NIPA-30

Afsəddin Nəbiyev: “Azərbaycan-İsrail dostluğu bəzi dövlətləri qıcıqlandırır”

Yanvarın 14-də Azərbaycanda saxlanılan şəxslərin yəhudi icmasının üzvlərinə sui-qəsd təşkil etdiyi bildirilir. Bu barədə İsrailin “Kan” ictimai televiziya və radio şirkəti məlumat yayıb. 

Kanal yazır ki, Azərbaycanda ölkənin yəhudi icmasının yüksək vəzifəli şəxslərinə sui-qəsd təşkil etməyi planlaşdıran iki şübhəli saxlanılıb. “Kan” yaydığı məlumatda sifarişi verən ölkənin İran olduğunu ehtimal edir. Azərbaycan yəhudi icmasındakı mənbə “Kan”a bildirib ki, hədəf əsasən Azərbaycanla İsrail arasında əməkdaşlığı fəal şəkildə təşviq edən tanınmış şəxs olub. “İran yerli agentləri fəal şəkildə yəhudi və İsrail hədəflərinə hücum etmək üçün cəlb etməyə çalışır”, – deyə kanal yazır. Yanvarın 14-də İsrail Milli Təhlükəsizlik Şurası ölkə vətəndaşlarına bu cür cəhdlərə qarşı ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.

Görünən odur ki, İran Azərbaycanla İsrailin arasını pozmaq üçün ən çirkin vasitələrə əl atır.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, yəhudi xalqı ilə azərbaycanlılar arasında  yaranmış dostluq telləri dərin köklərə malikdir: “Bu bağlılıq yaşadığımız dövrə təsadüf etmir. Hələ keçmiş əsrin ilk illərində yəhudilərin Azərbaycanın ictimai, mədəni mühitində özünəməxsus yeri və rolu olub. XX əsrin əvvəllərində yəhudilərin Azərbaycana güclü axını tariximizdəki bir neçə mühüm mərhələyə təsadüf edir. 1918-ci ildə   Xalq Cümhuriyyəti dövrünü misal  çəkmək olar. Məlumdur ki, ömrü az olan, lakin bu az müddətdə azadlığımız, istiqlaliyyətimiz yolunda tarixi işlər görən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində yəhudilər də vardı. XIX əsrin əvvəllərində Bakıda neft mədənlərinin işə düşməsi ilə əlaqədar Azərbaycana gələn bu millətin nümayəndələri müxtəlif sahələrdə azərbaycanlılara yaxından kömək göstərmişlər. Yəhudilərin Azərbaycana gəlməsinin sonrakı, ikinci dalğası ll Dünya müharibəsi illərinə təsadüf edir. Məhz bu zaman xalqımızın humanistliyi, qonaqpərvərliyi, tolerantlığı sayəsində alman faşizminin işgəncələrindən qurtulmağa can atan çoxsaylı yəhudi ailələri respublikamıza pənah gətirib. Məhz bizim ölkədə dinc və qonşuluq şəraitində yaşamışlar. Təəssüf ki, bu dostluğa əsaslanan nümunə bəzi dövlətlərin qıcığına səbəb olub. Hər zaman bu xoşagəlməz addımları atan, xüsusən qonşu İran və digər dövlətlərin xüsusi yetişdirdikləri agentlər Azərbaycanla İsrailin arasında nifaq toxumu səpməyə çalışırlar. Ancaq bu heç vaxt mümkün olmayacaq. Yuxarıda sadaladığım faktlar tarixi tellərlə Azərbaycanla İsrail dövlətini və xalqlarımızı daha da yaxınlaşdırır. Əgər “Kan” ictimai televiziya və radio şirkəti belə bir məlumatı yayıbsa, deməli hansısa mötəbər mənbələrə əsaslanaraq bu məlumatı yayıblar. Bütün bunların həqiqəti əks etdirməsi yəqin ki, zamanında açıqlanacaq. Biz bu sahədə dövlət təhlükəsizlik orqanlarının əməkdaşlarına çox güvənirik. Ona görə Azərbaycan tərəfi, xüsusi xidmət orqanlaımız bu sahədə yüksək peşəkarlıq nümayiş etdirməklə iki dost xalq arasında nifaq toxumu səpmək istəyən qüvvələrin “istəklərini” gözündə qoyur”.