NIPA-30

Rəşad Bayramov: “Qərbin Mərkəzi Asiyada fəallaşması Moskvanı ciddi şəkildə narahat edir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada bir sıra Avrasiya dövlətlərinin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirə zamanı “Avrasiya məkanında sabitliyin təmin edilməsi, təhlükəsizliyin bölünməzliyi prinsipinin praktikada tətbiqi və Avrasiya problemlərinin həllində Avrasiya dövlətlərinin əsas məsuliyyətinin təmin edilməsinin zəruriliyi vurğulanıb”.

Bildirilir ki, Lavrov açılış nitqində Avro-Atlantik təhlükəsizlik konsepsiyasındakı böhranı qeyd edib və NATO dövlətlərinin Asiya-Sakit okean regionunda vəziyyətin sabitliyini pozmağa yönəlmiş təhlükəli hərəkətlərinə, Yaxın Şərqdəki partlayıcı vəziyyətə, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə təhlükələrə diqqət çəkib: “Müzakirə zamanı beynəlxalq gündəmdə olan digər məsələlərə də toxunulub, o cümlədən, Rusiya-Amerika dialoqunun problemləri və Ukrayna böhranının nizamlanması”.

Qeyd edək ki, aprelin 4-5-də Səmərqənddə Avropa İttifaqı-Mərkəzi Asiya sammiti keçirilib. Sammitdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və digər yüksək vəzifəli Aİ rəsmiləri iştirak edib. Belə görünür ki, Rusiya sammitdən ciddi şəkildə narahat olub. S.Lavrovla görüşə hansı ölkələrin səfirlərinin çağırıldığı açıqlanmasa da, onların arasında Mərkəzi Asiya dövlətlərinin nümayəndələrinin olduğu şübhə doğurmur.

Rusiya Avroittifaqın Mərkəzi Asiya ilə bağlı siyasətinə necə baxacaq?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, artıq uzun müddətdir ki, Mərkəzi Asiya ölkələrinin Rusiya və Çinin təsir dairəsindən çıxarılması ilə bağlı Qərb mühüm bir plan həyata keçirir: “İlk növbədə, artıq neçə illərdir davam edən Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında müntəzəm görüşlər, eləcə də ABŞ-ın özünün Orta Asiya ölkələri ilə bağlı planları diqqəti cəlb edir. Mütəmadi olaraq ABŞ-Qazaxıstan, ABŞ-Özbəkistan və s. bu istiqamətdə keçirilən görüşlər onu göstərir ki, Qərb bu istiqamətdə ciddi fəaliyyətdə maraqlıdır. Məsələ ondadır ki, hazırda Mərkəzi Asiya ölkələrində olan təbii ehtiyatlar, zəruri xammal ehtiyatları və s. Qərb üçün xüsusi əhəmiyyət kəsb edir. İkinci bir tərəfdən də Mərkəzi Asiya ölkələrində Qərbin möhkəmlənməsi həm də Çin və Rusiyanın təsir imkanlarını azaltmaq baxımından önəmlidir. Ona görə də davamlı şəkildə biz bu istiqamətdə Qərbin ciddi fəaliyyətini müşahidə edirik. Məlum olduğu kimi, bir müddət əvvəl Mərkəzi Asiya ölkələrinin birbaşa Aİ-yə çıxış imkanlarının əldə edilməsi ilə bağlı məsələ və dəhlizlər geniş şəkildə müzakirə olunurdu. Qazaxıstan prezidentinin Ermənistana, daha sonra Azərbaycana səfəri, ondan sonra iki ölkə arasında görüşlərə ev sahibliyi etmək istəyi və s. bu planın tərkib hissəsi idi. Əvvəl Orta Asiya ölkələri öz məhsullarını əsasən Rusiya üzərindən dünya bazarına çıxarırdılarsa, son illər Azərbaycan üzərindən məhsullarının bir hissəsini dünya bazarına çıxarırlar. Bu baxımdan Qərb müxtəlif iqtisadi layihələrlə çalışır ki, Orta Asiya ölkələrinin Rusiyadan asılılığı azalsın. Bu günlərdə Səmərqənddə Avropa İttifaqı-Mərkəzi Asiya sammitində region ölkələrinə böyük yatırımların ediləcəyi ilə bağlı vədlər verilib. Söhbət 12 milyard avroluq investisiyadan gedir. Təbii ki, bütün bunların fonunda hadisələrin gedişatı Moskvanı ciddi şəkildə narahat edir. Çünki hər nə qədər Orta Asiya ölkələrinin biznes strukturları, sahibkarlıq subyektləri daha çox Çinlə əlaqələrdə olsalar da, amma ölkələrin ümumi təsir baxımından Rusiyanın təsir imkanları bu regiona kifayət qədər genişdir. İndi də Cənubi Qafqazda mövqelərini itirən Rusiya istəmir Mərkəzi Asiyada bu təkrarlansın. O üzdən, Moskva bəzi addımlar atacaq. Ancaq məsələ ondadır ki, bu gün Rusiya Qərbin bu regiona verəcəyi iqtisadi imkanları əvəz edəcək gücə malik deyil. Belə bir iqtisadi gücü yoxdur. Çünki Ukrayna müharibəsi səbəbindən ciddi iqtisadi itkilərə məruz qalıb. Bu səbəbdən diplomatik üsullardan və digər təzyiq vasitələrindən istifadə ediləcək. Bütün hallarda Rusiya Qərbin Orta Asiyada artan fəallığından narazıdır”.