NIPA-30

Kremlin “silahı” vurula bilər – Bakıda müzakirələr başladı

Azərbaycanda Rusiya kanallarının yayımının dayandırılması məsələsi yenidən gündəmə gəlib. Artıq “Rossia 1” dövlət kanalında yayımlanan Vladimir Solovyovun verilişi ölkəmizdə nümayiş olunmur. Səbəb isə etik hədlərin aşılması, Azərbaycan əleyhinə bəyanatların səsləndirilməsidir. Bu proqramlar başladığı zaman ekranlar qaralır və yayım dərhal dayandırılır. Bu fonda Rusiya kanallarının yayımına dair qərarın veriləcəyi ehtimal olunur. Bildirilir ki, iki ölkə arasındakı gərginlik buna təkan verə bilər.

Belə bir qərarın verilməsi gözləniləndir?


Globalinfo.az-a danışan Millət vəkili Arzuxan Əlizadə deyib ki, ölkələr arasında yaşanan son hadisələr fonunda Rusiya telekanallarında Azərbaycana qarşı nifrətdolu açıqlamalar yayımlanır:

“Bu, ilk və son deyil. Çünki Solovyov və digər erməni “yan”lıları uzun müddətdir ki, bizə düşmən mövqeyindədirlər. İkinci Qarabağ müharibəsi dövründə də Rusiya telekanallarında ölkəmiz haqda böhtan xarakterli verilişlər nümayiş etdirilirdi. Hazırda da eyni vəziyyət yaşanır. Bu kanallar birbaşa dövlət strukturları tərəfindən idarə olunur. Kremldə prezidentin razılığı olmadan Bakıya qarşı belə bir mövqe sərgilənə bilməz. Artıq bir çox postsovet ölkələri Rusiya telekanallarının yayımını dayandırıb və ya ödənişli formata keçirib. Yəni rəsmi Moskva hansı ölkədə bu kanalların fəaliyyətini istəyirsə, ödənişli şəkildə bu imkanı təmin edə bilər”.

Deputat qeyd edib ki, düşmən mövqe sərgiləyən kanalların ölkədə fəaliyyəti birmənalı şəkildə dayandırılmalı və yayımı qadağan edilməlidir:

“Bu məsələnin alternativi ola bilməz və müvafiq qurumlar qanuna uyğun tədbirlər görməlidir. Əks halda, bu kanallar mütəmadi olaraq ölkəmizin əsəbləri ilə oynamağa davam edəcəklər”.