Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı kimi qiymətləndirir və şiddətlə qınayırıq. Bu özünü “din qardaşı” adlandıran rejimin uzun müddətdir ki, Azərbaycan dövlətinə qarşı yürütdüyü düşmən siyasətinin məntiqi davamıdır. Azərbaycanın bir parçası hesab edilən səfirliyimizə edilən silahlı hücum suverenliyimizə qarşı qəsddir və baş verən qanlı olaya görə ərazisində yerləşən diplomatık korpusun təhlükəsizliyinə təminat verən İranın siyasi və dini rəhbərliyi başda olmaqla bu dövlətin rəsmi qurumları məsuliyyət daşıyır.
İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi heç bir halda inandırıcı deyil və hesab edirik ki, baş vermiş terror aktında İran xüsusi xidmət orqanlarının rolu ciddi şəkildə araşdırılmaqla İran rəsmilərindən izahat tələb olunmalıdır. Xüsusilə də bu ölkədə baş verməkdə olan son hadisələr fonunda İran rəsmiləri ya ayrı-ayrı ölkə səfirliklərini qorumaqda aciz olduqlarını etiraf etməli, ya da Azərbaycana, eyni zamanda Türk və İslam dünyasına düşmən dövlət olduğunu açıq şəkildə bəyan etməlidir.
Azərbaycan Milli İstiqlal Partiyası olaraq bir daha bəyan edirik ki, baş verən bu qanlı olay Güney Azərbaycanda yaşayan 40 milyondan artıq soydaşımızı daha da səfərbər etməli, mahiyyət etibarı ilə eyni amala xidmət edərək terrorçu ermənilərlə işbirliyində olmaqla Azərbaycana qarşı düşmən mövqe sərgiləyən fars-molla rejiminə qarşı mübarizəni gücləndirməlidir.
Azərbaycan rəsmilərini qarşı tərəfin bu qanlı terror aktı ilə əlaqədar sərgiləyəcəyi mövqeyə adekvat olmaqla diplomatik və hüquqi müstəvidə yetərincə sərt addımlar atmağa çağırırıq. Səfirliyimizə edilən silahlı basqının edə biləcəyi daha ağır nəticələrin qarşısını qəhrəmancasına alan əməkdaşlara xüsusi təşəkkürlərimizi bildirərək səfirliyin şəhid olmuş mühafizə xidmətinin rəisi Orxan Əsgərova Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk.