NIPA-30

Arzuxan Əlizadə: “44 günlük müharibədə məlum 4 qətnaməyə dayanaraq dövlətimiz torpaqları güc yolu ilə azad etdi”

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin nəticələrinin araşdırılması üzrə komissiyasının iclasında deyib ki, Qarabağ məsələsində ölkəsinin müttəfiqi yoxdur:

“Özümüzü aldatmağa ehtiyac yoxdur. Çünki BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi sadəcə bir kağız parçası deyildi. Əsas hadisələrdən biri ATƏT-in Lissabon sammiti və birinci prezident Levon Ter-Petrosyanın dərc etdiyi “Müharibə, ya sülh” məqaləsidir. Əslində Ter-Petrosyan qeyd edib ki, status-kvo uzunmüddətli ola bilməz. Özümüzü aldatmağa ehtiyac yoxdur və Qarabağ məsələsində bizim müttəfiqimiz yoxdur”.

Paşinyanın sözlərinə görə, ekspertlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və “Azərbaycanın 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalını” bildirən 4 qətnaməsində qoşunların dərhal və ilkin şərt olmadan oradan çıxarılmasının tələb olunduğunu açıq şəkildə açıqlamayıblar. Həmin qətnamələrdə Dağlıq Qarabağ “Azərbaycan Respublikasının bölgəsi” adlandırılıb: “Qarabağ müharibəsinin birinci mərhələsindən Ermənistan tərəfinin üstünlüklər əldə etməsi BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsi ilə kölgədə qalıb”.

Paşinyanın fikrincə, 1996-cı ildə ATƏT-in Lissabon sammitinin heç bir hüquqi qüvvəsi olmasa da, beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq aləmdə tanınır.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, BMT-nin məlum 4 qətnaməsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində hüquqi baza rolunu oynadı: “Düzdür, həmin qətnamələr uzun illər kağız üzərində qaldı və qərarların icrası ilə bağlı gərəkən addımlar atılmadı. Ona görə ki, Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistanı cəzalandırmaq istəmirdilər. 5 daimi üzvdən 3-ü ATƏT-in Minsk Qrupunda təmsil olunurdu. Minsk Qrupunun da fəaliyyətindən danışmağa dəyməz. Çünki bu qurum münaqişənin həlli ilə yox, onun dondurulması ilə məşğul idi. 30 ilə yaxın işğal dövründə Azərbaycan həm də BMT-nin 4 qətnaməsinə dayanaraq, diplomotik müstəvidə mübarizə aparırdı. Bir sıra digər beynəlxalq qurumların köməyilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərarların qəbul olunmasına nail olmaq mümkün oldu. Ermənistanı himayə edən dövlətlər belə, separatçıları tanımaqla bağlı addım atmadılar. Düzdür, həmin dövlətlərin timsalında gözləntilər var idi ki, işğal uzandıqca Azərbaycan zamanla bununla barışmaq məcbutiyyətində qalacaq. Ancaq belə olmadı. 26 illik atəşkəs dövrünün 20 ili Ermənistanda hakimiyyətdə revanşist qüvvələr oldu. Məhz Köçəryan-Sarkisyan cütlüyünün prezidentliyi dövründə Qarabağ danışıqları daha da dalana dirəndi. Onlar bu dövr ərzində Qarabağı dirçəltməkdənsə, daha da xaraba günə qoydular. Məhz onların dövründə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmaya, Livan, Suriya ermənilərinin ərazilərimizə köçürülməsinə start verildi. Ancaq bütün bunların heç biri orada köklü dəyişikliklərə gətirib çıxarmadı. Çünki Ermənistanın bunun üçün gərəkən resursları yox idi. Azərbaycan həm də BMT-nin məlum 4 qətnaməsinə dayanaraq 27 sentyabr 2020-ci ildə torpaqların güc yolu ilə azad olunmasına başladı. Bu zaman bizim qarşımızı ala bilmədilər. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. Paşinyan beynəlxalq qərarların Azərbaycanın xeyrinə olduğunu deyirsə, o zaman niyə zamanında bunun əksinə addım atdı? 2019-cu ilin avqusunda Xankəndidə ermənilər qarşısında çıxış edərkən hansı ağılla və nəyə dayanaraq “Qarabağ Ermənistandır” dedi? 44 günlük müharibədə başları əzildiyi üçün indi deyir ki, Qarabağ məsələsində müttəfiqimiz yoxdur, 4 qətnamə kağız parçası deyil”.

Vidadi ORDAHALLI

baki-xeber.com