AMİP-in 30 illik inkişaf yolu
Azərbaycan 70 il sovet Rusiyasının işğalı altında olduğu üçün çoxpartiyalı sistem ölkəmiz üçün necə deyərlər, yad bir məfhum idi. Çünki uzun illər idi SSRİ məkanında bir partiya – Kommunist Partiyası mövcud idi. Ancaq artıq 80-ci illərin ortalarından başlayaraq SSRİ miqyasında iqtisadi, siyasi, sosial, mənəvi zəmində aşınma daha da sürətləndi. Açıq görünürdü ki, SSRİ dünya miqyasında aparıcı ölkələrə rəqabətdə uduzur. 1985-ci ilin martında Mixail Qorbaçov Sov.İKP MK-nın birinci katibi seçildi. M.Qorboçovun apardığı islahatlar SSRİ-də böhranı azaltmaq əvəzinə, daha da dərinləşdirdi. SSRİ miqyasında etnik zəmində qarşıdurma gücləndi, iqtisadi azalm və bununla bərabər mərkəzdən qaçma meyilləri yüksəlməyə başladı.
1988-ci ilin əvvəllərində ermənilərin Qarabağa yönəlik separatçılıq fəaliyyəti açıq müstəviyə keçdi. M.Qorboçovun timsalımnda SSRİ rəhbərliyinin erməni separatçıları ilə bağlı qəti tədbirlər görməməsi, erməni millətçilərinin daha da azğınlaşmasına səbəb oldu. Nəticədə 200 mindən çox azərbaycanlı Ermənistandan deportasiya edildi. Moskvanın prosesləri görməzdən gəlməsinə etiraz olaraq Azərbaycanda kütləvi nümayişlər başladı. Bu da öz növbəsində xalq hərəkatının genişlənməsinə səbəb oldu. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Əbülfəz Elçibəy AXC sədri seçildi. Azərbaycanda müqavimətin təşkilatlanmış səviyyədə qurulmasını görən SSRİ rəhbərliyi xalq hərəkatını boğmaq üçün müxtəlif təxribatlara əl atdı. 1990-cı ilin 20 yanvarında dinc nümayişçilər gülləbaran edildi. Nəticədə Bakıda 131 nəfər qətlə yetirildi. Ancaq bütün bunlar SSRİ-ni qoruya bilmədi. Bir il sonra SSRİ dağıldı və Azərbaycan öz müstəqilliyinə qovuşdu.
1991-ci ilin 18 oktyabrında Azərbaycanın öz müstəqilliyini əldə etdiyi dövr çox mürəkkəb bir zamana dəng gəldi. Başlıca problem o idi ki, Rusiyanın himayəsi ilə Ermənistan və Qarabağdakı erməni separatçıları Azərbaycan ərazilərini işğal edirdilər. İşğalın miqyası genişləndikcə, hakimiyyətə yönəlik ittihamlar artır və bu da öz növbəsində ölkədə qeyru-sabit vəziyyət yaradırdı. Ard-arda baş verən uğursuzluqlar hakimiyyət böhranına səbəb oldu. Nəticədə 6 mart 1992-ci ildə prezident Ayaz Mütəllibovun istefa verməsi ilə nəticələndi.
O zaman AXC-nin yaradılmasında əsas fiqurlardan biri olan Etibar Məmmədovun böyük nüfuzu vardı. Etibar Məmmədovun özünəməxsus xarizması, qətiyyəti hərəkat içində böyük rəğbət qazanmışdı. Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə çoxpartiyalı sistemin yaranması qaçılmaz reallığa çevrildi. AXC-də təmsil olunanlar zamanla hərəkatdan uzaqlaşaraq müxtəlif siyasi təşkilatlar yaratdılar. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Etibar Məmmədovun rəhbərliyi ilə təsis edildi. 3-4 iyul 1992-ci ildə partiyanın təsis qurultayı keçirildi. Təsis Qurultayından 13-14 gün sonra, 17 iyul 1992-ci il tarixində AMİP Ədliyyə Nazirliyi tərəfindən 1 nömrəli şəhadətnamə ilə rəsmi dövlət qeydiyyatına alınıb. Beləliklə, 71 illik təkpartiyalı sistem tarixə qovuşmuş və müstəqil Azərbaycan Respublikasının ilk rəsmi siyasi partiyası fəaliyyətə başlayıb. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində (1995-2000) əvvəlcə 3 millət vəkili – Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili – Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunub.
