NIPA-30

“Keçmiş məcburi köçkünlərin Bakıda və digər ərazilərdə yaşadıqları zaman mülki evlərə dəymiş ziyana görə Ermənistandan kompensasiya tələb olunmalıdır” – ARAŞDIRMA

Məlum olduğu kimi, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları prosesi davam edir. Bu mərhələdə gündəmə gətirilən əsas mövzulardan biri 30 il ərzində keçmiş məcburi köçkünlərin yaşadıqları mülki şəxslərə məxsus evlərin aqibətinin nə olacağıdır. Ünvanlanan suallar arasında bir sıra cavabsız qalan məqamlar var: məskunlaşdıqları evlərdən çıxmaq istəməyən keçmiş məcburi köçkünlərlə bağlı qanun çərçivəsində hansı addımlar atıla bilər, 30 il ərzində evlərə dəyən ziyanla bağlı xərcləri kim qarşılamalıdır?

Pravda.az xəbər verir ki, indiyədək işğaldan azad edilən ərazilərdə 3464 ailənin, 13745 nəfər keçmiş məcburi köçkünün daimi məskunlaşması həyata keçirilib. Proses mərhələli şəkildə həyata keçirilir, yaşayış şəraiti təmin edildikcə, keçmiş köçkünlər dədə-baba yurdlarına qayıdırlar.

Bəs məskunlaşdıqları evlərdən çıxmayan məcburi köçkünlərlə bağlı hüquqi müstəvidə hansı addımlar atıla bilər?

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə qaçqın və köçkün həyatı yaşamağa məcbur qalan soydaşlarımız var idi:

“Dövlətimiz sonradan imkanlarını artırdıqca bir müddət çadırlarda çox əzablı günlər keçirən bu insanları evlərlə təmin etdi. Həmin evlər birbaşa həmin şəxslərin mülkiyyətinə verilməyib. Əvvəldən də dövlətimizin konsepsiyası, millət olaraq siyasi iradəmiz bundan ibarət idi ki, öz torpaqlarımıza geri qayıdacağıq. Təbii ki, ərazilərimiz heç bir halda ermənilərin əlində qala bilməzdi. Nəhayət, “Böyük Qayıdış” dövründə həmin şəxslərin yaşadıqları evləri təhvil verəcəkləri əvvəlcədən nəzərdə tutulmuşdu. Həmin evlər bu səbəbdən mülkiyyətə verilməsə də, istisna hallar var. Keçmiş məcburi köçkünlərin bəziləri sonradan evləri özəlləşdiriblər. Əslində isə onların Qarabağa geri qayıdışı təmin olunandan sonra bu evlər yenidən dövlətə qaytarılmalıdır, çünki evə ehtiyacı olan şəxslər çoxdur. Şəhid, qazi ailələri… Artıq bu təcrübə var. Məsələyə digər tərəfdən də yanaşılmalıdır. Bəzi köçkün ailələri 30 ilə yaxın müddət ərzində Bakıda və respublikanın digər ərazilərində məskunlaşıblar. Övladları doğulub, boya-başa çatıb. Həmin gənclər indi müxtəlif sahələrdə işləyirlər. Onların öz iş yerlərini qoyub, yenidən əvvəlki ərazilərə qayıtmaları ilə bağlı bəzən müəyyən problemlər yaşana bilər. Bu baxımdan hesab edirəm, məsələyə bir qədər fərqli yanaşılmalıdır. Əslində təsəvvür etmirəm ki, öz dədə-baba yurdundan zamanında çıxmaq məcburiyyətində qalmış insan öz ata ocağına, kəndə, şəhərə qayıtmaq fikrindən uzaq olsun. Əlbəttə, istisnalar olacaq. Belə olacağı təqdirdə onları imperativ qaydada, məcburi surətdə Qarabağa geri qaytarmaq düzgün yanaşma olmaz. Dövlətimiz Qarabağda daha yaxşı şərait yaradır, yenidənqurma işləri aparılır, çox müasir evlər tikilir, infrastruktur layihələri gerçəkləşdirilir, yollar, kommunikasiya xətləri çəkilir və s. Birmənalı olaraq geri qayıdan insanlar üçün məşğulluq problemi də həll olunmaqdadır. Bundan böyük əksəriyyəti faydalanacaq. Müxtəlif səbəblərdən geri qayıtmaq imkanında olmayan şəxslər üçün müəyyən güzəştlər edilməlidir. Vəziyyətdən sui-istifadə etmək hallarına heç bir halda yol verilməməlidir. “Buradakı evi də saxlayım, gedim Qarabağda yenidən bərpa olunan evlərdən də alım…” Bunun kimi sui-istifadə cəhdlərinin qarşısı birmənalı alınmalıdır. Həmin insanların hüquqları qorunmaqla geri qayıdışları ilə yanaşı məşğulluq problemləri də həll edilməlidir”.