NIPA-30

İlqar Məmmədov hakimiyyətin seçki ilə bağlı sirrini açdı

REAL Partiyasının sədri İlqar Məmmədov Minval.az-a müsahibəsində mümkün parlament seçkiləri,  Seçki Məcəlləsində dəyişikliklərlə bağlı danışıb. “2020-ci ildə biz çox məhdud nəticə əldə etdik. Biz bir namizədlə parlament partiyası olmuşuq. Gələcəyə gəlincə, bizim Prezident Administrasiyası və parlament rəhbərliyi ilə apardığımız dialoq nəticəsində formalaşan gözləntilərimiz var. Seçki sisteminin dəyişdiriləcəyi, proporsional təmsilçiliyin tətbiq ediləcəyi gözlənilir: ya qarışıq ,ya da sırf proporsional seçki sistemi. Hakim partiya bunda maraqlıdır və təşəbbüs hakimiyyətdən gəlir. Bu proses Azərbaycanla Ermənistan arasındakı münaqişə səbəbindən müəyyən qədər səngidi. Buna baxmayaraq, biz bilmirik ki, majoritar seçkilərə, yoxsa qarışıq sistemə hazırlaşmalıyıq. Amma biz müəyyən hazırlıq işləri görürük: partiya üzvləri ilə ünsiyyət qururuq, kriteriyaları müəyyənləşdiririk, parlamentdə iştirakımızı artırmaq üçün seçki kampaniyası zamanı qaldırıla biləcək mövzuların axtarışı ilə bağlı ölkədəki vəziyyəti öyrənirik”, – deyə o bildirib.

Prezident Administrasiyası ilə dialoqu bəllidir ki, təkcə İlqar Məmmədov aparmırdı. Başqa müxalifət partiyalarının sədrləri də PA-nın şöbə müdiri Ədalət Vəliyevlə görüşlər keçirib, dialoq aparıblar. Bəs onlarla da İlqar Məmmədovun qeyd etdiyi məsələlərlə bağlı danışıqlar olubmu və vədlər verilibmi?

Tural Abbaslı: Navalnı Qərbin bir projesidir - "İki sahil"

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Prezident Administrasiyasının müvafiq şöbəsi ilə danışıqlar olub və ünsiyyət indi də davam edir: “İlk görüşdən biz bir çox məsələlər barədə öz fikirlərimizi, gözləntilərimizi və Azərbaycanın inkişafı üçün atılmalı olan faydalı bildiyimiz addımların nədən ibarət olduğunu bildirimişik, müzakirə etmişik, öz arqumentlərimizi çatdırmışıq. Təbii ki, qarşı tərəf də öz mövqeyini, arqumentlərini bildirib. Amma bəzi məsələlər var ki, o məsələlərlə bağlı ümumi ortaq razılıqlar olub. Bu məsələlərin hansı dərəcədə müzakirə olunduğu, kimin nə dediyi barədə detallara varmaq istəmirəm. Azərbaycanda siyasi reallıqlar çox sürətlə dəyişir. O baxımdan da bizim hansısa xüsusi gözləntilərimiz yoxdur. Yaxud da bizə konkret vəd verilməyib ki, məsələn, Seçki Məcəlləsində filan dəyişiklik olacaq. Biz şübhəsiz görüşlərimizdə Seçki Məcəlləsində dəyişikliklərin vacibliyini, proporsional seçki sisteminin bərpasının vacibliyini qeyd eləmişik. Eyni zamanda partiyaların rolunun gücləndirilməsi üçün təkliflərimiz olmuşdu. O təkliflər yeni qanunda nəzərdə tutulmalı idi, lakin təəssüf ki, həmin təkliflər nəzərə alınmadı. Həmçinin seçkilərlə bağlı müzakirələrimiz olub. Biz öz mövqeyimizi ortaya qoymuşuq. Hakimiyyət rəsmisi də öz mövqelərinin nədən ibarət olduğunu ifadə edib. Mən indi hakimiyyətin yerinə deyə bilmərəm ki, onlar indiyə qədər keçirdiyimiz danışıqlardan nə nəticəyə, nə qərara gəliblər və nəyi planlaşdırırlar. Biz özümüzün təkliflərimizin nədən ibarət olduğu, gözləntilərimiz barədə danışa bilərik. Onların da bir qismini ifadə etdim. Bizə konkret vəd verilməyib ki, konkret filan məsələlər həll olunacaq. Apardığımız danışıqlarda nə biz öhdəlik götürmüşük, nə də hakimiyyət rəsmiləri öhdəlik götürüb. Ümumi fikir mübadiləsi, qarşılıqlı dialoq olub”.

Arzuxan Əlizadə: “Azərbaycan bu situasiyadan məharətlə istifadə etməlidir”

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, indiyə qədər hakimiyyət təmsilçiləri ilə keçirilən görüşlərdə müzakirə olunan məsələlərdən biri proporsional seçki sisteminin bərpası, seçkilər keçirilməsi olub. Müxalifət partiyası olaraq bu barədə təkliflər irəli sürülüb: “Biz ilk vaxtlardan proporsional seçki sisteminin ləğv olunmasının düzgün olmadığını bəyan etmişik. Mütəmadi olaraq da demişik ki, bu seçki sistemi olmayan ölkədə partiyalaşma institutunun inkişafın mümkün deyil. Proqnozlarımız da özünü doğrultdu. Siyasi partiyaların inkişafını istəyiriksə, proporsional seçki sistemi bərpa olunmalıdır. Biz görüşlərdə bu barədə təkliflərimizi irəli sürmüşük. Biz yazılı təkliflərimizi də vermişik. Siyasi islahatların həyata keçirilməsini nəzərdə tutan təkliflər paketi təqdim eləmişik. Milli Məclis üzvlərinin say tərkibinin artırılması təklifini də irəli sürmüşük. İrəli sürdüyümüz təliflər özündə konstitusion dəyişiklikləri ehtiva etdiyi üçün mütləq mənada referendumun keçirilməsinə ehtiyac var. Gözləntilərimiz ondan ibarətdir ki, “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun olaraq növbəti dəfə qeydiyyatdan keçdikdən sonrakı dövr üçün ölkədə referendumun zərurəti olacaq. Çünki ölkə Prezident də bəyan edib ki, həm siyasi sferada islahatlara gedilməlidir, eyni zamanda icra strukturlarının fərqli formatda müəyyənləşməsi üçün də islahatlara gedilməlidir. Biz gözləyirik ki, ya bütövlükdə proporsional seçki sisteminə keçid olsun, ya qarışıq seçki sisteminə keçilsin. Vədlərə gəldikdə isə təbii ki, heç kim bizə vəd verməyib. Keçirdiyimiz görüşlər hər zaman şəffaf olub, ictimaiyyətə məlumat verilib. Biz təkliflərimizi görüşlərdə irəli sürmüşük. Amma hansısa vədin verilməsindən söhbət gedə bilməz. Danışıqlarda hansısa vədlərin verilməsi və həmin vədlərə uyğun da addımların atılması məsələsi olmayıb. Təkliflərimizi təqdim etmişik. Təkliflərimiz istiqamətində addımlar atılması isə hakimiyyətin səlahiyyətində olduğu səbəbindən gözləntilərimiz var”.      

Etibar SEYİDAĞA,
“Yeni Müsavt