NIPA-30

Afsəddin Nəbiyev: “Rusiya belə gülünc metodları təkcə Ermənistanda tətbiq etmir”

Rusiyada erməni konyakı standartlara uyğun gəlmir. Rusiyada satışda olan erməni mənşəli konyakların 85%-ə qədəri ölkənin qaydalarına və dövlət standartlarına (GOST) uyğun gəlmir. Bu barədə “Soyuzkonyak” və “Antikontrafakt” təşkilatlarının birgə araşdırmasında deyilir.

Ekspertlər bildiriblər ki, bəzi erməni istehsalçıları Rusiya bazarına göndərilən məhsullara süni aromatizatorlar əlavə edir, təxminən 50%-i isə üzüm mənşəli olmayan spirtlərdən istifadə edir. Araşdırma nəticələrinə görə, bu cür məhsulların “konyak” adlandırılması qanunvericiliyə ziddir və istehlakçıların aldadılması deməkdir.

O da məlumdur ki, Rusiyanın Ermənistana iqtisadi nöqteyi-nəzərdən təzyiq rıçaqları, siyasi, hərbi təzyiq imkanlarından daha böyükdür. Ancaq indiyə qədər Rusiya iqtisadi təzyiq resurslarından Ermənistana qarşı o qədər də istifadə etməyib. Görünür, artıq iqtisadi təzyiqlərin işə salınmasına qərar verilib və bununla Rusiya Ermənistana qarşı təzyiqi astaca işə salır.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Dəfələrlə Kremlin ənənəvi olaraq istifadə etdiyi “yumşaq təzyiqin” şahidi oluruq. Rusiya belə gülünc metodları təkcə Ermənistanda tətbiq etmir. Biz bunun Moldova, Azərbaycan, Orta Asiya dövlətlərinə qarşı təzyiq aləti olduğunu bilirik. Rusiya ilə Azərbaycan arasında münasibətlər bir az gərginləşən anda Moskvanın Bakıya qarşı tez-tez istifadə etdiyi “pomidor” idxalına qoyulan qadağalarını xatırlayırıq. Bilirsiniz, burada ən gülməli vəziyyət nədən ibarətdir? Dünyanın ərazi baxımından ən nəhəng dövləti, içkilərlə, pomidorla, kənd təsərrüfatı məhsulları ilə qonşu dövlətlərə təzyiq göstərməyə çalışır. Hansı ki, bu məhsullar dünyanın istənilən ölkəsində öz bazarını tapa bilər, istehsalçı ölkəyə daha çox qazanc verə bilər. İndi dünyanın iqtisadi-siyasi mənzərəsi elə bir vəziyyətdədir ki, yaxşı məhsul alıcı axtarmaq məcburiyyətində deyil. Bu baxımdan Rusiyanın erməni konyaklarının keyfiyyət standartlarına uyğun olmaması barədə məlumat yayması texniki məsələ deyil, bu sadəcə dərinə gedən mesajın göstəricisidir. Ermənistanın son illər Rusiya ilə müəyyən məsafə saxlaması, Qərbə yaxınlaşması Rusiya rəsmilərinin diqqətindən yayınmır. Sanki bununla Ermənistanı “cəzalandırırlar”. Rusiya rəhbərliyi elə düşünür ki, bu təzyiqlərlə Ermənistanı yenidən Rusiyanın orbitinə qaytarmaq mümkündür. Ancaq düşünürəm ki, belə bəsit məsələlərlə Rusiya olan-qalan imicini yerlə bir etməkdədir. Açığı, etiraf etməliyik ki, Ermənistanda yüksək keyfiyyətli spirtli içkilər, xüsusilə konyak məhsulları hazırlanıb bir çox dünya dövlətlərinə ixrac olunur. Rusiyada bu məhsullara böyük tələbat var. Ancaq Rusiyanı bu addımları Ermənistanı vadar edir ki, yeni bazarlar əldə etsinlər. Onun da yeganə yolu təcili Ermənistanın Türkiyə ilə Azərbaycanla münasibətləri yüksək səviyyəyə qaldırmaq, təcili olaraq Azərbaycanın şərtlərini yerinə yetirməkdən keçir. Belə olan halda Ermənistan öz məhsullarını Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırıb, daha yaxşı qazanc əldə edə bilər. Bununla da Rusiyanın “konyak təzyiqlərindən” tamamilə qurtula bilər”.