NIPA-30

İlk olaraq ABŞ Prezidenti Bayden Türkiyənin istəklərinin yerinə yetirilməsinin vacib olduğunu bəyan etdi-Rəşad Bayramov

İyulun 11-də NATO-nun builki sammiti baş tutub. Builki sammit 31 üzvün iştirakı ilə keçirilib

Bundan əvvəlki sammit 2022-ci ilin iyununda İspaniyanın Madrid şəhərində keçirilib. Növbəti toplantı isə 2024-cü ildə ABŞ-də, Vaşinqtonda olacaq. Birləşmiş Ştatlar belə bir tədbirə 2012-ci ildə Çikaqo şəhərində ev sahibliyi edib.

NATO-nun builki sammitini politoloq Rəşad Bayramov “Telejurnal”şərh edib.

NATO-nun son sammiti gözlənildiyi kimi olduqca məhsuldar keçdi və bir sıra qərarlarla yadda qaldı. Sammitdəki çıxışlara və qəbul edilən sənədlərə baxsaq görərik ki, Rusiya-Ukrayna müharibəsindən öncə parçalanmaq təhlükəsi ilə üzləşən NATO artıq öz nüfuzunu bərpa edə bilib və bütün Avropanı yenidən öz çətiri altında birləşdirməyi bacarıb.

NATO-nun son sammitini bizim üçün əhəmiyyətli edən məqamlardan biri təbii ki, Türkiyə ilə bağlıdır. Finlandiyanın hərbi blokun üzvlüyünə “hə”deməsindən sonra İsveçin üzvlüyü üçün bütün diqqətlər məhz Türkiyəyə yönəlmişdi. Bu da təbiidir. Çünki Türkiyə NATO-nun ikinci ən böyük gücüdür və bu ölkənin NATO-da olması hərbi bloka əlavə üstünlüklər gətirir.

Ümumiyyətlə isə Türkiyə təkcə üzvü olduğu NATO üçün deyil, digər regional ittifaqlar üçün də strateji əhəmiyyətə malikdir. Əvvəla, coğrafi mövqeyinə görə Türkiyə Avrasiya coğrafiyasının körpü ölkəsi, Asiya, Afrika və Avropa qitələrinin qapısıdır. Yəni Türkiyənin geosiyasi dərinliyi NATO strategiyaları üçün əvəzolunmazdır. Bu vəziyyət Türkiyəni Qərbin sərhəd ölkəsi deyil, dünya geosiyasətinin mərkəzi olmağa namizəd edib. Digər tərəfdən, NATO Avrasiya strategiyaları çərçivəsində Şərqi Aralıq dənizi də daxil olmaqla Böyük Yaxın Şərqdə də söz sahibi olmağa can atır. Türkiyəsiz isə bu mümkün deyil. Başqa sözlə desək Türkiyə NATO üçün alyansın əvəzsiz üzvü və itirilməsi mümkün olmayan strateji regional gücdür.

Türkiyəni NATO daxilində güclü edən başqa bir xüsusiyyət də regional problemlərin həllində və beynəlxalq səviyyədə sabitliyin qorunmasındakı səyləri ilə bağlıdır. Türkiyə öz balanslı diplomatiyası sayəsində müxtəlif tərəflərlə əməkdaşlıq edə və münaqişə sahələrindən uzaqlaşa bilir. Türkiyə təkcə NATO daxilində deyil üzvü olmadığı alyanslarda da müxtəlif tərəflərlə danışıqlar masasına otura bilən bir ölkə olaraq Balkanlarda, Qafqazda, Asiya və Afrikada vasitəçi rolunu öz üzərinə götürməyi bacarıb. Ukrayna-Rusiya müharibəsində Türkiyənin rolu, “Taxıl Sazişinin” imzalanmasındakı xidmətləri buna əyani sübutdur.

Türkiyə ilk başda hər nə qədər Finlandiya və İsveçin NATO üzvlüyünə “yox” desə də son nəticdə buna razılıq verəcəyi əvvəldən də aydın idi. Çünki bir NATO ölkəsi olaraq Türkiyə üzv olduğu hərbi birliyin daha da böyüməsində maraqlıdır. NATO-da qərarların konsesnsus əsasında qəbul olunduğunu nəzərə alsaq, bu Türkiyəyə daha çox ölkənin onunla hesablaşması imkanı tanıyır. İsveçin NATO-ya qəbulunda veto hüququndan istifadə isə Türkiyəyə öz şərtlərini diqtə etmək imkanı verdi və tam məsuliyyəti ilə demək olar ki, son Sammitin qazananı məhz elə Türkiyə oldu.

