Rəşad Bayramov: “Bu, Ermənistanda revanşizmi bir qədər də körükləyəcək”
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində Avropanın müdafiə üzrə komissarı Andrius Kubilius ilə müdafiə və hərbi sənaye kompleksi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.
Qriqoryan Ermənistan hökumətinin müdafiə və hərbi sənayenin inkişafı istiqamətində gördüyü işləri, eləcə də bu sahələrdə prioritetləri təqdim edib.
Kubilius öz növbəsində Avropa İttifaqının müdafiə və hərbi istehsal sahəsində prioritetləri, bu çərçivədə hazırlanmış strateji konsepsiyalardan irəli gələn fəaliyyət planı barədə ətraflı danışıb.
Görünən odur ki, Avroittifaq Ermənistanın Azərbaycanla sülh sazişini imzalamasını gözləmədən İrəvanla hərbi, hərbi-sənaye sahəsində əməkdaşlığı dərinləşdirmək istəyir. Belə himayədarlığı görən Ermənistan sülh sazişi imzalayarmı?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, əslində Ermənistanın bu istiqamətdə Avropa İttifaqı ilə danışıqlar aparması gözlənilən idi: “Çünki Aİ-yə üzvlük prosesinə start verən ölkənin bu və ya digər şəkildə birgə hərbi əməkdaşlığı ehtiva edən müzakirələrə də başlaması normaldır. Digər tərəfdən də, özünün Cənubi Qafqazda maraqlarını təmin etmək istəyən Aİ-nin də Ermənistanla bu şəkildə hər hansı müzakirə aparması başadüşüləndir. Avroittifaq onsuz da Avropa Sülh Fondu vasitəsi ilə Ermənistanın silahlanmasında bu və ya digər şəkildə iştirak edir. Eləcə də, hazırda Ermənistan ərazisində fəaliyyətini davam etdirən missiya vasitəsi ilə həm kəşfiyyat məlumatlarının mübadiləsi, həm sərhəddə boşluqların müəyyənləşdirilib Ermənistana həmin istiqamətdə möhkəmlənmək üçün dəstək verilməsi işində Aİ-nin müşahidə missiyası aktiv şəkildə fəaliyyət göstərir. Bu prosesin indiki mərhələdə baş tutması, yəni birgə hərbi əməkdaşlığı ehtiva edən birbaşa sazişlərin imzalanması hələ mümkünsüzdür. Çünki Avropa İttifaqı daha çox yeni hədəflədiyi ölkələri yox, özünün təhlükəsizliyini bir nömrəli prioritet olaraq qoyur. ABŞ-ın faktiki olaraq tədricən Aİ-nin təhlükəsizliyindən imtina etməsi bu qurumun böyük ölçüdə öz təhlükəsizliyini təmin etmək üçün yollar axtarışında olmasının nəticəsidir. Ancaq buna baxmayaraq, bütün bu proses təbii olaraq Ermənistanda sülhdən yayınmaq meyllərini artırır. Rəsmi İrəvan görəndə ki, Avroittifaq onlarla hərbi əməkdaşlığı genişləndirir, o zaman kompromisə getməz. Bu, ölkədə revanşizmi bir qədər də körükləyəcək. Çünki o halda həmin qüvvələr üçün əsas yaranacaq. Biz unutmamalıyıq ki, hansı düşərgəyə mənsub olmasından asılı olmayaraq, Ermənistanda revanşist qüvvələrin tərkibi rəngarəngdir. Təkcə Rusiyaya bağlı qüvvələr revanş mövqeyindən çıxış etmir. Yəni davamlı şəkildə hərbi dəstəyin göstərilməsi, hərbi-texniki əməkdaşlıqla bağlı sazişlərin imzalanması, ayrı-ayrı Qərb dövlətlərinin, təsisatların bu istiqamətdə Ermənistana verdikləri dəstək revanşist meylləri gücləndirməklə yanaşı, yanlış bir təsəvvür də formalaşdırır. Yenidən ərazilərimizin işğal edilməsi təsəvvürləri formalaşır. Bütün hallarda, Aİ-nin Ermənistanla hərbi əməkdaşlığı sülh sazişi prosesinə mənfi təsir göstərəcək”.