NIPA-30

Arzuxan Əlizadə: “Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirmək fikrində deyil”

Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən sonra erməni rəsmiləri görüşün nəticələrini yanlış formada təqdim edirlər.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan Brüsseldə “Azərbaycanın anklavlarının ona qaytarılması məsələsi qaldırıldımı” sualına cavabında deyib ki, nə əvvəllər, nə də indi bununla bağlı hər hansı diskussiya barədə eşitməyib. Eyni zamanda, o hesab edir ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çəkilməsi deməkdir”.

Daha sonra erməni rəsmisi bunları əlavə edib: “Regional kommunikasiyaların açılması çərçivəsində yolların tikintisinə gəlincə, Ermənistan həmin kommunikasiyaların statusuna dəqiq zəmanətlər almalıdır. Kommunikasiyaların açılması çərçivəsində respublika ərazisindən keçəcək yollar yalnız Ermənistanın yurisdiksiyası altında olmalıdır. Və yalnız dəqiq zəmanətlər alındıqdan sonra tikinti işlərinin başlanmasından danışmaq olar”.

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Ermənistan faktiki olaraq Brüsseldə əldə olunan son razılaşmaları sobataj etməklə məşğuldur: “Bunu hansısa erməni siyasi eksperti desəydi, buna əhəmiyyət verməmək olardı. Hesab etmək olardı ki, bu onun subyektiv yanaşmasıdır. Ancaq bunu Ermənistan XİN təmsilçisi deyirsə, bu artıq rəsmi yanaşma anlamına gəlir. Xüsusən də görünən odur ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirmək fikrində deyil. Erməni rəsmilərinin eyhamları buna işarədir. Məsələ ondadır ki, 2020-ci ilin 10 noyabr razılaşmasında Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması öz əksini tapıb. Bu o deməkdir ki, həmin yol eksterritorial statusa malik olacaq. Yəni yola nəzarəti Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidməti təmin edəcək. Müharibə yekunlaşanda Ermənistan rəhbərliyi bununla bağlı öhdəlik götürsə də, indi hər vasitə ilə bundan yayınmağa çalışır. Reallıq bunu göstərir. Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərindən yayınması təsadüfü deyil. Bu məsələdə Paşinyan hakimiyyəti Qərbdən gizli dəstək alır. Biz bu amili heç vaxt nəzərdən qaçırmamalıyıq. Məsələ ondadır ki, Qərb Zəngəzur dəhlizinə Rusiya FTX-sinin nəzarət etməsini istəmir. Bax, Ermənistan Qərbdən bununla bağlı dəstək aldığı üçün belə cəsarətlənib. Hər dəfə bəyan edirlər ki, kommunikasiyaların açılması çərçivəsində keçəcək yollar yalnız Ermənistanın yurisdiksiyası altında olmalıdır. Özü də bunu son dövrlər daha tez-tez bəyan edirlər. Üstəlik, İranın Zəngəzur dəhlizinə qarşı olan mövqeyi də Ermənistan hakimiyyətini daha da ruhlandırır. Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi ilə bağlı geri çəkilmək niyyətində deyil”.

Vidadi ORDAHALLI

baki-xeber.com