NIPA-30
a

National Independence Party of Azerbaijan

Arzuxan Əlizadə: “Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yeni keyfiyyət mərhələsinə yüksəlir”

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu üzv kimi iştirakı ölkəmizin xarici siyasətində və regional əməkdaşlıq strategiyasında mühüm mərhələdir.

Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini göstərir.

Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiya ilə daha geniş coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayan dövlətdir. Ölkəmizin bu əməkdaşlıq formatına tamhüquqlu üzv olması qarşılıqlı etimadın, ortaq maraqların və strateji tərəfdaşlığın göstəricisidir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi, ilk növbədə, iqtisadi-ticari münasibətlərdə, investisiya layihələrində və sənaye əməkdaşlığında özünü göstərir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması bu əməkdaşlığın real nəticələrini ortaya qoyur. Eyni zamanda, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması tərəfdaşlığın yeni mərhələyə keçməsi üçün geniş imkanlar açır. Burada əsas məqsəd yalnız qarşılıqlı ticarətin həcmini artırmaq deyil, həm də birgə istehsal müəssisələri yaratmaq, sənaye əlaqələrini gücləndirmək və beynəlxalq bazarlara birlikdə çıxmaqdır. Bu yanaşma həm Azərbaycanın, həm də Mərkəzi Asiya dövlətlərinin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.


Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə bu münasibətlərin ən strateji istiqamətlərindən biridir. Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya arasında mühüm nəqliyyat körpüsü olmaqla yanaşı, regionu beynəlxalq bazarlarla birləşdirən əsas bağlantılardan birinə çevrilir. Azərbaycanın liman, dəmir yolu, avtomobil yolu və digər nəqliyyat infrastrukturlarına yatırdığı sərmayələr Orta Dəhlizin imkanlarını genişləndirir. Bu marşrut üzrə yükdaşımaların həcminin artması onun beynəlxalq ticarətdə əhəmiyyətinin yüksəldiyini göstərir.

Eyni zamanda, “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işlər region ölkələri arasında rəqəmsal bağlantıların gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın Şərqlə Qərb arasında etibarlı tranzit və logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Energetika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyətə malikdir. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəqlinin artması ölkəmizin regional enerji bağlantılarındakı rolunu gücləndirir. Bununla yanaşı, Qazaxıstan və Özbəkistanla bərpaolunan enerji sahəsində, xüsusilə yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində əməkdaşlıq gələcək üçün yeni perspektivlər vəd edir. Bu, həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionun qlobal enerji keçidində iştirak imkanlarının genişlənməsinə töhfə verə bilər.

Mən xüsusilə Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində Mərkəzi Asiya dövlətlərinin göstərdiyi qardaş dəstəyini qeyd etmək istərdim. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Ağdamda Manas adına məktəbin, eləcə də Füzulidə məscidin inşası xalqlarımız arasındakı tarixi, mədəni və mənəvi bağlılığın konkret təzahürüdür. Bu təşəbbüslər göstərir ki, əməkdaşlığımız yalnız iqtisadi maraqlarla məhdudlaşmır, həm də ortaq dəyərlərə, qarşılıqlı hörmətə və dostluğa əsaslanır.

Ümumilikdə, Türkmənbaşı görüşü Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin daha da dərinləşdirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və ortaq inkişaf məqsədlərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, ölkələrimiz arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və nəqliyyat-energetika əlaqələrinin genişlənməsi gələcəkdə bütövlükdə regionun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcək.