“Ermənistanın revanşist ritorikası sülh prosesinə ciddi təhlükə yaradır” – Arzuxan Əlizadə
“Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin və revanşist qüvvələrin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və xarici diplomatların Azərbaycan ərazisində səfər etməsi tamamilə qanuni və təbii haldır. Ermənistan tərəfindən bu səfərə görə diplomatik korpusun nümayəndələrinin hədəfə alınması Azərbaycanın suverenliyinə hörmətsizlik olmaqla yanaşı, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir. Əslində, həmin diplomatların səfəri onların təmsil etdikləri dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bir daha nümayiş etdirir”.
Bu sözləri AMİP.az-a açıqlamasında Millət vəkili Arzuxan Əlizadə deyib.
O bildirib ki, digər tərəfdən, Ermənistan cəmiyyətində Gəncəsər, Xudavəng və digər tarixi-mədəni irslə bağlı səsləndirilən iddialar tarixə birtərəfli və təhrif olunmuş yanaşmanın göstəricisidir:
“Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğu və onun zəngin tarixi-mədəni irsi dünya tarix elminə məlum olan faktdır. Bu irsin erməni irsi kimi təqdim edilməsi, eyni zamanda Ermənistan ərazisində Azərbaycan xalqına məxsus tarixi-mədəni irsin mövcudluğunun inkar olunması sağlam tarixi yanaşma ilə uzlaşmır. Azərbaycan ərazisində yerləşən bütün tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur və onların mühafizəsi Azərbaycanın üzərinə düşən məsuliyyət kimi həyata keçirilir.
Təəssüf doğuran digər məqam Ermənistan daxilində revanşist ritorikanın hələ də müəyyən siyasi dairələr tərəfindən təşviq edilməsidir. Son günlər yayılan açıqlamalar və paylaşımlar göstərir ki, bu kampaniya yalnız ayrı-ayrı revanşist qrupların fəaliyyəti ilə məhdudlaşmır. Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın mövzu ilə bağlı açıqlaması da qəbuledilməzdir və Azərbaycanın daxili məsələlərinə müdaxilə xarakteri daşıyır. Sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin sentyabr döyüşlərində həlak olmuş hərbçilərin bir dəqiqəlik sükutla yad edilməsi də revanşist əhval-ruhiyyənin gücləndirilməsinə xidmət edən siyasi mesaj kimi qiymətləndirilə bilər”.
Deputatın sözlərinə görə, bütün bunlar rəsmi İrəvanın sülh prosesində nə qədər səmimi olduğu ilə bağlı suallar yaradır:
“Ermənistan 2023-cü ildən sonra yaranmış yeni reallıqları qəbul etməyə və sülh gündəliyinə yönəlməyə məcbur qalsa da, cəmiyyətdə və siyasi müstəvidə revanşist yanaşmaların qorunub saxlanılması sülh prosesinə ciddi təhlükə yaradır. Əgər Ermənistan həqiqətən davamlı və uzunmüddətli sülh istəyirsə, ilk növbədə öz daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən siyasi yanaşmanı gücləndirməlidir. Sülh yalnız sənədlərin imzalanması ilə deyil, həm də cəmiyyətlərdə qarşılıqlı hörmət və yeni reallıqların qəbul edilməsi ilə mümkündür.
Nəhayət, Ermənistanın indiki ərazisində Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı tarixi-mədəni irsin taleyi də diqqətdən kənarda qalmamalıdır. Azərbaycanlılara məxsus məscidlərin, qəbiristanlıqların, tarixi yaşayış məskənlərinin və digər mədəni irs nümunələrinin dağıdılması, yaxud onların izlərinin silinməsi tarixə münasibətdə ciddi təhrif və dözümsüzlük nümunəsidir. Azərbaycan öz ərazisindəki tarixi-mədəni irsi qoruduğu halda, Ermənistan tərəfinin Qərbi Azərbaycandakı Azərbaycan irsinə münasibəti beynəlxalq hüququn və mədəni irsin qorunmasına dair beynəlxalq prinsiplərin ruhuna ziddir. Bu səbəbdən tarixi saxtalaşdırmaq və mədəni irsi siyasiləşdirmək əvəzinə, regionda həqiqətlərin obyektiv şəkildə araşdırılması və bütün xalqların mədəni irsinə hörmət edilməsi əsas prinsip olmalıdır”.