NIPA-30

Rəşad Bayramov: “Rusiya, birbaşa olmasa da, dolayı vasitələrlə bu prosesi pozmağa çalışacaq”

Məlum olduğu kimi, ABŞ Ankaradakı səfiri Tomas Barak vasitəsilə Zəngəzur dəhlizini öz nəzarətinə götürmək iddialarını ortaya qoyub.

Tom Barak Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Zəngəzur dəhlizini idarə etməyi öz üzərinə götürməyə hazırdır. Diplomatın sözlərinə görə, Ağ Ev 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib.

O da məlumdur ki, Zəngəzur dəhlizinin hər hansı ölkəyə icarəyə verilməsi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın faktiki ləğv edilməsidir. Rusiya bunu necə qarşılayacaq? Moskva hələlik buna münasibət bildirməyib, amma sözügedən məsələ reallaşarsa, Rusiyanın 10 noyabr sənədinin əsasında hansı hüquqi, siyasi və hərbi addımları atmaq imkanları var? Bir sözlə, bu baş versə Rusiya 10 noyabr sənədi əsasında hərbi, siyasi və hüquqi planda hansı addımları ata bilər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, dünyanın müxtəlif yerlərində baş verən münaqişələrin, müharibələrin böyük əksəriyyəti hazırda dəhlizlərə nəzarət uğrunda gedir: “Zəngəzur dəhlizi də bu mənada böyük güclərin maraq dairəsində olan bir dəhlizdir. Təbii ki, Çindən Böyük Britaniyaya qədər uzanacaq bir yolu özündə ehtiva edən Orta Dəhlizin ən vacib komponenti olaraq Zəngəzur dəhlizinə nəzarətdə həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqı maraqlıdır. Biz uzun müddətdir ki, tərəflərin ayrı-ayrılıqda dəhlizə nəzarətin məhz özləri vasitəsi ilə həyata keçirilməsi ilə bağlı Ermənistan hakimiyyətinə təzyiqlər etdiyini görürük. Məhz bunun nəticəsi idi ki, Azərbaycan və Ermənistan bu təzyiqləri neytrallaşdırmaq, sülh danışığına mane olmamaq üçün sülh sazişi mətnindən Zəngəzur dəhlizi ifadəsini çıxardı. Dəhlizin ayrıca müzakirəsi ilə bağlı qərar qəbul edildi. Rusiya açıq şəkildə bəyan edir ki, özünün nəzarəti olmadan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Birləşmiş Ştatlar isə deyir ki, dəhlizə nəzarət onun vasitəsi ilə həyata keçirilməlidir. Çünki həm regionda təsir imkanları əldə etmək, həm də Çindən və Orta Asiyadan daşınan yollara nəzarət hansısa formada həmin ölkələrə də müəyyən qədər təsir imkanları əldə etməyə imkan verir. O cümlədən, Aİ də öz maraqları çərçivəsində həmin dəhlizə nəzarətdə pay sahibi olmaq istəyir. Son dövrlər aktiv şəkildə hallandırılan məsələ ondan ibarətdir ki, ABŞ ərazinin 100 il ərzində icarəyə verilməsi təklifi ilə çıxış edib. Əslində ABŞ-ın bu istiqamətdə Ermənistana təklifi başadüşüləndir. Çünki Ermənistan onsuz da nəyisə özünə məxsus olan ölkə deyil. Uzun illərdir ki, Ermənistanın dəmir yolları faktiki olaraq Rusiyanın ixtiyarına verilib. Digər sahələrdə böyük şirkətlər faktiki olaraq Rusiyanın nəzarəti altında idi. Bura enerji və digər sahələri aid etmək olar. Ona görə də ABŞ deyir ki, Zəngəzur dəhlizinə nəzarəti mən təmin etməliyəm. Ermənistanın bu məsələdə mövqeyi artıq bəyan edilib. Rəsmi İrəvan bu şəkildə məsələnin həllində maraqlı olmadığını bəyan edib. Ancaq bu, həmin yolun ABŞ şirkətinin nəzarətinə verilməyəcəyi anlamına gəlmir. Çünki Ermənistanın etirazı hələlik icarə məsələsi ilə bağlıdır. Azərbaycana gəldikdə isə, bizim üçün əsas olan bizim şərtlər daxilində dəhlizin açılmasıdır. İkincisi ən vacibi isə, təhlükəsizlik zəmanətinin verilməsidir. Bunlar olacaqsa, maraqlarımız təmin ediləcəksə, təbii ki, biz istənilən variantda dəhlizin imkanlarından istifadədə maraqlıyıq. Əgər Ermənistan tərəfindən müvafiq olaraq Rusiyanın kənarda saxlanılması istiqamətində addımlar atılacaqsa, 10 noyabr bəyanatına rəğmən Moskvanın burada hər hansı bir təsir imkanı, hüquqi baxımdan mübahisələndirmək imkanları yoxdur. Ancaq Ermənistanın özünə təzyiq etmək üçün kifayət qədər imkanları var. Rusiya, birbaşa olmasa da, dolayı vasitələrlə bu prosesi pozmağa çalışacaq. Lakin Ermənistanın Moskvanın təzyiqlərini neytrallaşdırmaq imkanları var. Vacib olan məsələlərdən biri də odur ki, bu istiqamətdə ediləcək təzyiqlər bizə yox, Ermənistana yönəldilsin”.