Afsəddin Nəbiyev: “Belə problemlər təkcə qonşu dövlətlərin imzaladığı qanunlarla tənzimlənmir”
Konyak spirti daşıyan bəzi avtomobillər buraxıldı, lakin təəssüf ki, problem həll edilmədi, çünki problemin həlli onun səbəbinin institusional anlayışını nəzərdə tutur.
Bunu Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan mayın 15-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində Rusiyaya konyak spirti ixrac edən erməni yük maşınlarının Gürcüstanda saxlandığı, plombların qırıldığı, nümunələr götürülüb analizə göndərildiyi, bu məhsulların Gürcüstan üçün nəzərdə tutulmadığı, Gürcüstanın sadəcə olaraq tranzit ölkə olduğu faktına toxunaraq bildirib: “Düzünü deməliyəm, səbəblər bizə aydın deyil, biz bütün səviyyələrdə problemin həllini tapmağa çalışırıq. Qeyd etmək istərdim ki, bizim ilkin razılaşmamız var. Yaxın günlərdə ola bilsin ki, mən Gürcüstana səfər edərək, problemləri yerindəcə həll edəcəm”.
Maraqlıdır, Gürcüstanla Ermənistanın arasında nə baş verir, bu konyakları niyə saxlayırlar? Erməni rəsmisi deyir konyakları Rusiyaya ötürmək istəyirik. O üzdən, burada nə ola bilər? Bu, Gürcüstana Qərbdən gələn sifarişin nəticəsi ola bilərmi? Bu, Tbilisinin Moskvaya doğru reverans etməsi sayıla bilərmi? Yəni Ermənistanı sıxır ki, Gürcüstanla Rusiyanın münasibətləri düzəlsin. Ümumiyyətlə, bu baş verənlərin kökündə nə dayana bilər?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada bir neçə səbəb ola bilər: “Görünən odur ki, erməni nazir Gevorq Papoyan bu problemin fonunda Ermənistanın regionda təcrid vəziyyətinə diqqət çəkmək niyyətini ortaya qoyur. Axı belə problemlər təkcə qonşu dövlətlərin imzaladığı qanunlarla tənzimlənmir. Dünya dövlətlərinin əksəriyyəti Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür və həmçinin Gürcüstan, Ermənistan “Beynəlxalq yükdaşımaları haqqında” 1975-ci il Gömrük Konvensiyası əsasında bu məsələləri tənzimləyir. Ancaq burada bir məqama diqqət yetirsək görərik ki, Ermənistanla Rusiya arasında son gərginliklər bu məsələdə də özünü göstərir. Belə ki, aylar öncə Rusiya Federasiyasının Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqı tədqiqat üçün Ermənistanın 20-dən çox brendindən 200 konyak nümunəsi götürürərək laboratoriyaya təqdim edib və analiz nümunələrinin 90%-də pozuntular aşkar edilib. Araşdırma zamanı məlum oldu ki, konyak qeyri-üzüm mənşəli spirtlərdən hazırlanıb. Təbii ki, belə hallar qonşu Gürcüstanı narahat etməyə bilməz. Gürcüstan tranzit ölkə olsa belə, beynəlxalq qaydalara görə, ermənilərin saxta məhsullarının öz ölkəsindən daşınıb digər ölkəyə keçirilməsinə məsuliyyət daşıyır. Ola bilər ki, belə bir məqamda Avropa dövlətləri Gürcüstana təzyiq etmiş olsunlar və yaxud Gürcüstanın Rusiya ilə son vaxtlar münasibətləri normal məcraya yönəlməsilə belə addımların atılması mümkündür. Bütün bunları Ermənistanın hakimiyyət nümayəndələri bilməmiş deyillər. Ona görə Ermənistan rəhbərliyi təcili olaraq Azərbaycanla sülh sazişinə tələsir ki, Ermənistanı Azərbaycan və Türkiyə vasitəsilə təcrid vəziyyətindən çıxarsın. Təbii, biz də istərdik ki, sülh sazişi imzalansın, amma Ermənistan tərəfi Azərbaycanın sadə sülh şərtlərini qəbul etməlidir. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları bəndini aradan qaldırmadan sülh sazişi mümkün deyil. Əgər ermənilər bütün bunları etsələr, düşdükləri tıxac vəziyyətindən çıxa bilərlər”.