NIPA-30
Azərbaycan Milli İstiqlal Partiyası

Ukraynanın Buça və İrpen şəhərlərində törədilmiş qətliamla əlaqədar Azərbaycan Milli İstiqlal Partiyasının bəyanatı

Ukraynanın Buça və İrpen şəhərlərində yüzlərlə dinc sakininin qətlə yetirilməsi insanlığa qarşı törədilmiş ən böyük soyqırımı cinayətidir. Adı çəkilən şəhərlər Rusiya hərbi qüvvələrindən təmizləndikdən sonra əraziyə daxil olan hərbçilər və hüquq mühafizə orqanlarının əməkdaşları Ukrayna xalqına qarşı törədilmiş amansız cinayətin – kütləvi edamlar, işgəncələr və zorlamalarla müşahidə olunan dəhşətli mənzərənin şahidi olublar. Məlum olub ki, şəhərlərin küçələri insan meyidləri ilə doludur, ən dəhşətlisi odur ki, öldürülənlərin əksəriyyəti dinc sakinlər, əsasən də yeniyetmələrdir. Eyni zamanda tapılan kütləvi məzarlıqlarda yüzlərlə insanın dəfn edilməsi də aşkar edilib.

Baş verənlər 1990-cı illərdə erməni və rus hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən oxşar cinayətləri xatırladır. Bu cinayətlərdən ən dəhşətlisi Rusiyanın 366-cı alayının bilavasitə iştirakı ilə törədilən Xocalı soyqırımıdır. Xocalı soyqırımı xarakter etibarı ilə birmənalı olaraq beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində istifadə olunmuş, sonradan həmin cinayət tərkibləri keçmiş Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır. Təbii ki, dəyərlər şkalası kəmiyyət tanımır.

Azərbaycan Milli İstiqlal Partiyası baş verənlərdən həddis hiddətini bildirir və beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn qanunlara əməl olunmasını əsas götürərək Ukraynada analoji cinayətləri törətmiş şəxslərin tezliklə Beynəlxalq Təşkilatlar vasitəsilə Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarılmasını tələb edir.