NIPA-30

Qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir

Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan eyni zamanda, güclü ordu da yaradırdı. 

30 ilə yaxın müddət ərzində Azərbaycan keçmiş “Dağlı Qarabağ problemi”ni sülhlə həll etmək üçün hər şey etdi.

Bunun üçün ATƏT-in Minsk qrupu kimi faktiki olaraq fəaliyyətsizlik nümayiş etdirən bir formatda nəticəsiz görüşlər keçirildi. Bəlkə də dünyada heç bir ölkə bu qədər səbr nümayiş etdirməzdi. Lakin Azərbaycan öz humanist mövqeyini ortaya qoyaraq məqsədinin sülh olduğunu illərdir sübut etdi. 

Xüsusi vurğulanmalı digər məqam isə Prezident İlham Əliyevin Azərbaycan Ordusuna ayırdığı diqqətdir. 

Ordu quruculuğu hər zaman Prezidentin dövlət siyasətinin prioritet istiqaməti olub. 

Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Belə ki, ötən illər ərzində ordumuzun döyüş qabiliyyəti möhkəmləndi və gücü artırıldı. 

Eyni zamanda, ordumuz ən müasir silah-sursat və texnika ilə təchiz edildi. Hətta hərbi texnika cəhətdən bir ölkədən asılı olmamaq üçün, Azərbaycan ağıllı davranaraq hərbi sənaye məhsularının alışını şaxələndirdi.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi:

“Bildirim ki, möhtəşəm qələbəyə qədərki dönəmdə Azərbaycan Ordusuna xüsusi qayğı göstərildiyi məlum oldu. Eləcə də ordunun güclənməsinə, müasir silahlarla təchiz edilməsinə və yeni hərbi-texniki vasitələrdən istifadə etmək bacarığına əsgər və zabitlərimizin yiyələnməsinə də xüsusi diqqət yetirilib.

Sirr deyil ki, bunun üçün kifayət qədər böyük məbləğdə vəsait xərclənib. O da məlumdur ki, bir nəfər xüsusi təyinatlının yetişdirilməsi üçün çox böyük vəsait lazımdır. Məhz xüsusi təyinatlı əsgər və zabitlərimiz bir çox ölkələrdə qabaqcıl texnologiyaları öyrənməklə yanaşı, hərbi təlimlər də keçiblər. Həmçinin, hərbçilərimiz müasir hərbi texnikaya yiyələnmək baxımından da çox böyük təcrübə qazandılar. 

Bütün bunlar müharibədə özünü müsbət tərəfdən göstərdi. Bu, Azərbaycan dövlətinin ordu quruculuğu sahəsində apardığı uğurlu siyasətin nəticəsi idi. Beləliklə, qısa müddət ərzində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdik, “Ohanyan səddi” kimi tanınan səddi bir neçə günə yardıq və düşmən üzərində tam olaraq möhtəşəm qələbə qazana bildik”. 

Partiya sədri bildirib ki, ordunun gücləndirilməsi prosesi davam edir:

“44 günlük Vətən müharibəsindən sonra da Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Azərbaycan Ordusu Türkiyə ordusunun kiçik modeli kimi yenidən modernləşdirilir. Biz bunun uğurlu nəticəsini İkinci Qarabağ müharibəsində də gördük.

Hesab edirəm ki, bundan sonra da ordumuzun daha çox gücləndirilməsinə xüsusi diqqət yetiriləcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadi cəhətdən kifayət qədər güclü dövlətdir. Əbəs yerə deyilmir “Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”. Ölkəmiz elə bir geopolitik məkanda yerləşir ki, ətrafımızdakı bəzi ölkələr uzun müddət ərzində Azərbaycana qarşı dost olmayan siyasət yürüdüblər. 

Hər zaman Ermənistan bizə qarşı düşmən mövqedə olub, torpaqlarımızı işğal altında saxlamaq siyasəti yürüdüblər. Bundan sonrakı dönəmdə də ordumuzun güclənməsinə və müasir silahlarla silahlanmasına xüsusi önəm verməliyik”. 

Elmir Mustafa
Cebhe.info