NIPA-30

Arzuxan Əlizadə: “Rusiyanın bununla razılaşacağı real görünmür”

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə keçirilən üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında bəyan edib ki, kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər:

“İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”.

Demək olarmı ki, Mişel Naxçıvana gedən Zəngəzur dəhlizinin üstündə dəmir yolunda Ümumdünya Gömrük Təşkilatının nümayəndələrinin və yaxud da hər hansı bir iştirakçının olmasını nəzərdə tutur? Nəzərə alsaq ki, 10 noyabr razılaşmasına görə Naxçıvana Zəngəzurdan gedəcək yolun təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələri təmin edəcək, o zaman Moskva buna razılaşacaqmı?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında Mişelin konkret nəyi nəzərdə tutduğunu deməyin çətin olduğunu qeyd etdi: “Görünən odur ki, kommunikasıyaların açılması ilə bağlı intensiv danışıqlar gedir və bununla bağlı tərəflər arasında müəyyən yaxınlaşma əldə olunub. Ancaq bunun nədən ibarət olduğunu demək çətindir. Zəngəzurdan keçən yol dəhliz statusuna malik olacaqsa, o zaman gömrük məntəqəsinə nə ehtiyac var? Çünki üçtərəfli razılaşmada qeyd olunub ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti təmin edilir. Bu zaman hansısa gömrük məntəqəsinə ehtiyac qalmır. Yox, əgər yollar dəhliz statusu olmadan açılacaqsa, o zaman əlbəttə ki, gömrük məntəqələri olmalıdır. Çünki Zəngəzur dəhlizi ilə təkcə Azərbaycana məxsus yüklər daşınmayacaq. Bu dəhliz Azərbaycandan keçən beynəlxalq dəhlizlərə inteqrasiya olunacaq. Bu zaman Ümumdünya Gömrük Təşkilatının texniki və digər dəstəyinə ehtiyac olacaq. Çünki Ermənistan nə Gürcüstandır, nə də digər qonşu ölkələrdən biridir. Uzun illər Azərbaycanla Ermənistan arasında münaqişəli vəziyyət mövcud olub. Bu baxımdan kommunikasiyaların açılmasında Ümumdünya Gömrük Təşkilatının hansısa formada iştirakı olmalıdır. Rusiyanın bununla razılaşacağı real görünmür. Çünki Rusiya istəyir ki, Zəngəzurdan keçən yol onun nəzarətində olsun. Bu, Moskvaya hər iki ölkəni təsir altında saxlamağa zəmin yaradır. Avropa İttifaqı və ABŞ-ın timsalında Qərb isə tam fərqli mövqedədilər. Onların əsas istəyi odur ki, Zəngəzurdan keçən nəqliyyat xətləri Rusiyanın nəzarətində olmasın. Necə ki, 90-ci illərdə əsası qoyulan neft və qaz kəmərləri Rusiyadan yan keçməklə reallaşdırıldı. İndi də məzmunca həmin yanaşmadan söhbət gedir”.

Vidadi ORDAHALLI

baki-xeber.com