NIPA-30

“Paşinyan sülhə hələ də hazır olmadığını nümayiş etdirir” – POLİTOLOQ

“Ermənistan Baş Naziri Nikol Paşinyanın son açıqlamaları, hələ də işğal altında olan 8 kəndimizlə bağlı sərgilədiyi qeyri-konstruktiv yanaşması, Qarabağda hansısa etnik təmizlənmə iddiaları onun sülhə hələ də hazır olmadığını göstərir”.

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu kimi hallar Ermənistan maraqlarından deyil, regionda gərginliyin qalmasında maraqlı olan ayrı-ayrı dövlətlərin maraqlarından çıxış etdiyini göstərir: “Azərbaycanla Ermənistan arasında gərginliyin qalmasında maraqlı olan qüvvələr bu vasitə ilə özlərinin Cənubi Qafqaz maraqlarını təmin etməyə çalışır və gərgin münasibətlərlə ölkələrə təzyiq imkanları əldə etmək istəyirlər. Paşinyan isə müstəqil şəxs olmadığından öz ağalarının sifarişlərini yerinə yetirmək məcburiyyətində qalıb.

Odur ki, Paşinyanın bundan sonra atacağı addımlar onun özündən yox, ona verilən sifarişlərdən asılı olacaq. Yəni başqa sözlə desək vasitəçi qismində çıxış edən ölkələr və beynəlxaq təşkilatlar sülhdə maraqlı olacaqlarsa Paşinyanı da məhz bu yöndə addımlar atmağa məcbur edəcəklər, əks halda biz yenə də Ermənistan hakimiyyətinin müxtəlif bəhanələrlə sülh prossesindən yayındığına şahidlik edəcəyik”.

R.Bayramov onu qeyd etdi ki, bu cür yanaşma Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən davam edir: “Biz faktiki olaraq bu illər ərzində birbaşa Ermənistanla deyil, ayrı-ayrı vasitəçi ölkələrlə danışıqlar aparmışıq. Yəni, Rusiya, ABŞ, Avropa İttifaqı, Fransa ilə. Ermənistan isə bu danışıqlarda sadəcə iştirakçı olub. Bir daha təkrar edirəm Ermənstanın müstəqil ölkə, Paşinyanın isə müstəqil şəxs olmaması prossesi dalana salıb. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda “sülhməramlı” kontingentin səlahiyyət müddətinin 20 il artırılmasını təklif edən Paşinyan ondan bir həftə sonra Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə ərazilərinə Avropa İttifaqının müşahidə missiyasının göndərilməsinə imza atırsa demək ki, bu adam öz sözünü deyil məhz ayrı-ayrı vasitəçilərin sözünü deyir. Məhz bu səbəbdəndir ki, Prezident İlham Əliyev Cənubi Qafqazın problemləri Cənubi Qafqazda həll olunmalıdır mövqeyindən çıxış edərək birbaşa danışıqlar və ya Cənubi Qafqaz ölkəsi olan Gürcüstan vasitəçiliyi ilə danışıqlar modelini təklif edir. Bu təklif əslində Ermənistanı düşdüyü bataqlıqdan, yəni, onun-bunun mövqeyindən çıxış etmək məcburiyyətindən qurtarmaq üçün əla fürsətdir. Ümumiyyətlə isə son illərin təcrübəsi göstərir ki, Ermənistanın və o cümlədən də Paşinyanın başa düşdüyü tək dil təqyiq və məcburetmə dilidir. Biz dövlət olaraq bu illər ərzində əldə etdiyimiz uğurları Ermənistanı məcbur edərək əldə etmişik. İndi də əgər Paşinyan öz yanlış mövqeyindən çəkilməyəcəksə, sülh prossesini tormozlamaq istiqamətində addımlar atmağa davam edəcəksə bundan ən çox uduzan elə özləri olacaq. Çünki indiki mərhələdə sülh Azərbaycandan çox Ermənistanın özünə lazımdır”.

Müəllif: Gülyana

sia.az