NIPA-30

Dünyaya nümayiş etdirilən Azərbaycan REALLIĞI

Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. 

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir. 

Qeyd edək ki, səfər çərçivəsində diplomatik korpusun nümayəndələrinə işğal dövründə törədilmiş erməni vandalizminin izləri, eləcə də azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri nümayiş etdirilir. 

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə  bildirib ki, diplomatik korpusun 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın beynəlxalq ictimaiyyətə öz reallıqlarını birbaşa göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır: 

“Bu səfər çərçivəsində diplomatik nümayəndələrin işğal dövründə törədilmiş dağıntı və vandalizmin izləri ilə yerindəcə tanış olması bir daha göstərir ki, Azərbaycan öz həqiqətlərini yalnız bəyanatlar vasitəsilə deyil, real faktlar və konkret nümunələr əsasında dünya ictimaiyyətinə təqdim edir. 

Eyni zamanda, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin nümayiş etdirilməsi Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu məqsədləri və əldə etdiyi nəticələri də ortaya qoyur”. 

Deputat vurğulayıb ki, diplomatik korpusun Qarabağa artıq 22-ci səfərinin təşkil olunması Azərbaycanın xarici siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir: 

“Azərbaycan üçün əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə baş verənləri beynəlxalq ictimaiyyətə mütəmadi şəkildə çatdırmaq, həm Ermənistanın işğal siyasətinin nəticələrini, həm də ölkəmizin həmin ərazilərdə həyata keçirdiyi quruculuq prosesini nümayiş etdirməkdir. 

Bu baxımdan, belə səfərlər diplomatik nümayəndələrin məlumatı birbaşa mənbədən əldə etməsinə, gördükləri faktlar əsasında obyektiv mövqe formalaşdırmasına imkan yaradır”. 

Arzuxan Əlizadə qeyd edib ki, digər mühüm məqam isə bu səfərlərin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yeni reallıqlar yaratdığını beynəlxalq səviyyədə nümayiş etdirməsidir: 

“Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən layihələr, tarixi-mədəni irsin bərpası və sosial-iqtisadi infrastrukturun qurulması Azərbaycanın regionu sülh, inkişaf və rifah məkanına çevirmək niyyətinin göstəricisidir. 

Hesab edirəm ki, 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən bu səfər beynəlxalq ictimaiyyətə aydın mesaj verir: Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı inkişafı təmin edir və bölgədə formalaşmış yeni reallıqların beynəlxalq səviyyədə qəbul olunmasına mühüm töhfə verir”.