Trampın qərarı Avropanı da YUXUDAN OYATDI – Ukrayna üçün TARİXİ FÜRSƏT
ABŞ Prezidenti Donald Trampın Ukraynaya müdafiə məqsədlərilə silah yardımını bərpa etməsi, digər dövlətləri də bu istiqamətdə daha aktiv fəaliyyətə keçməyə sövq edib.
Belə ki, Trampın Rusiyanın atəşkəsi dayandırmaq istəməməsindən məyus olduğu və bu əsasda Kiyevə daha geniş həcmdə müdafiə silahları verəcəyini bəyan etməsi döyüşən tərəf olaraq Ukrayna ilə yanaşı Avropanı da ruhlandırıb. Artıq NATO üzvü olan Avropa ölkələri hərbi büdcələrini ÜDM-nin 5 faizinə çatdırmaq qərarına gəlib.
Almaniya, Fransa, Böyük Britaniya kimi Avropa nəhəngləri də öz silah istehsalını artırmaq yolunu tutublar. Bu fonda Ukraynaya dəstək də artırılacaq. Ukraynaya dəstəyin artırılması isə istər-istəməz onun müqavimət gücünü artıracaq.
Görəsən, Qərbdən gələn dəstəyin artması fonunda Ukrayna Rusiyanın cəbhə xəttində irəliləməsinin qarşısını ala biləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, ABŞ başda olmaqla Qərbin dəstəyinin artması Ukraynanın müqavimət imkanlarını gücləndirəcək.
Bununla yanaşı, həmsöhbətimizin fikrincə, bu dəstək bir qədər də artırılmalıdır ki, təcüvüzün qarşısı tam alınsın:
“Amma təəssüf ki, Kiyevə sona qədər lazımi dəstək verilmir. Üç ildən artıqdır müharibə davam edir. Görünən odur ki, müharibənin davam etməsində maraqlı olan qüvvələr var. Ukrayna ilə faktiki olaraq poliqona çevrilib, o burada qurbandır. 15 milyon ukraynalı ölkəni tərk edib”.
AMİP sədri deyir ki, Qərb Rusiyanın tam qələbəsinə imkan verməyəcək:
“Lakin müharibə uzanacaq. Bunun da səbəbi Kiyevə lazımi dəstəyin mərhələli-mərhələli şəkildə verilməsidir. Müharibəni uzatmaqda Qərbin əsas hədəfi isə Rusiyanı çökdürməkdir:
Amma daha çox əziyyət çəkən tərəf Ukraynadır. Bildiyiniz kimi Tramp hakimiyyətə gələndən sonra müəyyən qədər Rusiyaya reveranslar etməyə başladı. Ukraynaya təpki göstərdi. Bununla müharibəni dayandırıb, Moskva ilə hansısa formada razılığa gələ biləcəyini düşünürdü. Amma nəticə etibarı ilə göründü ki, Tramp Rusiyaya reverans etdikcə Kremlin hərbi təzyiqləri də artır.
Belədə Ukrayna daha çətin duruma düşür. Nəticədə Tramp da siyasətini dəyişərək, Ukraynaya müdafiə silahlarının veriləcəyini bəyan edərək, bu istiqamətdə tədarükə başlayıb. Trampın açıqlamaları Avropa liderlərini də ciddi şəkildə silkələdi. Belədə, Avropa ölkələri dəstəyi daha da artırdı.
İstənilən halda Rusiyanın qələbəsinə imkan verməyəcəklər. Rusiya nə qədər müharibəni aparacaqsa, bir o qədər də zəifləyəcək. Onun hərbi, insan resursları tükənməkdədir. Çindən, Şimali Koreyadan əsgər gətirmək məcburiyyətində qalıblar”.