NIPA-30
a

National Independence Party of Azerbaijan

Humanitar yardım erməniləri dəyişdirməyəcək – Politoloq

Bu dəfə revanşist rejimin əsarətində olan ermənilərə çörəklə uzatdığımız əlin necə qarşılanacağı və bu humanist addımın erməni xalqında hansı hissi doğuracağı sualı ilə qarşı-qarşıyayıq. Bakıdan Xankəndidə yaşayan erməniəsilli sakinlər üçün Ağdam yolu ilə göndərilən humanitar yük separatçı erməni ruhunu yumşalda biləcəkmi?  Maraqlıdır, Azərbaycanın ermənilərə humanitar yardımı regiona nə vəd edir?

Politoloq Rəşad Bayramov bildirir ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərə göndərdiyi humanitar yardım erməni iddialarında hər hansı dəyişikliyə səbəb olmayacaq.  Onun fikrincə, separatçı rejim Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməyəcək.

Politoloq hesab edir ki, Azərbaycan bu addımla bir daha Qarabağ erməniləri ilə bağlı hər hansı bir blokada, hər hansı bir humanitar fəlakət törətməkdə maraqlı olmadığını növbəti dəfə ortaya qoymuş olur.

“Beynəlxalq ictimaiyyətə növbəti dəfə o mesaj verilir ki, bizim Qarabağ ermənilərinə humanitar yüklərin çatdırılması ilə bağlı etirazımız, problemimiz yoxdur. Problem bütün bu daşınmaların Azərbaycan qanunları çərçivəsində həyata keçirilməsi ilə bağlıdır.  Əgər Azərbaycan alternativ marşrut təklif edirsə, bu zaman avtomatik olaraq ölkəmizin orada kimləri isə blokadaya alıb humanitar fəlakət qarşısında qoyması özlüyündə ortadan çıxır”.

Bütün bunlarla yanaşı R.Bayramov qeyd edib ki, beynəlxalq təşkilatların mövqeyinin, ayrı-ayrı dövlətlərin bu məsələdə spekulyasiyaya getdiyinin şahidiyik. O, hesab edir ki, bu yardım sadəcə olaraq Azərbaycanın beynəlxalq miqyasda əlini gücləndirə biləcək bir addımdır: “Azərbaycan deyir ki, mən özüm öz vətəndaşlarımın istənilən problemini həll etməyə hazıram və bununla bağlı hər hansı başqa dövlətin mənim ərazimdə insanlarıma hər hansı yardım çatdırmasına ehtiyacım yoxdur”.

Bununla belə politoloq hesab edir ki, dünyada ikilistandartların olduğu Azərbaycanın bu məsələsinə münasibətdə də özünü göstərir: “2014-cü ildə Rusiya Donetsk və Luqanskda olan insanların guya humanitar fəlakətlə üz-üzə qaldığını bəhanə gətirərək ora yardım karvanı göndərirdi. O zaman   BMT, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti və digər aparıcı ölkələr bəyanatlarla çıxış etdilər ki, Ukraynanın razılığı olmadan onun ərazisindən hər hansı yerə beynəlxalq yardımın çatdırılması hüquqa ziddir, həmin ölkənin ərazi bütövlüyünü təhdid altına almaqdır. Bu gün biz Qarabağ ermənilərinə humanitar yardımın daşınması oyununda bu etirazların şahidi olmuruq. Fransa bir yandan, Ermənistan bu yandan, dünya o biri yandan bağırır ki, ermənilərə humanitar yardım aparılsın. Heç kim də səsini çıxarıb demir ki, bu gün Azərbaycanın icazəsi olmadan belə bir yardımın Azərbaycan ərazisindən keçməsi birbaşa suverenliyimizə, ərazi bütövlüyümüzə təhdiddir, onun tapdalanmasıdır”.

Ekspert məsələ ətrafında müzakirəyə səbəb çoxlu amillərin olmasına baxmayaraq, hesab edir ki, atılan humanitar addım müsbət qiymətləndirilməlidir. Bu, ən azı, beynəlxalq müzakirələrdə Azərbaycanın əlini möhkəmləndirəcək.

hafta.az