Rəşad Bayramov: “İrəvanın Bakının şərtlərini qəbul etməkdən başqa yolu yoxdur”
Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib ki, Ermənistan gec-tez Azərbaycanın şərtləri ilə razılaşacaq:
“İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Ermənistanla sülhün imzalanması üçün iki şərt var və Ermənistan gec-tez bu şərtlərlə razılaşacaq. Ermənistan mütləq Konstitusiyasında dəyişiklik etməli və ATƏT-in Minsk qrupu ləğv olunmalıdır”.
Həqiqətən də sözügedən iki məqamı Ermənistan qəbul etmək istəmir. Ölkə başçısı da qətiyyətlə bəyan edir ki, Ermənistan gec-tez bu şərtləri qəbul edəcək. Maraqlıdır, bu inam Prezident Əliyevdə haradandır ki, erməni tərəfi çox tezliklə sülh şərtlərini qəbul edəcək?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov ölkə başçısının bu əminliyini bir sıra arqumentlərlə əsaslandırdı: “Həqiqətən də bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni ilə bağlı əldə edilən razılaşma sırf Azərbaycanın təşəbbüsü və qətiyyəti sayəsində mümkün olub. Davamlı olaraq rəsmi Bakının təzyiqi nəticəsində əldə edilən razılaşmadır. Yəni ilk gündən etibarən Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişi təklifi ilə çıxış etdi. Ermənistanın bütün sülhdən yayınma cəhdlərinə baxmayaraq, Azərbaycan həmin sazişdəki müddəalarla bağlı Ermənistan tərəfinin yekunda müsbət cavab verməsinə nail oldu. Bu nədən irəli gəldi? Bu, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməsindən və ədalətli mövqeyindən irəli gəldi. Nə Ermənistan, nə onların havadarları Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərində kiminsə maraqlarının tapdanmasına, hansısa hüquq normasının pozulmasına rast gələ bilmədilər. Bu səbəbdən beynəlxalq miqyasda da bu təkliflərin əleyhinə hər hansı bir kampaniya aparmaq imkanında olmadılar. Nəticədə Azərbaycan və Ermənistan tərəfindən məlum sülh sazişinin mətni razılaşdırıldı. Prezidentin Azərbaycanın şərtlərinin qəbul ediləcəyi ilə bağlı fikirləri əslində ciddi reallıqlara söykənir. Çünki bu şərtlərin hər ikisi kifayət qədər ədalətli şərtlərdir. Xüsusən də Konstitusiya ilə bağlı Azərbaycanın tələbi başqa hər hansı bir formada şərh oluna bilməyən tələbdir. Çünki əgər bir ölkənin ana qanununda başqa bir ölkəyə qarşı ərazi iddiaları öz əksini tapıbsa, nəticə etibarı ilə Ermənistan hakimiyyətinin, Konstitusiya Məhkəməsinin nə deməsindən asılı olmayaraq, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaları ilə bağlı bəyanatları quru açıqlamadan başqa bir şey deyil. Çünki sabah Konstitusiya Məhkəməsinin hakimləri dəyişsə fərqli yanaşma olacaq. Kim zəmanət verə bilər ki, bu belə ola bilməyəcək? Çox rahat şəkildə sülh sazişindən imtina edib bunun Konstitusiyaya uyğun gəlmədiyini deyə bilərlər. O üzdən, Konstitusiyanın dəyişdirilməsi mütləqdir və başqa yol yoxdur. Minsk qrupundan imtina da əsaslandırılmış tələbdir. Çünki münaqişə bitib. Münaqişə yoxdursa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o zaman Minsk qrupuna nə ehtiyac var? Üstəlik, artıq bütün danışıqların ikitərəfli formatda aparıldığı bir şəraitdə belə bir quruma heç bir ehtiyac yoxdur. Bu baxımdan hesab edirəm ki, İrəvanın Bakının şərtlərini qəbul etməkdən başqa yolu yoxdur. Bütün bunlardan çıxış edərək Prezident bu qədər əmin mövqedən çıxış edir”.