Əvvəla ona görə ki, Türkiyə xüsusilə son dövrlərdə terror təşkilatlarının sərbəst fəaliyyət göstərdiyi İsveçi “Terrorla mübarizə” haqqında yeni qanunun qəbuluna məcbur edə bildi. NATO-nun qlobal səviyyədə özünü yeniləməyə çalışdığı bir zamanda Türkiyənin terroru əsas gündəlik maddələrindən birinə çevirməyə çalışması tamamilə düşünülmüş bir siyasətdir. İsveçin bu məsələdə həssaslıq göstərməməsi NATO-nun gözlənilən genişlənmə prosesinə təsir edirdi. Lakin son nəticədə İsveç NATO üzvlüyünə gedən yolun ancaq və ancaq Türkiyənin razılığı ilə mümkün olduğunu anladığı üçün şərtləri qəbul etmək məcburiyyətində qaldı. Yəni İsveç Türkiyənin tələb etdiyi bəzi terrorçuların Türkiyəyə verilməsi PKK/YPG terror təşkilatına maliyyə dəstəyini dayandırmaqla bağlı konkret öhdəliklər götürmüş oldu.

Türkiyə üçün ikinci vacib məqam uzun illərdir ki, tələb etdiyi ancaq ala bilmədiyi “F-16” döyüş təyyarələri ilə bağlı idi. 2021-ci ildə tələbini Vaşinqtona çatdıran Ankara, hava qüvvələrini 40 yeni “F-16” təyyarəsi və 79 modernləşdirmə dəsti ilə yeniləməsini istəyirdi. Ümumilikdə 20 milyard dollar dəyərində olan raketlər və digər silahlar olan paket də bu siyahıya daxildir. Ərdoğan-Bayden görüşündən dərhal sonra Vaşinqtondan “F-16” döyüş təyyarələri ilə bağlı müsbət mesajların verildiyi artıq məlumdur. İlk olaraq ABŞ Prezidenti Bayden Türkiyənin istəklərinin yerinə yetirilməsinin vacib olduğunu bəyan etdi. Ardınca isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dövlət katibi Entoni Blinkenin son bir neçə həftə ərzində ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin üzvləri ilə məsələni müzakirə etdiyini dedi.

Yəni qısası Türkiyə özü üçün bu Sammitdə qarşıya qoyduğu hədəfləri təmin etdi. Türkiyənin İsveçin NATO üzvlüyü ilə bağlı məsələni oktyabrda Parlamentin müzakirəsinə çıxaracağını deməsi isə verilən vədlərin yerinə yetirilməsi ilə bağlıdır. Türkiyə Yunanıstanın qəbulunda olduğu kimi aldanmaq istəmir. Müzakirələrin oktyabra saxlanılması həm İsveçin, həm də ABŞ-ın atacağı addımları görmək üçündür.

Rusiyaya gəldikdə isə Türkiyənin NATO üzvü olaraq ilk gündən etibarən Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və Rusiya tərəfindən aparılan müharibəni işğal olaraq qəbul etməsi rəsmi Kremlə yaxşı məlumdur. O cümlədən də NATO üzvü olan Türkiyənin İsveçi də öz aralarında görmək istəməsini başa düşür. İndiki məqamda Türkiyə ilə münasibətlərin korlanmaması Rusiya üçün hava su kimi lazımdır. Odur ki, Türkiyənin İsveçin qəbuluna ilkin razılıq verməsi və ya Ukraynayla bağlı qəbul olunan qərarların Rusiya Türkiyə münasibətlərinə elə də ciddi təsir etməyəcəyi qənaətindəyəm. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun “Türkiyənin NATO üzvü olaraq öhdəliklərini başa düşürük və aramızda fikir ayrılıqları olmasına baxmayaraq, münasibətlərimizi yaxşılaşdırmaq istəyirik” deməsi də bunu bir daha təsdiq edir.

Asiman Hafizqızı 

telejurnal.az