NIPA-30

Ermənistan yeni ağa axtarışında: Yenə dalana dirənəcək 

“Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar”. 

Bu fikirləri Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib. 

Göründüyü kimi, Azərbaycanın Qarabağla bağlı mövqeyi sabit olaraq qalır. Məqsəd bölgədə daimi sülhün əldə olunmasıdır. Bu baxımdan, Azərbaycan bu ilin sonuna qədər sülh prosesinin yekunlaşması üçün Ermənistana şans verdiyini bəyan edib. Amma Ermənistan havadarlarına güvənərək Azərbaycana qarşı hər hansısa qeyri-konstruktiv addım atarsa, cəzasını ağır ödəyəcək. Görünən odur ki, İrəvan özünə yeni havadarlar taparaq prosesi yubatmağa çalışır.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın yürütdüyü işğal siyasəti ilk növbədə elə özünə ziyan vurur: 

“Əgər Ermənistan bu cür işğalçılıq mövqeyindən çıxış etməsəydi regionda fərqli vəziyyət yarana bilərdi. Faktiki olaraq, 30 il ərzində region iflic vəziyyətinə salındı. Bu, işğal altında olan ərazilərimiz sıradan çıxarıldı, infrastruktur dağıdıldı və kommunikasiya xətləri tamamilə pozuldu. İndi ona görə də infrastrukturun yenilənməsinə ehtiyac yaranıb. Bu region elə bir regiondur ki, burada kommunikasiya xətlərinin normal inkişaf vəziyyətindən bir çox ölkələr yararlana bilərlər. Həmçinin, Avropa və Asiyanı bir-birinə bağlayan “ipək yolu” da buradan keçir. 

Əgər rəsmi İrəvan işğalçılıq siyasəti yürütməsəydi və kommunikasiyalar pozulmasaydı, Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstan yaranmış münbit şəraitdən yararlana bilərdilər. Əslində onlar belə siyasət yürütməsəydilər, neft-qaz kəmərləri Gürcüstandan deyil, elə Ermənistanın üzərindən gedərdi. Yəni daha qısa yol olaraq Ermənistandan keçməklə bu layihələri reallaşdırmaq olardı.

Lakin Ermənistan bundan yararlanmadı və özünü təcrid etdi. Azərbaycan Prezidenti İlham Əliyev tamamilə doğru deyir. Ermənistan özünü elə bir vəziyyətə saldı ki, bu gün ağa axtarmaq məcburiyyətində qalıb. Gah İranın, gah Rusiyanın, gah da Qərbin havadarlığına belə bağlayıb. Onsuz da Ermənistan vaxtilə qondarma dövlət olaraq formalaşdırılıb. Bəzi dövlətlər, xüsusilə Rusiya bundan istifadə edib. Kreml Ermənistandan həm islam, həm də türk dünyasına qarşı istifadə edib”. 

Partiya sədri diqqətə çatdırıb ki, indi də Qərb dünyası bu prosesdə Ermənistandan istifadə etməyi hədəfləyir: 

“Ona görə də ermənilərə müəyyən jestlər edirlər. Onlar özləri də nəhayət ki, bunu başa düşməlidirlər. Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açılması Ermənistanın özünə də iqtisadi dvidentlər qazandıracaq. Onsuz da biz qarşımıza qoyduğumuz layihələri reallaşdıracağıq. Zəngəzur dəhlizi və digər layihələrlə bağlı Azərbaycanın mövqeyi ortadadır. İrəvan bu məsələlər “hə” desə də, deməsə də, bu layihələr reallaşacaq. 

Sadəcə olaraq, Ermənistanın bu prosesdə iştirakı ona görə arzuolunandır ki, proses daha ağrısız başa gəlsin və regionda sabitlik mühiti formalaşsın. Regionda iqtisadi və siyasi marağı olan digər güclər burada oyunçuya çevrilməməlidirlər. Onlar regionda sabitliyə və dayanıqlılığa hər hansısa formada mənfi təsir edə bilməməlidirlər”. 

Elmir Mustafa 
Cebhe.info