NIPA-30
Fransa

Fransa istənilən formatda vasitəçi kimi bölgəmizə qayıtmaq şansını itirdi…

Afsəddin Nəbiyev: “Biz sülhə Fransa olmadan nail olacağıq”

Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalına müsahibəsində Rusiyanı “Qafqaz regionunda və onun hüdudlarından kənarda vəziyyətin sabitliyini pozmaq səyləri çərçivəsində” Ermənistan və Azərbaycan arasında baş vermiş son sentyabr toqquşmaları baxımından “məqsədli təxribatda” ittiham edib.

Makron əminliklə bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq: “Son iki ildə sərhəddə nələr baş verir… Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə edərək, Azərbaycanın xeyrinə oyun oynadılar, Ermənistanı zəiflətməyə çalışdılar. Nə baş verdiyini görürsünüz? Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir, Qafqazda qarışıqlıq yaratmaq istəyir, məqsəd bizim hamımızı qeyri-sabit vəziyyətə salmaqdır. Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”.

Makronun məlum vicdansızlıqlarından sonra Fransa yenə də Azərbaycan-Ermənistan normallaşmasında vasitəçi kimi iştirak etmək, hər hansı formatda təmsil olunmaq iddialarını ortaya qoyur. Bu qədər düşmənçilikdən, tərəfkeşlikdən sonra Fransanın yenə də Azərbaycan-Ermənistan normallaşma prosesində iştirak şansı qeyri-mümkün səviyyədədir. O üzdən, Fransanın bunu nə qədər tez anlaması ancaq onun xeyrinədir. Çünki Fransa Azərbaycan-Ermənistan normallaşmasında iştirak üçün bütün haqlarını tamamilə itirib.

  • “İctimaiyyətimiz Parisin Azərbaycanla Ermənistan arasında normallaşma prosesində iştirakını qətiyyətlə rədd edir”

Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, məlum proseslərdən sonra əsla Fransanın vasitəçiliyinə etibar etmək olmaz: “Fransanın son 30 ildə işğalçı Ermənistana bütün vasitələrlə yardım etməsi bu dövlətin beynəlxalq hüquqa olan qeyri-sağlam münasibətinin açıq ifadəsidir. İstər ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dövrlərdə, istərsədə 44 günlük Vətən savaşından sonrakı dövrlərdə Fransanın Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti xalqımızın yaddaşına əbədi olaraq qalacaq. Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olaraq işğalçı Ermənistan dövlətinə tərəfkeşlik etməsi sözün həqiqi mənasında beynəlxalq hüquqa “meydan” oxumaqdır. Azərbaycan ictimaiyyəti Parisin Azərbaycan-Ermənistan arasında normallaşma prosesində iştirakını qətiyyətlə rədd edir. Bu reallığı biz  geniş ictimaiyyət arasında sorğu keçirməli olsaq, açıq şəkildə görə bilərik. Bunun bir həqiqət olduğunu nəhayət Fransa siyasi dairələri dərindən dərk etməlidir. Fransanın   “normallaşma  prosesində” iştirak etmək istəyi, əslində sözün bütün mənalarında Ermənistana havadarlıq etmək niyyətindən irəli gəlir. Məhz bu amillərə görə Fransa dövlətinin Azərbaycan -Ermənistan münasibətlərinin normallaşması prosesiniə töhvə verəcəyinə cəmiyyətidə heç kimi inandırmaq mümkün deyil. İndiyə qədər Fransa beynəlxalq hüquqa hörmət edən dövlət olsaydı o, zaman işğalçı Ermənistana ən azından sanksiyalar tətbiq olunması ilə bağlı çağırışlar edərdi. Necə ki, bu gün Rusiya dövlətinə qarşı sanksiyaların tətbiqində yaxından iştirak edir. Dəyər şkalası kəmiyyət tanımır. Belə çıxır ki, ərazisi nisbətən az olan dövlətlər işğala məruz qaldıqda  Fransa kimi dövlətlər səssiz qalmalı, böyük dövlətlərdə isə başqa münasibət sərgiləməlidir. Nonsesdir, elə deyilmi? Belə bir davranışlarına görə  Fransa və bu kimi dövlətlərin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesində iştirakı yolverilməzdir. Biz sülhə Fransa olmadan nail olacağıq”.

Sədr müavini onu da qeyd etdi ki, Makron məlum hərəkətləri ilə Fransanı dünyada nüfuzdan saldı.

Vidadi ORDAHALLI

Baki-Xeber.com