“Müvafiq düzəlişlər və dəqiqləşmələr aparıldıqdan sonra reyestr məlumatların təsdiqi üçün siyahı Ədliyyə Nazirliyinə təqdim olunacaq”
Ədliyyə Nazirliyi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) reyestr məlumatlarının yoxlanılmasını başa çatdırıb və partiyaya bununla bağlı məktub ünvanlayıb.
Bu barədə Yenisabah.az-a partiyanın sədri Arzuxan Əlizadə məlumat verib.
O qeyd edib ki, 65 rayon ərazisindən təqdim olunan 7212 partiya üzvü haqqında məlumatların yoxlanılması zamanı vəfat etmiş, texniki səbəblərlə adı təkrar olunan, AMİP üzvü olmadığını bildirən və adları başqa partiyaların təqdim etdiyi siyahılarla üst-üstə düşən şəxslərin ümumi sayı təqribən 1000 nəfər olub, 3000-dən artıq şəxsin isə reyestr məlumatlarında dəqiqləşdirmələrin aparılması zəruri hesab edilib.
“Ancaq bu heç də yalnız yerdə qalan 3200-ə yaxın üzvün AMİP üzvlüyünü təsdiqlədiyi anlamına gəlməməlidir. Belə ki, reyestr məlumatların dəqiqləşdirilməsi tələb olunan şəxslərin də əksəriyyəti partiya üzvü olduğunu təsdiqləyib.
Reyest məlumatlarında dəqiqləşmələr aprılacaq partiya üzvlərinin sayının AMİP-in reyest məlumatlarının təsdiqi üçün yetərli olacağını nəzərə alaraq partiya rəhbərliyi tərəfindən partiya üzvlüyünü təsdiqləməyən şəxslərlə bağlı araşdırmanın sonraya saxlanılması məqbul hesab edilib. Müvafiq düzəlişlər və dəqiqləşmələr aparıldıqdan sonra reyestr məlumatların təsdiqi üçün siyahı Ədliyyə Nazirliyinə təqdim olunacaq”, – partiya sədri bildirib.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, KXCP və Ağ partiya da var.