NIPA-30

Sülh, inkişaf və rifah yolu

Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Eyni zamanda Çin dünya iqtisadiyyatında çəkisinə görə ikinci ölkə hesab olunur. Bu baxımdan Çin Xalq Respublikasının dünya iqtisadiyyatına və siyasətinə təsir imkanları kifayət qədər genişdir. Azərbaycan dövləti 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Çinlə müxtəlif sahələrdə münasibətlər formalaşıb. İlkin olaraq diplomatik münasibətlər çərçivəsində əməkdaşlıq yaradılıb.

1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycanda və Azərbaycanın Çin Xalq Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Bundan sonrakı dönəmlərdə də müxtəlif sferalarda Azərbaycan-Çin münasibətləri artan dinamika üzrə inkişaf edib. Münasibətlərin inkişafına rəvac verən məsələlərdən biri də ondan ibarətdir ki, 1995-ci ildən indiki dövrə qədər Çin sahibkarları Azərbaycan iqtisadiyyatına təxminən 1 milyard dollar civarında sərmayələr qoyublar. Paralel olaraq Azərbaycan tərəfindən də Çin iqtisadiyyatına bundan iki dəfə artıq investisiya yatırılıb. Həmçinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də münasibətlər uğurla inkişaf edir. Əlaqələrin daha da genişlənməsinə səbəb olan bir neçə sənədlər də imzalanıb. Belə ki, 2019-cu ildə Pekin beynəlxalq forumunda Azərbaycanla Çin arasında iqtisadiyyat, sənaye və investisiya sahələrini əhatə edən mühüm sənəd imzalandı və mövcud münasibətlərin daha da dərinləşməsi üçün hüquqi baza yarandı. Son 5 il ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi təxminən 3 milyard yarımdan çox olub və bu da onu deməyə əsas verir ki, Çin Azərbaycanda ticarət tərəfdaşı olan dördüncü ölkədir.

Azərbaycan enerji daşıyıcıları ilə dünya miqyasında maraqları cəlb edir. Yalnız neft və qazla deyil, bərpaolunan enerji, sahəsində də ciddi irəliləyişlər nəzərə çarpır. 2024-cü il iyulun 3-də Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalandı. Beləliklə, strateji tərəfdaşlığın bütün sahələrinə xidmət edəcək məsələlər müəyyənləşdi. Bu, iki ölkə arasında münasibətlərin inkişafı baxımdan qurulan yol xəritəsi oldu. Eyni zamanda 4 il ərzində Azərbaycanın dövlət başçısının, hökumət nümayəndələrinin, xarici işlər nazirlərinin və digər rəsmilərin Çinə səfərləri reallaşdı. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev Çinə dövlət səfəri edib. Səfər çərçivəsində Azərbaycan-Çin dövlət başçıları arasında görüş baş tutub. Görüşdə Çin Xalq Respublikasının sədri Azərbaycan Respublikası Prezidentini Çin xalqının yaxın dostu adlandırıb. Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduqlarını, ümumiyyətlə, dövlətimizin Çin üçün əhəmiyyətini xüsusilə vurğulayaraq gələcəkdə münasibətlərin daha da dərinləşməsinə maraqlı olduqlarını ifadə edib. Həmçinin Prezident İlham Əliyev də Azərbaycanın Çinlə münasibətlərinin inkişafını bütövlükdə regiona müsbət təsirindən söz açıb. Münasibətlərin bu kontekstdə inkişafı bölgədə sülhün və sabitliyin əsasıdır.

Arzuxan ƏLİZADƏ,

Milli Məclisin deputatı.