NIPA-30

Rəşad Bayramov: “Rusiya bununla bağlı narahatlıq keçirirsə, ilk növbədə Ermənistana fokuslanmalıdır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, NATO Cənubi Qafqazda mövcudluğunu gücləndirmək cəhdlərini davam etdirir. Zaxarovanın sözlərinə görə, NATO-nun hərəkətləri region ölkələrinin resurslarından və potensialından kollektiv Qərbin maraqları naminə, xüsusən də Rusiya ilə mövcud geosiyasi qarşıdurma fonunda istifadəyə yönəlib:

“Onlara postsovet məkanında bərabərhüquqlu münasibətlər lazım deyil. Onlar resursları götürməli, ölkələri bir-birinə qarşı qoymalı və özlərini tipik müstəmləkəçilər, imperialistlər kimi aparmalıdırlar. Ümid edirik ki, region ölkələri, o cümlədən Ermənistan və Azərbaycan NATO ilə qarşılıqlı əlaqələrin dərinləşməsi risqlərini dərk edirlər”.

Azərbaycanın buna nə dəxli? Gürcüstanda keçirilən NATO təlimlərinə Ermənistan qatılıb, Azərbaycan yox. Hər il ABŞ-la hərbi təlimləri Ermənistan keçirir.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, əslində baxanda Rusiya tərəfinin bu istiqamətdə verdiyi bəyanatlar tamamilə məntiqsizdir: “Cənubi Qafqaz ölkələrinin uzun illərdir NATO ilə tərəfdaşlıq münasibətləri var. NATO-nun ayrı-ayrı proqramlarına qoşulublar. Zaman-zaman keçirilən birgə təlimlərdə iştirak ediblər. Yəni bu, dünənin, bugünün məsələsi deyil ki, bu məsələni Rusiya tərəfi böyük ölçüdə problem olaraq ortaya qoyur. Yəni NATO ilə əməkdaşlıq alyansın gəlib Azərbaycana yerləşməsi demək deyil. Rusiya bununla bağlı narahatlıq keçirirsə, ilk növbədə Ermənistana fokuslanmalıdır. Çünki hansısa NATO hərbi bazasının gəlib Cənubi Qafqazda yerləşməsi üçün potensial yer ancaq Ermənistandır. Azərbaycan heç bir halda hər hansı bir xarici ölkənin hərbi bazasının ərazisində yerləşdirilməsinə icazə verməz. Bunu indiyə qədər ən yüksək səviyyədə də bəyan edibdir. Ermənistandan isə Rusiyaya məxsus 102-ci hərbi bazanın istənilən vaxt çıxarılma ehtimalı var. İrəvan tərəfindən belə bir qərarın imzalanması hər zaman gündəmdədir. Ermənistan da öz təhlükəsizliyini təmin etmək imkanında olmadığı üçün bu və ya digər şəkildə başqa bir hərbi qurumları öz ərazisinə dəvət edə bilər. Belə olan halda, istər ABŞ, istərsə də Avropa İttifaqı ölkələri olsun, bunlar NATO strukturlarına aid olan hərbi birləşmələr olacaq. O baxımdan bu gün o bəyanatlar səsləndirilirsə, bu, Ermənistanla bağlı səslənməlidir. Ancaq təəssüflər olsun ki, Rusiyanın rəsmi dairələri hər şeydə mütləq şəkildə Azərbaycanın adının çəkilməsi yolunu tutublar. Ukraynanın Rusiya ərazisində keçirdiyi əməliyyatlarda Azərbaycan izi axtarırlar. Hər hansı bir iqtisadi problem yarananda bunu azərbaycanlı iş adamları ilə əlaqələndirirlər. Hər hansı görünən sahə ilə bağlı problem olursa, mütləq şəkildə orada Azərbaycanın adı hallandırılır. Təbii ki, bütün bunlar qəbul edilən və mümkün olan bir şey deyil. İkinci bir tərəfdən, NATO bu və ya digər şəkildə artıq regiondadır. ABŞ-ın Ermənistanda səfirliyinin 3 min nəfərə yaxın əməkdaşı var. Onların da yüzdə səksəni diplomatik fəaliyyətlə məşğul olan şəxslər deyil. Məlumdur ki, onlar kəşfiyyat, hərbi və digər sahələrlə bağlı olanlardır. Bundan başqa, Cənubi Qafqazda Azərbaycanla Gürcüstan Türkiyə ilə olduqca yaxşı münasibətlərə malikdir. Ortada Şuşa Bəyannaməsi var. Bu mənada Azərbaycana hansısa NATO ölkəsinin gəlməsinə ehtiyac yoxdur. O üzdən, Zaxarovanın dedikləri ölkələri təzyiq altında saxlamaq məqsədi güdür”.