NIPA-30

“ONLAR SATILIBLAR VƏ SATMAĞA DA HAZIRDIRLAR…” – “Hakimiyyətdəki bütün strukturlar milli qüvvələrin əlinə keçməlidir”

Etibar Məmmədov: “Rusiya Ukraynada qələbə çalsa, Azərbaycana qarşı da iddialarla çıxış edəcək”

Cənubi Qafqaz regionunda siyasi proseslər sürətlə bir-birini əvəz edir. İran, Türkiyə və Rusiya Prezidentləri Tehranda bir araya gələrək danışıqlar aparır, İrəvan və Bakıya yüksək səviyyəli Qərb və Rusiya rəsmilərinin səfərləri baş verir, Azərbaycan Rusiyanı Qarabağdakı fəaliyyətinə görə tənqid edir, habelə Ermənistana növbəti dəfə sərt xəbərdarlıq edir və sair.

“AzPolitika.info” regionumuzda baş verən gərgin prosesləri Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla müzakirə edib.

– Etibar bəy, Prezident İlham Əliyev son müşavirədə Rusiyanın 10 noyabr üçtərəfli razılaşmasına və sonradan verilmiş sözlərə əməl etmədiyini açıq mətnlə bildirdi. Prezidentin bu çıxışını necə qiymətləndirmək olar, Azərbaycan Rusiyadan nə tələb edir və Rusiyanın maraqları nədən ibarətdir?

– İndiyə qədər Azərbaycan tərəfi Rusiyaya öz iradlarını bildirirdi, sadəcə olaraq bunlar açıqlanmırdı. Görünür, Rusiya tərəfi nəticə çıxarmadığı, Azərbaycan tərəfi də mövqeyini qətiləşdirdiyi üçün indi bu məsələlər deyilir, ictimailəşdirilir, açıqlanır. Rusiyaya qarşı ittiham və tələblər açıq ifadə olunur. Bu, onu göstərir ki, Azərbaycan tərəfi mövqeyində daha qətiyyətlidir və yaxın dövrdə nəticə əldə etmək mümkün olacaq.

– Amma bununla paralel olaraq, rus hərbçilərinin götürülən öhdəliyə zidd əməlləri də müşahidə olunur. Məsələn, Laçında sağlam binanı sökərək tikinti materiallarını aparıblar, Ağdərə-Əsgəran yolunda Azərbaycan əsgərləri sülhməramlıların avtomobilində qanunsuz silah aşkar ediblər, eləcə də Xocalı istiqamətində ermənilərin qanunsuz istehkam tikintisinə göz yumulur və sair…

– Əvvəla, ermənilər Laçından da çıxmalıdırlar və bunu yaxşı bilirlər. Bu səbəbdən də əvvəlki iki rayonumuz kimi Laçını da yağmalayıb çıxmaq niyyətindədirlər. Rus sülhməramlılar da həmişəki kimi korrupsiyanın içindədirlər və onlar pul müqabilində bu yağmalama cinayətində iştirak edə bilərlər. Digər tərəfdən, sülhməramlıların silah daşıması, digər cinayətlərdə iştirakı yeni bir şey deyil. Onlar həmişə bu işlə məşğul olublar. Sadəcə olaraq bu, həmişə gizli qalırdı, bizimkilər də bunun üstünü çox açıb-ağartmırdılar. Ancaq indi Azərbaycan tərəfi belə məsələləri həm ictimailəşdirir, həm də nəzarəti gücləndirir. Artıq rəsmi olaraq Rusiyanın nəzərinə çatdırırlar ki, o, bəyannamədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmir və buna görə də məsuliyyət daşıyır.

– Sizcə, hazırda Azərbaycan-Rusiya münasibətlərində gərginlik hansı həddədir?

