NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

“Sülhməramlılar aşırı dərəcədə separatçılarla yaxın münasibət qururlar” – Afsəddin Nəbiyev

Dağlıq Qarabağ rejiminin faktiki başçısı Araik Arutyunyan iki gün əvvəl “hökumətin” strukturunu yeniləyib.

Yeniliyə görə, hökumət “xarici işlər”,“müdafiə”, “ədliyyə”, “maliyyə”, “iqtisadiyyat və kənd təsərrüfatı”, “əmək, sosial məsələlər və miqrasiya”, “ərazi idarəçiliyi və infrastruktur”, “şəhərsalma”, “səhiyyə”, “təhsil, elm, mədəniyyət və idman” “nazirliklərindən” ibarət olub. “Maliyyə naziri”nə, eyni zamanda, “hökumətə” rəhbərlik hüququ – “dövlət naziri” statusu verilib. Qondarma hökumətdə bu qurumlar da var: “milli təhlükəsizlik xidməti”, “polis”, “fövqəladə hallar üzrə dövlət xidməti”, “dövlət əmlakı idarəçiliyi və kadastr komitəsi”, “dövlət gəlirləri komitəsi”.

Arutyunyan atəşkəsdən sonra da aktivliyini artırıb. O, İrəvana getdi, Paşinyanla görüşdü, hətta Moskvaya gizli səfəri haqda da xəbərlər yayıldı. Onun Qarabağda hələ də qondarma “DQR”in inzibati binasındakı kabinetində oturması, tez-tez bölgədəki sülhməramlıların əhatəsində görünməsi, indi də yeni “hökumət” qurması Azərbaycan cəmiyyətini haqlı olaraq qıcıqlandırır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Xankəndiyə getməməsi, İrəvanda isə onun adının görüş protokoluna salınmaması Arutyunyanın statusu ilə bağlı ziddiyyəti daha da qəlizləşdirir.

Əgər Araik həqiqətən də Qarabağda heç kimdirsə, o halda niyə hələ də “hökumət” qurur, silahlı mühafizəçilərlə gəzir və s. Fakt odur ki, Xankəndidə verilən bu cür qərarların Qarabağdakı situasiyaya ciddi təsiri var. Bu adamın təyin etdiyi “nazirlər” Qarabağın ermənilər məskunlaşmış yerlərində nə təbliğat aparır, nə hazırlıqlar görürlər, bilən varmı? Ən narahatedici məqam odur ki, bütün bunlar sülhməramlıların gözü qarşısında baş verir. Sülhməramlılar hara baxır, onların buna münasibəti necə olmalıdır?

Məsələyə münasibət bildirən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin sözlərinə görə, sülhməramlıların onlara bu cür şərait yaratması doğru deyil: “Əvvəlcə qısa olaraq tarixə nəzər yetirək. 26 noyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu. 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olunarkən dövlətimizin ərazisi 86,6 min kvadrat kilometr olmaqla bütün dünyaya bəyan olunaraq beynəlxalq hüquqa əsasən təsdiq olunub.

1992-ci ildən etibarən Ermənistan ordusu rus hərbi birləşmələrinin dəstəyilə həm Dağlıq Qarabağı, həm də onun ətrafındakı yeddi rayonumuzu işğal etməklə suverenliyimizə, ərazi bütövlüyümüzə qəsd edərək dövlətimizi işğala məruz qoydu. 28 il 1 milyondan çox qaçqınla bu ağrıya, acıya dözdük, beynəlxalq hüquqa etimad göstərdik, inandıq. Ancaq axırı necə oldu? 

Bu qədər dözüm və səbrdən sonra bölgəmizdə sülhü və ədaləti Azərbaycan əsgəri təmin etdi”.

A.Nəbiyevin fikrincə, görünür, hələ də üçlü anlaşmanın əsl mahiyyətini ermənilər dərk etmək istəmirlər: “Dırnaqarası qurumun rəhbəri, Araik Arutyunyan bu qədər  ağrılı prosesdən dərs almayaraq yenidən dövlətimizi qıcıqlandıran addımlardan əl çəkmir. Birmənalı olaraq Azərbaycan unitar dövlətdir, yəni bölünməzdir. Bu müddəa öz əksini Konstitusiyamızda da tapıb. Qarabağda yaşayan ermənilər separatçılıq hərəkətlərini davam etdirməklə özlərini daha pis vəziyyətə gətirəcəklər. Əgər onlar Azərbaycanın hüquqi yurisdiksiyasına tabe olmasalar, indiki real geosiyasi şərtləri nəzərə almasalar, Azərbaycanda yaşamaq imkanlarını əldən vermiş olacaqlar. Əgər onlar “DQR” tələb edəcəklərsə, biz də, eyni zamanda, tarixi torpağımız olan Ermənistanda hər hansı bir statusla vilayətlərimizi tələb edəcəyik. Bu, Zəngəzur da ola bilər, Göyçə də. O ki, qaldı sülhməramlı məsələsinə, əslində, onlar bu məsələdə yalnız neytrallığını qoruyaraq həmin ərazidə sabitliyin təmin olunmasına cavabdeh olmalıdırlar. Qalan məsələləri biz özümüz həll etməliyik. Ancaq biz bunu rus sülhməramlıların timsalında görmürük. Onlar aşırı dərəcədə separatçılarla yaxın münasibət qururlar. Respublika Prokurorluğu Araik Arutyunyanın həbs olunması ilə bağlı təcili qəti addımlar atmalıdır. Onun cinayətlərini hətta bir çox dövlətin beynəlxalq diplomatik korpusunun nümayəndələri də təsdiq edib. Biz daha nəyi gözləyirik? Belə olduğu halda, Qarabağda yaşayan ermənilər dərk edəcəklər ki, ya biz burada Azərbaycanın digər inzibati ərazi vahidlərində olduğu kimi, dinc yanaşı yaşayaraq bu ölkənin qanunlarına tabe olmalıyıq, ya da çıxıb getməliyik. Biz heç vaxtı imkan verməyəcəyik ki, Ermənistan dövləti özünə ikinci bir qondarma dövlət yaratsın. Əgər onlar buna cəhd etsələr, Ermənistan bir dövlət kimi öz mövcudluğunu itirəcək”.

Sədr müavini onu da qeyd etdi ki, sülhməramlılar öz səlahiyyətlərini aşmamalıdırlar. (Bakı-Xəbər)

Azinforum.az