Rəşad Bayramov: “Ukrayna məsələsində Moskvanın Bakıya irad bildirməyə, hansısa addım atmağa haqqı yoxdur”
Məlum olduğu kimi, Azərbaycan-Ukrayna münasibətləri yeni mərhələyə keçir. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Bakıda səfərdə olub. Həmçinin Laçın və İrpen şəhərləri qardaşlaşır.
Bütün bunların fonunda Azərbaycan Ukraynaya humanitar yardım dəstəyini artırır. Hətta yardımı artıracağını bəyan edib. Bununla yanaşı, 10-11 iyul tarixlərində İtaliyanın paytaxtı Romada Ukraynanın Bərpası Konfransı keçiriləcək və Azərbaycan bu tədbirə qatılacağını bəyan edib.
Maraqlıdır, bütün bu qeyd edilənlərə Rusiyanın reaksiyası necə olacaq? Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərində özünü necə göstərəcək?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Azərbaycanın Çinlə münasibətləri inkişaf etdirməsi, paralel olaraq Avropa İttifaqı ilə gərgin münasibətlərin arxada qalması yeni vəziyyət formalaşdırır: “Azərbaycan-Aİ münasibətlərində yeni səhifə açılması, Ukraynaya indiyə qədər olan dəstəyin bundan sonra da artırılacağı istiqamətində bəyanatlar verməsi əslində ölkənin müstəqil xarici siyasət kursu yeritməsindən irəli gəlir. Bu gün olduqca gərgin bir beynəlxalq münasibətlər sistemində belə fəaliyyət göstərmək, müstəqil xarici siyasət kursu yeritmək hər ölkənin işi deyil. Ancaq Azərbaycan indiyə qədər öz davranışları ilə, atdığı addımlarla həm dost ölkələrə, həm ölkəmizlə yaxşı münasibətləri olmayan dövlətlərə bir nümunə göstərdi. Yəni Azərbaycanla bu və ya digər şəkildə təzyiq dili ilə danışmağın mümkün olmadığını göstərdi. Azərbaycan bununla özünün müstəqil xarici siyasət kursundan geriyə addım atmayacağını sübut edə bilib. Konkret Ukraynaya gəldikdə isə, Azərbaycan ilk gündən bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə öz dəstəyini ifadə edib. Ölkəmiz nəinki indi, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı dövründə də Ukraynaya dəstək verib. Krımın Ukrayna ərazisi olduğunu bəyan edib. Bütün beynəlxalq platformalarda da bu mövqeyi dəfələrlə müdafiə edib. Biz Rusiyanın Ukraynaya ilk hücumu zamanı verilən qərarları da xatırlayırıq. O zaman Ukrayna ərazisində fəaliyyət göstərən SOCAR-ın yanacaqdoldurma məntəqələri təcili yardım, yanğınsöndürən maşınları pulsuz yanacaqla təmin edirdi. Ondan sonra Ukraynaya humanitar yardımların göstərilməsi onu göstərdi ki, Azərbaycan Ukraynanın yanındadır. İndiyə qədər Ukraynaya 40 milyon dollardan artıq humanitar yardım göstərilib. Bunun davam edəcəyinə də heç bir şübhə yoxdur. Bütün bunlar, təbii ki, Rusiyanı narahat edir. Ancaq bu məsələdə Moskvanın Bakıya irad bildirməyə, hansısa addım atmağa haqqı yoxdur. Çünki Azərbaycan ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edir. Azərbaycanın bu istiqamətdə fəaliyyətində də hər hansı bir ədalətsizlik və fərqli yanaşma tapmaq mümkün deyil. Biz uzun illər ərzində ərazisi işğal altında olan, separatizmdən əziyyət çəkən ölkə olaraq Ukraynanın düşdüyü vəziyyəti anlayırıq. Rusiya buna görə irad bildirməkdənsə, Azərbaycanla bağlı yanaşmasına göz gəzdirməlidir. Müttəfiqlik haqqında müqavilə imzalayıb, amma sonra şərtlərinə əməl etməyib. Təyyarəmizin vurulmasına görə üzr istəməyən ölkənin buna görə bizə irad tutmağa haqqı yoxdur. Bununla bağlı Azərbaycana təzyiq etmək üçün Rusiyanın rıçaqı da yoxdur. Çünki Azərbaycan Ermənistan deyil”.