NIPA-30

“İnsan amili, onun hüquq və azadlıqları Azərbaycanın Konstitusiyasının əsas diqqət mərkəzində dayanır” – RƏY

Müasir dövlət quruculuğu və xalqın rifahı Azərbaycanda suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi üçün zəmindir. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu prinsiplərin tarixi əhəmiyyətini, eləcə də gələcəyə yönəlik strateji mahiyyətini  ön plana çıxarır.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, İnsan hüquqlarının qorunması ideyası İkinci Dünya müharibəsindən sonra beynəlxalq müstəviyə çıxıb, ilk dəfə BMT Nizamnaməsində təsbit olunub:

“1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası insan hüquqları haqqında bəyannamə qəbul etdi. Sonra insan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası qəbul edilib. Bütün müstəqil dövlətlər öz daxilində vətəndaşlarının hüquq və azadlıqlarının qorunması sahəsində qanunvericilik bazasının formalaşdırılması ilə bağlı üzərilərinə öhdəliklər götürüblər. Azərbaycan da 1991-ci ildə müstəqillyini bərpa etdikdən sonra həm insan hüquqları haqqında bəyannaməni hüquqi müstəvidə qəbul etdi, həm də insan hüquq və azadlıqları barədə Avropa Konvensiyasına qoşulmaqla öz qanunvericiliyində bu sahəyə xüsusi önəm verdi, 1995-ci ildə qəbul edilmiş Konstitusiyada insan hüquq və azadlıqları təsbit olundu. Konstitusiyanın 3-cü fəsli tam olaraq insan hüquq və azadlıqlarına həsr edilib. Bu sahədə qanunvericilik bazası  formalaşıb. Deyə bilərik ki, bu gün Azərbaycanda insan hüquq, azadlıqları və bunun qorunması ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. 2002-ci ildə Azərbaycanda “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” qanun qəbul edilib. 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsdiq edilib, eyni zamanda ölkəmizdə insan hüquqları üzrə müvəkkil institutu formalaşıb. Bir sıra qanunvericilik aktları ilə Azərbaycanda əsas insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində baza formalaşdırılıb. Konstitusiyanın 3-cü fəslində təsbit olunmuş müddəalarla əsas insan hüquq və azadlıqları, vətəndaş hüquqları, onların siyasi partiyalarda birləşmək hüquqları və bir sıra hüquqları təsbit olunub, həm siyasi partiyalarda, həm ictimai birliklərdə birləşməklə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını həyata keçirmək imkanları əldə olunub. İnsan hüquqları doğulduğu andan hər kəsə məxsusdur. Qanunvericilik bazası bu hüququn həyata keçirilməsində önəmli rol oynayır. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda guya insan hüquqlarının pozulması məsələsini gündəmə gətirirlər. Azərbaycan müstəqillik əldə edəndən sonra işğal faktı ilə üzləşdi, təxminən, 300 mindən artıq soydaşımız Qarabağdan, Şərqi Zəngəzur və ətraf rayonlardan məcburi köçkün düşmək vəziyyətində qaldı. Doğma dədə-baba yurdlarından didərgin düşmüş şəxslər əslində insan hüquqları pozulmuş şəxslərdir. Təəssüf ki, bu məsələyə beynəlxalq müstəvidə diqqət ayrılmadı. Son bir əsr ərzində 1 milyona yaxın bacı-qardaşımız bu gün Qərbi Azərbaycan adlandırdığımız torpaqlardan, əslində isə tarixi Azərbaycan torpaqlarından qovuldular. Həm sovetlər dönəmində, həm də 1988-ci ildə deportasiyaya, soyqırımına məruz qaldılar. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən gözardı edilir. Azərbaycan dövləti öz gücünə suverenliyini, ərazi bütövlüyünü, Qarabağ və ətraf rayonlara, Şərqi Zəngəzura vətəndaşlarımızın geri qayıtmaq hüquqlarını bərpa etdi. İndi isə “Böyük Qayıdış” layihəsi uğurla davam etdirilir, dövlət tərəfindən ciddi addımlar atılır. Qarşıdakı hədəflərimizdən biri Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın dədə-baba torpaqlarına qayıdış hüququnun beynəlxalq müstəvidə təsbit edilməsinə nail olmaqdır. Cəmiyyət tərəfindən qəbul edilmiş bir sıra hüquq müdafiəçiləri, ombudsman, aidiyyəti qurumlar, siyasi partiyalar, məhkəmələr də müxtəlif məsələlərlə bağlı hüquqları pozulmuş insanların hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərirlər. Hər bir insanın ombudsmana müraciət etmək hüququ da var. İnsan hüquq və azadlıqlarının qorunması bu istiqamətdə mükəlləf olmuş dövlət qurumlarının da birbaşa vəzifəsidir. 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. Hesab edirəm, bu il insan hüquq və azadlıqlarının qorunması məsələsi xüsusi diqqət mərkəzində olmalıdır. Ümid edirik, sadaladığımız işlər, atılan addımlar öz bəhrəsini verəcək”.