Sülh prosesində Azərbaycanın haqlı tələbləri reallaşmalıdır
Ötən dövr ərzində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla çoxsaylı görüşləri baş tutmuşdur. Bu görüşlər əsasən müxtəlif beynəlxalq və regional formatlarda, eləcə də ikitərəfli tədbirlər çərçivəsində təşkil olunmuşdur. Növbəti görüşün Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilməsi gözlənilir.
Azərbaycanın mövqeyi dəqiq, prinsipial və vahiddir. Dövlətimizin əsas tələbi ondan ibarətdir ki, Ermənistan öz konstitusiyasından Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı irəli sürdüyü ərazi iddialarını tam şəkildə götürməli və bunun üçün konstitusional müstəvidə referendum keçirilməlidir. Eyni zamanda, Azərbaycan tərəfi beynəlxalq hüquqa və ədalət prinsiplərinə söykənən digər haqlı tələblərini də ortaya qoyur ki, onlardan geri çəkilmək mümkün deyil. Ermənistan da bu reallığı dərk edir.
Hazırda erməni cəmiyyətində siyasi-iqtisadi və sosial gərginliklər mövcuddur. Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə siyasi rəqiblərini sistemli şəkildə sıxışdıraraq sıradan çıxarmaq istiqamətində addımlar atmış, bu prosesdə keçmiş prezidentlərin – Robert Köçəryan və Serj Sarkisyanın təmsil etdiyi Rusiyanın təsirində olan qüvvələri zəiflətmişdir. Bu məqam erməni cəmiyyətində müəyyən dəstək qazanmasına səbəb olmuşdur, çünki erməni ictimaiyyəti müharibənin ağır nəticələri ilə üzləşməkdən narahatlıq duyur.
Nikol Paşinyanın qarşısında dayanan əsas rəqib institusional güc Ermənistan kilsəsidir. Paşinyan kilsə ilə ciddi münaqişəyə girmiş, hətta bu münaqişə çərçivəsində müəyyən həbslər həyata keçirilmişdir. Belə addımların arxasında həm siyasi rəqiblərini növbəti parlament seçkiləri ərəfəsində zəiflətmək, həm də hakimiyyətdə qalmaq məqsədi durur. Bu baxımdan növbəti parlament seçkilərində Paşinyanın uğur qazanması, hökuməti formalaşdırması və referenduma getməsi prosesinin qaçılmazdır. Gözlənilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və dəyişməz mövqeyi özünü bir daha göstərəcək. Bu mövqe Ermənistan tərəfindən qəbul olunmalı, əsasən də Azərbaycanın tələbləri təmin edilməlidir. Hazırda tərəflər arasında digər texniki və prosedur məsələlər razılaşdırılmışdır, lakin əsas siyasi tələblər – referendumun keçirilməsi, Ermənistan konstitusiyasından ərazi iddialarının çıxarılması və ATƏT-in Minsk qrupunun həmsədrlərindən qarşılıqlı imtina müzakirə və razılaşma mövzusudur.
Bu kontekstdə, sülh prosesinin irəliləməsi üçün ilkin addım kimi referendumun keçirilməsi daha tez həyata keçirilə bilər. Əgər Ermənistan rəhbərliyi həqiqətən sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, bu addımları atmaqdan çəkinməməlidir. Bununla yanaşı, Azərbaycanın haqlı və əsas tələblərindən biri də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın doğma torpaqlarına qayıtmaq hüququnun tanınmasıdır. Bu məsələ Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir və Prezident İlham Əliyevin gündəmində daim aktualdır. Hazırkı geopolitik və regional şəraitdə qarşı tərəfin müvafiq addımlar atması sülh prosesinin uğurlu nəticələnməsi üçün əsas şərtdir.
Arzuxan ƏLİZADƏ,
Milli Məclisin deputatı.