– Məncə, gərginlikdən söhbət getmir. Sadəcə, Rusiya hakimiyyəti də yekdil deyil, orada müxtəlif qruplar və xətlər var. Məsələn, Azərbaycana qarşı olan qüvvələr və Ermənistanı müdafiə edən xətt var. İkincisi, Rusiya ordusunda və hökumətində korrupsiyanın olması aydın məsələdir. Onlar pula görə hər şeyə getməyə hazırdırlar. Amma ümumilikdə Rusiya-Azərbaycan münasibətlərində elə bir gərginlik yoxdur.

– Gərginlik deyilsə, yuxarıda sadaladığımız faktlar nədir, gərginliyin təzahürü deyilmi?

– Yox, baş verənlər aşağı səviyyədə olan hallardır. Azərbaycan tərəfi də iradını bildirir, bunların aradan qaldırılmasını tələb edir. Dövlətlərarası münasibətlərdə gərginlik hələlik görünmür. Əslində, gərginliyin olması da bizə lazım deyil. Lazım olan budur ki, Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirsin və beş ilin tamamında Azərbaycandan çəkilib getsin.

– Bu perspektivi və ümumiyyətlə yaxın gələcəkdə Azərbaycanla Rusiya arasında münasibətləri necə görürsünüz?

– Qənaətimcə, bu, Ukraynada gedən müharibənin nəticəsindən asılı olacaq. Rusiya Ukraynada qələbə çalsa, yəni onu parçalamağa nail olsa, bu zaman digər keçmiş SSRİ ölkələrinə qarşı da iddialarla çıxış edəcək, o cümlədən Azərbaycana qarşı. Hesab edirəm ki, Azərbaycan buna hazır olmalıdır. Yəni, Rusiya imperiya eşqi ilə yaşayır və sıravi vətəndaşından tutmuş dövlət rəhbərliyinə qədər hamının beynində imperiya təfəkkürü var. İmkan düşdükcə də buna çalışırlar və çalışacaqlar da. Odur ki, biz buna hazır olmalıyıq. Digər tərəfdən, lüzum olmadığı halda gərginlik yaratmağa da ehtiyac yoxdur.

– Azərbaycan mətbuatı daim Rusiyanın “beşinci kolon”u haqqında yazır, onun anti-Azərbaycan fəaliyyəti göstərdiyini iddia edir. Sizdəmi “beşinci kolon”un olduğunu və onun kifayət qədər güclü fəaliyyət göstərdiyini düşünürsünüz?

– Azərbaycanda “rusbaşlar”ın mövcudluğu gizlədiləcək bir fakt deyil. Onlar var, sayları çoxdur, mövqeləri güclüdür və rənglərini də dəyişə bilirlər. Onlar satılıblar və satmağa da hazırdırlar. Azərbaycan hakimiyyətində təmsil olunanların milliləşməsinə ehtiyac var. Yəni, hakimiyyətdəki bütün strukturlar milli qüvvələrin əlinə keçməlidir ki, “beşinci kolon” adlandırılan qüvvənin arxadan zərbə vurmaq imkanı olmasın. Əslində, onlar an gözləyirlər ki, arxadan zərbə vuraraq Azərbaycan dövlətini zəiflətsinlər və yenidən Rusiyanın tərkibinə qatsınlar.

– İran-Azərbaycan münasibətlərində də gərginlik müşahidə olunur. İranın ali dini rəhbəri və İran rəsmiləri faktiki olaraq Zəngəzur dəhlizinə qarşı çıxırlar və dolayısı ilə Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırırlar. İran son davranışları ilə nəyə nail olmaq istəyir?

– Məncə, bunların hamısı bəhanədir. Zəngəzur dəhlizinin açılması heç də İran-Ermənistan sərhədinin bağlanması demək deyil. Yəni, Zəngəzir dəhlizinin İrana heç bir təhlükəsi yoxdur. Sadəcə olaraq, bundan bəhanə kimi istifadə edirlər. Həmişə də Ermənistanın mövqeyini müdafiə etməklə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin gərgin olmasında maraqlı olublar. İndi də bundan istifadə edirlər.

– Demək istəyirsiniz ki, Tehran İrəvan ilə Bakı arasında gərginliyin davam etməsi üçün belə tezislərlə çıxış edir?