O vaxt AMİP ana müxalifət partiyası statusuna malik idi. Bunun bir səbəbi AMİP-in parlament partiyası olması idisə, digər səbəbi çoxsaylı ziyalıları, müəllimləri öz ətrafında birləşdirməsi idi. Heç şübhəsiz ki, normal, ədalətli seçki mühiti olsaydı, AMİP-in hakim partiya olacağı ehtimalı böyük idi.
İndiyədək AMİP 11 qurultay keçirib, 5 dəfə yeni sədr seçilib. 4 iyul 1992-ci il tarixli partiyanın Təsis Qurultayında Etibar Məmmədov sədr seçilib. Sonrakı dövrlərdə keçirilən qurultaylarda Etibar Məmmədov sədr seçilib və 2004-cü ilin 24- dekabrına qədər partiyaya rəhbərlik edin. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat alıb. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılıb. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat Yusif Bağırzadə və başqaları nümunə göstərmək olar.
AMİP-i Mərkəzi Seçki Komissiyasında 1993–1995-ci illərdə hüquqşünas Fuad Ağayev, 1998–2000-ci illərdə Altay Hüseynov, 2000–2003-cü illərdə Etibar Ələsgərov və Elşad Qurbanov, 2003–2005-ci illərdə isə Asəf Əliyev və Arzuxan Əlizadə təmsil edib.
1998-ci il prezident seçkilərindən öncə əksər müxalif partiyalar seçkini baykot etdi. Lakin AMİP bu seçkilərdə müxalifətin təmsil olunması üçün sədr Etibar Məmmədovun namizədliyini irəli sürdü. Etibar Məmmədov ən güclü müxalif namizəd olaraq seçkilərdə 389,667 (11.8%) səs toplayaraq Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevdən sonra ikinci sırada qərarlaşmışdı. Ancaq AMİP sədri Etibar Məmmədov, AXCP sədri Əbülfəz Elçibəy, Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət, Müsavat Partiyasının başqanı İsa Qəmbər 9 noyabr 1998-ci il tarixində ortaq protokol imzalayaraq seçki nəticələrini tanımadıqlarını elan etdilər. Etibar Məmmədov 2003-cü ildə keçirilən prezident seçkilərində də namizədliyini verib.
AMİP 1999-cu il bələdiyyə seçkilərində demokratik şəraitin olmaması səbəbi ilə iştirakdan imtina etdi. Ancaq AMİP 2004-cü il bələdiyyə seçkilərinə qatılmış və hakim Yeni Azərbaycan Partiyasından sonra ən çox bələdiyyə üzvünə sahib partiya olub.
AMİP 1995-ci ildən Beynəlxalq Demokratlar İttifaqı ilə əməkdaşlıq etməkdədir. Partiya 1999-cu ilin may ayından Beynəlxalq Demokratlar İttifaqının tam hüquqlu üzvü olmuşdur. AMİP həmçinin Avropa Parlamentində mövcud olan Avropa Xalq Partiyası ilə əməkdaşlıq etməkdədir. Bununla belə partiya Xristian Demokrat İttifaqı, İspaniya Xalq Partiyası, İsveç Moderat Partiyası və Vahid Milli Hərəkat Partiyası ilə də müttəfiqlik etməkdədir. AMİP beynəlxalq miqyasda keçirilən tədbirlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini, bunu törətdiyi fəsadları gündəmə gətirib.
2004-cü ilin dekabrında Etibar Məmmədov partiya sədrliyindən istefa verəndən sonra aşağıdakı şəxslər partiyaya rəhbərlik edib:
Əli Əliyev (2004–2006), Ayaz Rüstəmov (2006–2007), Fuad Muxtarov (2007–2010), Yusif Bağırzadə (2010–2015). 2015-ci ildə Yusif Bağırzadənin istefasının ardından partiyanın baş katibi Arzuxan Əlizadə müvəqqəti olaraq sədr seçilib. 16 avqust 2020-ci ildə pandemiya səbəbindən AMİP XI Qurultayı onlayn şəkildə Zoom platforması üzərindən keçirilib. Qurultayda Arzuxan Əlizadə partiyanın yeni sədri seçilib.
Vidadi ORDAHALLI