NIPA-30

Zəngəzur dəhlizi regionu necə dəyişəcək? – ŞƏRH

Prezident İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır.

Bu isə təkcə nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi baxımından deyil, həm də yeni siyasi və iqtisadi reallıqların formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Bəs Zəngəzur dəhlizinin istifadəyə verilməsi regional güc balansına və iqtisadi əməkdaşlığa necə təsir göstərəcək?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Metbuat.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması regionda yeni tranzit xətlərinin formalaşması baxımından böyük iqtisadi dividendlər vəd edir.

Onun sözlərinə görə, bu dəhlizin əhəmiyyəti təkcə regional ölkələr üçün deyil, həm də böyük dövlətlər üçün ciddi iqtisadi və siyasi maraqlar yaratması ilə bağlıdır:

“Zəngəzur dəhlizi ideyası məhz Azərbaycandan irəli gəlib və yaranmış yeni geosiyasi reallıqlar fonunda bu layihənin reallaşma imkanları artıq kifayət qədər yüksəlib. İkinci Qarabağ müharibəsi regionun siyasi xəritəsini dəyişdi, qüvvələr nisbətini kökündən yenilədi və bunun nəticəsində yeni reallıqlar formalaşdı. Məhz bu şəraitdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təklifi ilə Zəngəzur dəhlizi məsələsi gündəmə gətirildi. Gələcəkdə bu kommunikasiya qovşağının hansı adla açılacağı, yəni Tramp yolu, Zəngəzur dəhlizi və ya başqa bir ad olması əsas məsələ deyil. Əsas olan onun açılmasının regional və qlobal tranzit xəritəsi baxımından böyük vaciblik daşımasıdır. Bu dəhliz Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz kimi mövcud marşrutlara paralel olaraq Çindən, Orta Asiyadan, Azərbaycan və Türkiyədən Avropaya yük daşımalarını genişləndirəcək. Bu isə həm vaxt baxımından daşınma müddətlərini qısaldır və rentabellik baxımından da bu yolun gələcəkdə istifadəyə verilməsi region dövlətlərinə və eləcə də bu kommunikasiya qovşağından istifadə edəcək digər dövlətlərə əlavə iqtisadi imkanlar açmış olacaq”.

A.Əlizadə xatırladıb ki, 8 avqustda imzalanan üçtərəfli sənədlər zamanı ABŞ Prezidenti Donald Tramp bölgədə kommunikasiya qovşağı açılacağı təqdirdə “çox böyük sərvət yatır” ifadəsini işlədib:

“Burada sərvət anlayışı təkcə yeraltı və yerüstü təbii ehtiyatları deyil, həm də genişlənən logistika imkanlarını əhatə edir. Biznes təfəkkürlü siyasi lider kimi Tramp Zəngəzur dəhlizinin gələcəkdə böyük iqtisadi potensialını vurğulamışdı. Eyni zamanda ABŞ şirkətlərinin Ermənistanla uzunmüddətli müqavilələr əsasında bu qovşağın istifadəyə verilməsində iştirakı da nəzərdə tutulur. Azərbaycan Prezidenti son günlərdə verdiyi açıqlamada bildirdi ki, gələn ilin ortalarınadək Azərbaycanın öz ərazisində həm avtomobil yolu, həm də dəmir yolu xətləri istifadəyə hazır olacaq. Əgər Ermənistan da paralel şəkildə işləri davam etdirsə, kommunikasiya qovşağının 2028-ci ildə istifadəyə verilə biləcəyi ehtimal olunur. Nəticə etibarilə, bu layihə region üçün son dərəcə vacibdir və onun reallaşacağı artıq şübhə doğurmur. Sadəcə müəyyən vaxt tələb olunur ki, bu mühüm kommunikasiya qovşağı tam şəkildə gerçəkləşsin”.