiyasına dəyişiklik etməlidir. Türkiyədə yüz mindən artıq erməni əsilli ölkə vətəndaşı yaşayır və fərqli sahələrdə vəzifələrdə təmsil olunurlar. Bir o qədər də Ermənistan vətəndaşı Türkiyədə çörək pulu qazanır, ailəsini saxlayır. İrəvan hökuməti anlayır ki, ermənilərin sosial rifahı Türkiyə və Azərbaycanla normal əməkdaşlıqdan və dinc qonşuluq münasibətlərindən asılıdır. Gec-tez bu, baş verəcək. Ermənistan elə bir coğrafi məkanda yerləşir ki, öz dövlətçiliyini qoruyub saxlamaq üçün mütləq mənada qonşularla əməkdaşlıq etməlidir. Bunun üçün “dənizdən-dənizə Ermənistan” xülyasından əl çəkmək lazımdır”.
İsmayıl Qocayev
Sherg.az