NIPA-30

Prezident ermənilərin gələcək xülyasına son nöqtəni qoydu

“Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil”. 

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib. Prezident bildirib ki, həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. 

Dövlət başçısı ermənilərin status xülyalarına da son nöqtəni qoyub: 

“Əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur”. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Prezidenti İlham Əliyev status məsələsi ilə bağlı 44 günlük Vətən müharibəsi bitəndən sonra da konkret mövqeyini bildirmişdi: 

“Azərbaycanın mövqeyi əvvəldən belə olub ki, ermənilərə heç bir halda əlavə status verilə bilməz. Azərbaycan çoxmillətli dövlətdir, burada ermənilərdən başqa da müxtəlif millətlərin nümayəndələri yaşayır. Onlara hansı münasibət varsa, həmin münasibət ermənilərə də olmalıdır. Əgər ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycanın qanunlarını riayət etmək istəyəcəklərsə, digər xalqlar kimi ölkəmizdə yaşayacaqlar. Lakin heç bir halda onlara imtiyazlı status verilə bilməz. Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra da Avropa Şurası Prezidenti Şarl Mişel də mediaya açıqlamasında status deyil, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin qorunması ilə bağlı məsələni gündəmə gətirmişdi. O zaman da ermənilər çox böyük hay-küy salmışdılar”. 

Partiya sədri qeyd edib ki, Azərbaycan Prezidenti dünən də bu məsələ ilə bağlı nöqtəni qoydu: 

“Bu, Azərbaycan dövlətinin mövqeyi və xalqın iradəsidir. Yəni heç bir halda ermənilərə əlavə status verilə bilməz. Əgər ermənilər Azərbaycan vətəndaşlığını və qanunlarını qəbul edib yaşamaq istəsələr, dövlət tərəfindən digər vətəndaşlar kimi onların da təhlükəsizliyinə təminat veriləcək. Eyni zamanda, hüquqları qorunacaq. Lakin ermənilər statusdan dəm vurub başqa xülyalarda olsalar, onda birmənalı olaraq Azərbaycanı tərk etməlidirlər”.

Elmir 
Cebhe.info