– Sözsüz. Dünənə qədər cənub sərhədlərimizdə işğal edilən ərazilərimiz onlar üçün rahat yer idi. Onlar açıq deyirlər ki, yeganə xristian dövlətidir ki, Ermənistanla sərhədləri var və bunu da itirmək istəmirlər. Müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxış edirlər.

– Niyə?

– Çünki Zəngəzur dəhlizinin açılması Türk dünyasının əhəmiyyətli qələbəsi olacaq. Əslində bu, Türk dəhlizidir. İranın fars şovinistləri də bunu istəmirlər. Onlar bütün kommunikasiyaların öz ərazilərindən keçməsini istəyir və buna çalışırlar. Amma bu da sanksiya və digər səbəblərdən mümkün olmayanda Azərbaycan variantı qüvvədə qalır. Bunun da qarşısını almaq üçün müxtəlif bəhanələr gətirirlər. Çünki bu dəhlizi İranın maraq və mənafelərinə ziddi hesab edirlər.

– İran bu niyyətlərinə nail ola bilərmi, bunun üçün onun imkanı, potensialı varmı?

– Yox, onlar indiyə qədər nəyə nail olublar ki, buna da nail olsunlar?…

– Biz həm də Bakıda İran və İsrail dövlətlərinin səfirlərinin söz duelinin şahidi oluruq. Bu nəyin təzahürüdür?

– İranın xəstə təxəyyülünün nəticəsidir. Bunlar İsraili düşmən elan ediblər, bu ölkəni məhv etməyi özlərinin milli ideyası halına gətiriblər. Ona görə də İsrail səfiri nəsə deyəndə İran səfiri özünə borc bilir ki, cavab versin. Mənasız və gülünc haldır. Buna adi və mənasız hal kimi baxmaq, əhəmiyyət verməmək lazımdır. İran guya özünü dünya müsəlmanlarının müdafiəçisi elan edib. Amma gözümüzün qarşısında 30 il ərzində Ermənistana qarşı heç bir hərəkət, sanksiya tətbiq etmədi. Lakin Fələstinə görə özünü İsraillə düşmən elan edib. Qarşısına da məqsəd qoyub ki, İsraili məhv edəcək. Məncə bu, çatılacaq məqsəd olmamaqla yanaşı, həm də mənasız siyasətdir.

– İyulun 19-da Tehranda Ərdoğan, Putin və Rəisi arasında görüş keçirildi, müzakirələr aparıldı. Sizcə, Tehran görüşünün əhəmiyyəti nədən ibarətdir, hansı kritik razılaşmalardan danışmaq mümkündür?

– Əslində, orada öncədən qeyri-adi qərarların qəbulu gözlənilmirdi. Sadəcə olaraq, bir neçə məsələ var ki, onların arasında razılaşdırılmalı idi. Nəzərə almaq vacibdir ki, hər üç dövlətin öz maraq və məqsədləri var.

İran bu dövlətləri bir araya yığır və burada müəyyən ittifaq yaratmaq ehtimalları var. Lakin bu ittifaq yaranmır və gələcəkdə də yaranmayacaq. Çünki bu dövlətlər arasında maraqların üst-üstə düşməsindən daha çox ziddiyyətlər var. Bu da hansısa ittifaq yaratmağa imkan vermir və verməyəcək.

Türkiyə üçün Tehran sammiti ona görə lazım idi ki, Suriyadakı əməliyyat üçün razılıq alsın. Daha doğrusu, Rusiya və İranı fakt qarşısında qoyaraq öz tələblərini irəli sürməli idi. Rusiyanın Türkiyədən asılılığı var, buna görə də göz yummaq məcburiyyətindədir və o, burada müəyyən güzəştlərə gedəcək. İranın Bəşər Əsəd rejimilə bağlı öz maraqları var və sair. Qısası, bir çox məsələlərə görə Tehran sammiti vacib və əhəmiyyətli idi. Amma sammitdə böyük və ya qlobal xarakterli qərar qəbul edilməyib.

Rasim Əliyev

“AzPolitika.info”