NIPA-30

Əliyev Ermənistanın son 30 ildəki vəziyyətini özlərindən çox dərin təhlil etdi…

Arzuxan Əlizadə: “Bu dəfə də Ermənistan əvvəlki səhvləri təkrarlasa, nəticəsi onlar üçün daha ağır olacaq”

“Otuz illik işğal onlara (Ermənistana) heç bir üstünlük vermədi”. Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən konfransda sualları cavablandırarkən deyib.

Ölkə başçısının sözlərinə görə, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər: “Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuz illik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər”.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Ermənistan bu dəfə də mövcud vəziyyəti düzgün dəyərləndirməsə, daha böyük itkilərlə üzləşəcək: “Bəli, onlar 30 ildə çox şeydən məhrum oldular. Ermənistan apardığı işğalçılıq siyasəti üzündən regiondakı böyük layihələrdən məhrum oldu. Həyata keçirilən neft və qaz kəmərləri Ermənistandan yan keçdi. O cümlədən, regionda yeni dəmir yol xətləri çəkildi və dünya ticarət yolları ilə inteqrasiya edildi. Bütün bunların nəticəsində Ermənistan milyardlarla vəsait itirdi. Bu da öz növbəsində Ermənistanın daha da yoxsullaşmasına, əhalinin ölkəni tərk etməsinə gətirib çıxardı. Digər tərəfdən, Ermənistan himayədarları hesabına Azərbaycanın 20 faiz ərazisini işğal etsə də, ötən 30 il ərzində bunu legitimləşdirə bilmədi. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Ermənistan heç özü cəsarət etmədi ki, separatçıların “müstəqilliyini” tanısın. Ermənistan hesab edirdi ki, işğal müddəti uzandıqca, BMT-nin 4 qətnaməsi kağız üzərində qaldıqca, zaman onların xeyrinə işləyəcək. Son nəticədə Azərbaycan işğalın nəticələrini tanımağa məcbur olacaq. Ancaq 44 günlük Vətən müharibəsi bütün dəngələri, 30 illik status-kvonu darmadağın etdi. Azərbaycan nəinki ətraf 7 rayonu, Qarabağın əhəmiyyətli hissəsini işğaldan azad etdi. Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmaqla, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prosesini başa çatdırdı. Bu olduqca vacib hadisə idi və Ermənistan bunun baş verəcəyini gözləmirdi. Hesab edirdilər ki, Rusiya buna imkan verməyəcək. Ancaq bu baş vermədi və Rusiya formal bəyanat verməklə bunun üstündən keçdi. O üzdən, bu dəfə də Ermənistan əvvəlki səhvləri təkrarlasa, nəticəsi onlar üçün daha ağır olacaq”.

Vidadi ORDAHALLI

baki-xeber.com