“Biz işləri izləyir, müşahidə edir və öz töhfəmizi verməyə çalışırıq” – SORĞU
Məlumdur ki, dünən ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin və nümayəndələrinin növbəti səfəri Ağdam şəhərinə təşkil olunub. Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri ölkəmizdə təşviq edilən siyasi dialoq mühitinin ayrılmaz hissəsidir. Demokratik ənənələrin dərinləşməsinə xidmət edən bu təcrübə Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır və fəal şəkildə dəstəklənir. Dialoq mühiti siyasi müstəvidə tərəflər arasında etibarlı və güvənli münasibətlərin formalaşdırılmasına xidmət edir.
SİA mövzu ilə bağlı səfərdə iştirak edən siyasi partiya sədrləri arasında sorğu edərək onların təəssüratlarını öyrənib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə təşkil olunan bu səfər sayca səkkizinci, Ağdama isə ikinci səfər idi. İlk səfərimiz 2021-ci ilin 17 mart tarixində reallaşmışdı. Həmin vaxt Ağdamın ümumi vəziyyəti barədə təəssüratlarımızı bölüşərkən həm qürur, həm də dərin kədər hissi keçirmişdik. Ağdam şəhəri faktiki olaraq viran qoyulmuş, infrastrukturu tamamilə dağıdılmış vəziyyətdə idi. Beynəlxalq media nümayəndələri tərəfindən Ağdam Hirosima və Naqasakiyə bənzədilirdi. Bu, heç də mübaliğə deyildi: şəhərin demək olar ki, bütün tikililəri – yaşayış evləri, ictimai binalar, məktəblər və məscidlər – tamamilə yerlə bir edilmişdi. Ağdam məscidi isə dağıdılmasa da, mənəvi təhqirə məruz qalmışdı. Lakin aradan keçən 4 il ərzində Ağdamda müşahidə etdiyimiz mənzərə tamamilə dəyişmişdir. Bu dəfə Ağdama yeni çəkilmiş dəmir yolu xətti vasitəsilə – sürət qatarı ilə getdik və bu nəqliyyat infrastrukturunun yüksək səviyyədə təşkil olunduğuna şahidlik etdik. Bu həm də bölgədə nəqliyyat əlçatanlığının artırılması baxımından mühüm addımdır.
Hazırda Ağdam şəhəri ərazisində genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Heydər Əliyev Fondu və digər dövlət qurumlarının dəstəyi ilə infrastruktur layihələri reallaşdırılır, yol kəsişmələri salınır, yeni məktəblər və mehmanxanalar tikilir. Şəhərdə yerləşən Ağdam Sənaye Parkında artıq məhsul istehsalı həyata keçirilir və bu məhsullar ixrac olunur.
Səfər çərçivəsində Xıdırlı kəndində də olduq. Burada Qırğızıstanın birbaşa dəstəyi ilə inşa edilmiş yeni orta məktəb və yaşayış infrastrukturu ilə tanış olduq. Kənd tamamilə yenidən qurulub, abadlaşdırılıb. Bu ərazilərə artıq ilk ailələrin köçürülməsinə başlanılıb.
Qısa müddət ərzində, cəmi 4 ilə yaxın bir vaxtda Ağdamda demək olar ki, yeni şəhər salınmışdır. Əgər əvvəllər Ağdamın əhalisi 40 min nəfər idisə, hazırda şəhərin 100 min nəfərlik əhali üçün planlaşdırıldığı görünür. Bu da onu göstərir ki, Ağdam gələcəkdə Azərbaycanın dördüncü böyük şəhəri kimi formalaşacaq.
Səfər zamanı görülmüş və planlaşdırılan işlər haqqında ətraflı məlumat verildi. Əldə etdiyimiz təəssüratlar olduqca müsbətdir. Qarabağ bərpa olunur, insanlarımızın geri qayıdışı üçün münbit şərait yaradılır. Eyni zamanda bu cür səfərlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kursun davamı kimi qiymətləndirilməlidir. Yeni siyasi münasibətlər sisteminin formalaşması istiqamətində atılan addımlar ölkəmizin dayanıqlı inkişafını və milli həmrəyliyini təmin edir. Səfərin təşkilində iştirak edən bütün qurumlara – Prezident Administrasiyasının aidiyyəti şöbəsinə, Ağdam üzrə nümayəndəliyə və əməkdaşlara təşəkkürümüzü bildiririk”.